
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a deyib ki, Güney Qafqazla bağlı həm Qərb, həm də Rusiya öz diplomatik fəallığını artırıb. Partiya təmsilçisi vurğulayıb ki, iki geosiyasi güc mərkəzi arasında açıq rəqabət elementləri sezilməkdədir: “Sanki Qarabağ uğrunda diplomatik yarış başlayıb. Bunun bölgədə daimi sülh və əməkdaşlığa nə dərəcədə töhfə verəcəyini yəqin ki, tezliklə biləcəyik. Hər halda, tərəflərin regionla bağlı maraqları heç də üst-üstə düşmür. Xüsusən, Ukrayna olayları fonunda Rusiya Qərbi, Qərb isə Rusiyanı bölgədən vurub çıxarmaq istəyir. Azərbaycan üçün isə ən önəmlisi istər Qərbin, özəlliklə də ABŞ-nin, istərsə də Rusiyanın ölkəmizin ərazi bütövlüyü və suverenliyinə eyni sayğını göstərməsidir. Bölgədə daimi sülh və əməkdaşlıq mühitinin bərqərar olması üçün isə ən əvvəl kapitulyant ölkəyə götürdüyü yazılı öhdəliklərə əməl eləmək yönündə təzyiqlər edilməlidir. Əgər bunu ABŞ, Avropa İttifaqı və Rusiya edəcəksə, çox yaxşı. Ermənistan rəhbərliyinin nə dərəcədə konstruktiv mövqe sərgiləməsindən də az şey asılı deyil. Əfsus ki, rəsmi İrəvan iki güc mərkəzinin rəqabətindən daha çox vaxt uzatmaq, “iki stul” siyasəti aparmaqla böyük sülhü ləngitmək üçün faydalanmağa çalışır. Bu isə çox təhlükəlidir. Çünki bu dəfə Ermənistanın özü hərb meydanına çevrilə bilər. Odur ki, seçim böyük ölçüdə erməni tərəfinindir. Daha bir səhv erməni xalqına olduqca baha başa gələcək”.