Siyasi şərhçi Sadiq İsabəyli Amerikanın Səsinə müsahibədə Urmiyə gölündə yaşanan ekoloji fəlakətlə bağlı İran Azərbaycanı və xaricdə yaşayan milli fəalların təşkil etdiyi etirazlar və maarifləndirmə kampaniyalarını şərh edib.
“Zaman-zaman ciddi etirazlar olub. Bilgilər yayılıb. İnsanları maarifləndirmək üçün işlər görülüb. Etiraz kampaniyaları olub. Bir çox milli fəalımız, ətraf mühitlə bağlı fəaliyyət göstərənlər, tanınmış şəxsiyyətlərimiz sırf Urmiyə gölü ilə bağlı fəaliyyət göstərdikləri üçün təhdid olunub, həbs olunublar,” İsabəyli deyib.
O, keçən günlər İran Azərbaycanının fərqli şəhərlərində siyasi və ictimai fəalların kəşfiyyat şöbələrinə çağırılmasına diqqət çəkərək deyib ki, “Urmiyə gölü məsələsi siyasi anlam daşımamalıdır. Təhlükəsizlik anlamı daşımamalıdır. Amma buna rəğmən milli fəal yoxdur ki, təhdid telefonu almasın. Elə bu günlərdə görürük ki, kəşfiyyat idarəsi milli fəallara zəng edir. Baxmayaraq ki, əlində qərar olmadan onların haqqı yoxdur ki, zəng edib fəallardan tələb etsinlər ki, sən Urmu gölü ilə bağlı etiraza çıxmısan və ya hər hansı bir məsələni Urmiyə gölü ilə bağlı sosial mediada yaymısan, ona görə də gəlib kəşfiyyat idarəsində cavam verməlisən.”
Sadiq İsabəyli Urmiyə gölü ilə bağlı fəaliyyətlərdə davamlılığın önəmli olduğunu vurğulayır. O hesab edir ki, davamlılığın təmin olunması üçün xaricdə fəaliyyət göstərən siyasi qüvvələr daxildəki fəallar ilə koordinasiyalı bir şəkildə çalışmalıdırlar.
“Siyasi təşkilatların fəliyyətləri və çağırışları içəridəki şəraitə uyğun olmalıdır. Proseslərdə içəridə olan milli fəalların qərarları nəzərə alınmalıdır. Orada rejimin və ya rejimin əli altında olan bəzi qüvvələrin o proseslərə girməsi əngəllənməlidir. Bu proseslər düzgün şəkildə aparılmayanda bir sıra təşkilatlar öz təşkilat maraqları üçün bir çağırış verirlər… İçəridə normal və açıq təşkilatlanma prosesinin getməsinə imkan verilmir. Buna görə, xaricdə fəaliyyət göstərən bəzi təşkilatlarımız içəridəki proseslə koordinasiya etmədən çağırışlar versələr, bunun bədəlini içəriyə ödədirlər. Digər tərəfdən də biz görürük ki, millət o prosesin davamlılığını təmin etməkdə problemlər ilə qarşı-qarşıya gəlir”, siyasi fəal bildirib.
O əlavə edib ki, “hər hansı bir təşkilat sadəcə siyasi dividentlər və siyasi-maddi imtiyazlar və ya kimsələrəsə xoş olsun deyə bir işə girərlərsə və bunu koordinasiya etmədən edərlərsə bunun ziyanı xeyrindən qat-qat çox olar və bədəlini də içəri ödəyər”.
Sadiq İsabəylu Urmiyə gölü ilə bağlı kampaniyalarda maarifləndirmə fəaliyyətlərinin xüsusi önəm daşıdığını önə çəkir. Onun sözlərinə görə, “bunun davamlılığı üçün dərin maarifləndirmə fəaliyyəti lazimdir. Bu, asan deyil, çünki, bir çox maneələr ilə qarşılaşır. Amma biz görürük ki, bizim milli fəallarımız son aylarda hər tərəfli çalışırlar. Məsələn, Urmiyə gölü ilə bağlı sənətkarlarımız musiqi ilə, rəsm ilə, milli fəallarımız şüarları ilə, şairlərimiz şeirləri ilə özlərini ifadə edirlər”.
VOA Azerbaijan