Sabir Rüstəmxanlı: “İran rejiminin məqsədi budur ki, azərbaycanlılar öz torpaqlarından köçüb başqa yerlərə, xaricə getsin”

by Samir Asadli

Cənubi Azərbaycanda bir neçə gün öncə baş verən zəlzələ zamanı evləri dağılan, küçələrdə qalan soydaşlarımıza molla rejimi divan tutur. Onlara heç bir yardım edilmir, müvəqqəti olaraq harasa yerləşdirilmirlər, ac-yalavac qarlı-şaxtalı günlərdə küçələrdə qalıblar.

Ən dəhşətlisi odur ki, İran rejimi soydaşlarımıza yardım göstərmək istəyən beynəlxalq təşkilatlara da rədd cavabı verir.

İran Qızıl Aypara Cəmiyyəti Cənubi Azərbaycanda – Xoyda baş verən zəlzələ nəticəsində zərərçəkənlərə yardımla bağlı Türkiyənin Qızıl Aypara Cəmiyyətinin təklifini qəbul etməyib.

Bu barədə Türkiyə Qızılay Cəmiyyətinin başqanı Kərəm Kınık məlumat verib.

“Zəlzələdən sonra dərhal yardım təklifimizi onlara çatdırdıq. Ancaq zəlzələnin öhdəsindən gələ biləcək qədər imkanları olduğunu ifadə edərək bizlərə təşəkkür etdilər”, – deyə Kərəm Kınık öz twitter səhifəsində yazıb.

 

DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı isə qeyd edib ki, Xoy zəlzələsindən sonra ona ətrafında olan gənclər, o cümlədən güneylilər müraciət edirlər ki, orada əziyyət çəkənlər üçün bir hesab açılsın, yardım kampaniyasına başlanılsın: “Bildirim ki, camaatımız da buna hazırdır və artıq xeyli insandan xeyriyyə təklifləri gəlir. Müraciət edənlər istəyirlər ki, etibarlılıq baxımından həmin hesab mənim adıma olsun, lakin sözün düzü, mən buna razılıq vermədim. Çünki nə qədər bu məsələyə ciddi şəkildə nəzarət olunsa belə, camaatımızın psixologiyasına bələdəm, peyğəmbər övladı olsan belə, adına bu cür hesab açılsa günün birində deyəcəklər ki, filankəs bu faciədən istifadə edib, adına  hesab açıb və sairə. Çox təəssüf ki, bu bizim çox ağrılı, insanı incidən bir məsələdir. İndi bu prosesin üzərində işləyirik ki, görək hansı şəkildə yardım kampaniyasına başlamaq olar.

Qeyd edim ki, bugünlərdə Əlcəzairdə İslam Ölkələri  Parlament İttifaqının yığıncağında idik. Azərbaycan parlamentinin sədri Sahibə Qafarova çox parlaq bir çıxış etdi və çıxışının sonunda İranın Azərbaycan səfirliyinə hücumunu, terror aktını pislədi və bu ölkənin Azərbaycana qarşı münasibətini açıqladı. Amma tək Azərbaycan  deyil, bizdən sonra çıxış edən Yəmən, Oman nümayəndələri də İran siyasətini pislədi, ondan narazılıqlarını bildirdilər. Yəni artıq İslam aləmində İran kimliyi açıq-aşkar məlumdur. Onsuz da bu məlum idi, lakin indi daha da bilinir ki, İran İslam dünyasını parçalayan əsas qüvvədir və bu da onun sonunu gətirəcək.

İran rejiminin Xoy zəlzələsi ilə bağlı davranışı azərbaycanlılara qarşı apardığı siyasətin bir görüntüsüdür. Vaxtilə ötən əsrin 90-cı illərində Ərdəbil ətrafında, kəndlərində böyük bir zəlzələ olmuşdu. Həmin vaxt  millət vəkili olaraq yardım məqsədilə Ərdəbilə getmişdim. Gedib gördüm ki, azərbaycanlı türklər qazmalarda yaşayırlar. Zəlzələ həmin qazmaları dağıtmışdı. Hətta bir qədər sevindim ki, zəlzələ bu qazmaları dağıdıb, heç olmasa onların yerinə insanlara qırmızı kərpicdən 1-2 otaqlı evlər tikilər. Amma bu olmadı. İran rejimi heç vaxt imkan verməzdi ki, Güney Azərbaycan kəndlərində insanların normal şəkildə ev-eşiyi olsun. Birinci Qarabağ müharibəsindən sonra sərhədə yaxın olan Qarabağ ərazisindən damları söküb aparıb, evlərinə çardaqlar yaratdılar. O vaxta qədər evlərin  üstü köhnə Bakıda olduğu kimi qırlanırdı, nəticədə yayın istisində insanlar əziyyət çəkirdi.

Xoy zəlzələsi də onu göstərdi ki, onun kəndlərinin vəziyyəti Ərdəbilin kəndlərində olduğu kimidir. Azərbaycan kəndlərinə baxan yoxdur. İran rejimi bununla istəyir ki, azərbaycanlılar öz torpaqlarından köçüb başqa yerlərə, xaricə getsin. Ona görə də İran maraqlı deyil Xoy camaatına yardım etsin. Düşünür ki, azərbaycanlı türklər nə qədər əziyyət çəksə, faciə ilə üzləşsə, bir o qədər məqsədinə nail olar.

Bildiyiniz kimi, Urmiya gölü qəsdən qurudulur. Halbuki günün birində Urmiya gölü tam quruyarsa, onun yerində qalan milyardlarla ton duz nəinki bütün Güney Azərbaycana, həm də Quzey Azərbaycana yayıla bilər. Beləliklə, İranın planı, gizli niyyəti budur. Ona görə də Xoy zəlzələsi ilə bağlı apardığı siyasət məni heç də təəccübləndirmir”.

Xalidə Gəray,
“Yeni Müsavat”

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK