Sabir Rüstəmxanlı: “İranda olan bütün xalqların gücü birləşməlidir”

by Samir Asadli

Sabir Rüstəmxanlıİranda artıq 2 aydan çoxdur ki, molla rejimi əleyhinə mitinqlər keçirilir. İran rejiminə qarşı sanksiyaların tətbiqi də davam etdirilir. Belə ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi İranda Britaniya vətəndaşı Əlirza Əkbərinin edam edilməsindən sonra bu ölkənin baş prokuroru Məhəmməd Cəfər Montazeriyə sanksiya tətbiq etmək qərarına gəldiyini bildirib. Britaniya Xarici İşlər Nazirliyi məsələ ilə əlaqədar açıqlama verib. “Britaniya-İran vətəndaşı Əlirza Əkbərinin edam edilməsindən sonra Britaniya İranın baş prokuroruna qarşı sanksiya tətbiq edib. Əlirza Əkbəri İran rejimi tərəfindən edam edilib. İranın baş prokuroru Məhəmməd Cəfər Montazeri İran məhkəmə sisteminin ən güclü simalarından biridir, məhkəmə prosesi və ölüm hökmünün icrasına cavabdehdir”, – açıqlamada bildirilib.

Nazirlik sanksiyalara Montazerinin aktivlərinin dondurulmasını və Britaniyaya səyahət qadağasının daxil olduğunu vurğulayıb. Açıqlamada qeyd olunub ki, Britaniya İran rejimini məsuliyyətə cəlb etməyə davam edəcək.

Yeri gəlmişkən, İran parlamenti ictimai mədəniyyət şurası  yaradacaq. Onun səlahiyyətlərinə hicabın məcburi geyinilməsi məsələsinə baxmaq daxildir. İran parlamentinin mədəniyyət komitəsinin rəhbəri Qulamrza Montazeri bu barədə açıqlama verib: “İran parlamentinin Mədəniyyət komitəsində xüsusi olaraq hicabla bağlı məsələlərlə məşğul olmaq üçün işçi qrup təşkil edilib. Mədəniyyət məsələlərini müzakirə etmək üçün yaradılan İctimai Mədəniyyət Şurası hicab məsələsi ilə bağlı universal sxem hazırlayır. Qanunda aydın olmayan və ya qeyri-konstruktiv məqamlar varsa, biz parlamentdə kömək etməyə hazırıq”.

Bu arada, Güney Azərbaycan Milli Müqavimət Cəbhəsi Cənubi Azərbaycanın bütün şəhərlərində divarlara posterlər yapışdırmağa başlayıb. Şair və yazıçı, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruzun Musavat.com-a verdiyi məlumata görə, etirazçılar İran dövlətinə son fürsəti verib. “Azərbaycan dili, Urmiya gölünün qurudulması və s. məsələlərlə bağlı. Əgər son fürsətdə İran dövləti Azərbaycan xalqının maraqlarını təmin etməsə, Cənubi Azərbaycanda kütləvi şəkildə etirazlara start veriləcək”, – S. Aruz bildirib.

Dünya Azərbaycanlılaı Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlı “Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini belə izah edib: “Azərbaycan Milli Müqavimət Cəbhəsində kimlər var, nə işlərlə məşğuldurlar, hansı planları var, o barədə məlumatım azdır. Bəlkə də çox iş görürlər, bizim xəbərimiz yoxdur. Dünya Azərbaycanlıları Konqresinin (DAK) fəaliyyəti soruşularsa, cavab verə bilərəm. Bizdə olduğu kimi, güneylilərin də təşkilatları, partiyaları bəzən iş görməkdənsə, işin pozulmasına xidmət edir. İndi mən bunu Milli Müqavimət Cəbhəsinə aid etmək istəmirəm. Amma ümumiyyətlə, yaxşı olardı ki, bütün bu müxtəlif təşkilatlar iş görmək istəyənləri xırda liderlik iddiaları ilə parçalanmalara yol verməsinlər. Əksinə bütün təşkilatlar bir araya gəlsinlər. Eyni düşüncədə olan adamların bir yerə toplaşması yaxşı olardı. Ümumiyyətlə, Güney Azərbaycanla bağlı həm diasporamızın, güneyli dostlarımızın  gördüyü işlərdən aldığım təəssürat, işlərin zəifliyi, istənilən nəticəni verməməsi hamımızı ağrıdır. Səbəbləri də göz qabağındadır. Təəssüf ki, bizim Avropada, Amerikada yaşayan güneylilər  gözəl adlar altında xırda qrupları birləşdiriblər və bir-birinə mane olurlar. Avropada, dünyada bizim xalqın haqqını çatdıran və müxtəlif beynəlxalq təşkilatlarla ardıcıl işləyən bir ciddi təşkilatımız yoxdur. Bunu etiraf etməliyik. DAK uzun illər bu sahədə səmərəli fəaliyyət göstərdi, indi də davam etdirir. Amma onlar 4-5 alternativ də yaratdılar. İmkan vermədilər ki, bu təşkilat normal fəaliyyət göstərsin. Müxtəlif adlarla, DAK-ın qurultayında “mən də DAK-ın yaradıcısıyam ” deyib hərəsi bir tərəfdən ayağa qalxdı. Bu cür çaşqınlıqla əslində İran rejiminə xidmət etdilər. O vaxt Azərbaycan üzərindən istəyirdilər ki, DAK-ı susdursunlar, DAK-ı Azərbaycandan kənarda işləyən bir təşkilata çevirsinlər. Hər halda, Azərbaycan Prezidentinin bir kəlməsi bu iddiaların üstündən xətt çəkdi və göstərdi ki, Güneydə baş verən hadisələr məhz Azərbaycanın da problemidir”.

Güneydə posterlərin vurulmasına gəlincə, millət vəkili dedi ki, oradakı hərəkatların içərisində öz liderləri var, öz tanınmış şəxsləri var: “İranda gedən proseslərin Güney Azərbaycanda dəstəklənməsi daxildəki qüvvələrin və onlara xaricdən dəstək verən bizim ayıq diaspor təşkilatlarının ümumi razılığı ilə olur. Hər halda, bütün güc ortaya qoyulmadı. Bunun səbəbləri çoxdur. Bir səbəbi odur ki, həmişə hərəkatlar bizdən başlayıb. “Səttar xan”, “Xiyabanı”, “Pişəvəri” hərəkatları da Güney Azərbaycandan başlayıb. Sonra da bütün qüvvələr xəyanət ediblər, Güney Azərbaycan düşmən qoşunu ilə təkbətək qalıb. Bu hərəkatlar da məğlubiyyətlə nəticələnib. Liderlərimiz, seçilmiş adamlarımız asılıb, vəhşiliklə qətlə yetiriliblər. Hərəkatdan başqa hədəfə keçiblər. Məsələ burasındadır ki, İrana başçılıq edən insanların çoxu bu gün elə türkdür. Güney azərbaycanlıların bir qismi hesab edir ki, İrana başçılıq edənlər bizim adamlardır. Onların da təbii qohum-əqrəbaları var, bu hərəkatın Azərbaycana yayılmasına bir əngəl olur. İranda əsas məsələ rejimin dəyişilməsidir. Bu, təkcə azərbaycanlıların, türklərin istəyi ilə həll olunan məsələ deyil. İranda cahillik, adamları qorxutmaq kimi insanlığa sığmayan cəza üsulları çoxdur. İnsanlar bir daha aldanmaq istəmir. Ona görə də İranda olan bütün xalqların gücü birləşməlidir. Bir yerdə bu rejimin dəyişilməsi haqqında mübarizə aparılmalıdır. Bu yolun zəruri olduğunu İranda artıq hər kəs başa düşür. Rejimin getməsi bu gün zəruridir. Eyni zamanda bu gün Güneydə müqavimətdən daha çox dirçəlişdən söz getməlidir. Müqavimət burada gedən proseslərin mahiyyətini həll etmir. Nə qədər müqavimət göstəririk, amma ortada nəticə yoxdur. O cümlədən, dirçəlişdən, milli aktların bərpa olunmasından söhbət getməlidir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK