Sabir Rüstəmxanlı: “Böyük Avrasiya türkün coğrafiyasıdır və burada yaşayan xalqların qarşılıqlı münasibətlərinin genişlənməlidir”

by Samir Asadli

“Türk dövlətlərinin bir araya gəlmək və Türk Dövlətləri Birliyi yaratmaq istiqamətində atdığı addımların real nəticəsində artıq Mərkəzi Asiya ölkələrinin Azərbaycana marağı artıb”.

Bu sözləri Yenicag.az-la söhbətində Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı deyib.

O, Qırğızıstan prezidenti Sadır Japarovun Azərbaycana səfəri çərçivəsində türk dövlətlərinin ölkəmizə olan marağını şərh edib.

S. Rüstəmxanlı düşünür ki, sözügedən səfərlər getdikcə intensivləşəcək və tərəflər bir-birini ziyarət edib tez-tez görüşəcəklər:

“Bu, qaçılmazdır, çünki dünyada gedən proseslər onu göstərir ki, müsəlman-türk ölkələrini əzmək istəyən köhnə səlib dünyasının qarşısında birləşməkdən başqa yol yoxdur. Bizim taleyimiz, tariximiz birdir, bir-birimizi başa düşürük.

Onsuz da bizim uzun müddət bir araya gəlmək arzumuz olub. Hələ türk dünyasının bir hissəsi Rusiyanın tərkibindədir. Tatarıstan, Başqırdıstan, Çuvaşıstan, Yakutiya – Böyük Avrasiya türkün coğrafiyasıdır və burada yaşayan xalqların qarşılıqlı münasibətlərinin genişlənməsi, bir-birinin mədəniyyətini və tarixini öyrənmək, güclərini birləşdirmək, gələcəkdə eyni iqtisadi zonaya çevrilmək prioritet məsələdir”, – deyə o əlavə edib.

VHP sədri xatırladıb ki, bununla bağlı müəyyən addımlar atılıb, TÜRKSOY, Türk Parlament Asssambleyası, TDT və s. qurumlar yaranıb:
“Sözsüz ki, qarşılıqlı əlaqələr və inteqrasiya prosesi daha da genişləndirilə bilər. Ona görə də bu səfərlərə təbii baxıram və güman edirəm ki, bunun bölgəyə xeyri böyükdür. Digər yandan isə Azərbaycanın Qarabağda separatçı rejimi məhv etməsi, ermənilərin könüllü şəkildə oradan getməsi, həmin şeytan ocağına ümid bəsləyənlərin ümidlərinin qırılması Azərbaycanın dünyadakı beynəlxalq nüfuzunu gücləndirir. Baxmayaraq ki, bizə qarşı ermənipərəst qüvvələr əks-təbliğat aparsalar da, ermənilərin başlarını sığallayıb ciblərinə silah soxsalar da, təsiri yoxdur, çünki Azərbaycanın nüfuzu get-gedə artır.

Rusiya sülhməramlılarının Qarabağdan çıxması, 4 kəndin geri qaytarılması, Azərbaycanın mövcud sərhədlərinin tanınması, sərhədlərin müəyyənləşdirilməsi və sülh müqaviləsinə hazırlıq Azərbaycanın son 4 ildə apardığı uğurlu siyasətin və fəal diplomatik addımların nəticəsidir”.

Xatırladaq ki, Qırğızıstan hökumətinin Ağdam rayonunda məktəb inşa etdirməsi planından daha öncə Qazaxıstan və Özbəkistan tərəfindən Füzulidə Kurmanqazı Yaradıcılıq Mərkəzi və Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb tikilərək istifadəyə verilib.

Rafi Müslümov

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK