Samir Adıgözəlli: “İRANIN NARKOTİK ÜZƏRİNDƏN AZƏRBAYCANA HƏMLƏLƏRİ YENİ DEYİL…

by Samir Asadli

İran adlanan ölkənin Azərbaycan vətəndaşlarına qarşı həyata keçirdiyi məkrli planların üstü açıldıqca çox dəhşətli mənzərələrlə qarşılaşırıq.

Boyukmillet.com xəbər verir ki, gənc qızlar da daxil olmaqla, Azərbaycan vətəndaşlarını narkokuryerliyə cəlb edən şəxslərin yaxalanması halları baş verir. Çox təəssüflər olsun ki, vətəndaşlarımız arasında bəzi şəxslər İranın narkotik üzərində qurduğu casus şəbəkəsinin toruna düşürlər.

Məlum olduğu kimi, polis bu dəstələri yaxalayır və zərərsizləşdirir.

Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövruiyyəsi ilə məşğul olan Sumqayıt şəhər sakini Ramilə Qurbanova saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə – heroin aşkar edilib. Ramilə Qurbanova heroini Emil adlı tanışından aldığını və onun göstərişi ilə narkokuryerliyə cəlb olunduğunu bildirib.

İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərinin davamı olaraq Ramilə Qurbanovaya narkotik vasitələr satan Salyan rayon sakini Emil Hacıyev də qısa zamanda Səbail rayonu ərazisində saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən və yaşadığı evdən 2 kiloqrama yaxın heroin, metamfetamin, 15 kiloqram marixuana, 56 ədəd psixotrop tərkibli metadon, həmçinin preqabalin həbi, narkotik vasitələrin satışı və istifadəsi üçün nəzərdə tutulan 3 ədəd elektron tərəzi, bank kartları, qeyd dəftərçələri, narkotiklərin onlayn satışı ilə məşğul olduğunu sübut edən qəbzlər və sair maddi sübutlar aşkar edilib. Emil Hacıyev paytaxt ərazisində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib. O, narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu “Əsgər” adlı İran vətəndaşından aldığını və həmin şəxsin göstərişi ilə paytaxtda narkotik vasitələrin satışını təşkil etdiyini bildirib.

Aşkar edilən faktlarla bağlı Səbail Rayon Polis İdarəsində araşdırmalar davam edirilir. Səbail rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də ifşa edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.

Daha bir fakt isə Azərbaycan polisinin İranın casus şəbəkəsinə daha bir zərbə vurması və nəticədə 16 nəfəri həbs etməsidir. Belə ki, narkotik vasitələrin satışından maliyyələşərək Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətə cəlb edilən şəxslər polis əməkdaşları tərəfindən həbs edilib. Polis əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı 16 nəfər tutularaq istintaqa təhvil verilib.

Saxlanılan şəxslər dini anlayışı olmayan narkotik aludəçilərini başqa-başqa şəxslərin əli ilə yardım adı altında əməkdaşlığa cəlb edərək narkotik vasitələrin satışını təşkil etməklə “kərimə dövləti”nin əlaqələrini dərinləşdirməyə çalışıblar.

Əsasən İrandan idarə edilən dini-siyasi mərkəzlərin tapşırıqlarını yerinə yetirən şəxslərin məqsədi narkotik aludəçilərini, xurafata meylli şəxsləri öz çirkin niyyətlərinə alət etmək olub.

Polis tərəfindən ifşa olunan növbəti şəbəkə üzvlərinin əlaqələri, onların pozuculuq fəaliyyəti haqqında sosial şəbəkə hesablarında xeyli inkarolunmaz faktlar var.

Həmin şəxslər radikal əməllərini heç vaxt inkar etməyiblər, vətəndaşı olduqları ölkənin qanunlarına yox, özlərinə lider hesab etdikləri “ağanın qaydaları”na uyğun həyat tərzi sürüblər.

Son bir-iki gündə polisin apardığı əməliyyat nəticəsində həbs edilənlər özləri açıq etiraf edirlər ki, bu işin arxasında İran adlanan ölkə dayanır.

Görsənən odur ki, İran ölkəmizdə yeni “stil”ə keçib və narkokuryerlər vasitəsilə Azərbaycanda yeni agentura şəbəkəsi yaratmağa çalışır.

  • “Gənc qızların, qadınların pul müqabilində narkokuryerliyə cəlb edilməsi İranın məkrli planlarından biridir və bizi ciddi narahat edir”

İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, İranın narkotik üzərindən Azərbaycana həmlələri yeni deyil, uzun illərdir mövcuddur. “İran uzun illərdir ki, məqsədli şəkildə Azərbaycan gənclərinin zəhərlənməsi üçün çalışır. Bu ölkə müxtəlif tranzit yollarla Azərbaycana narkotik keçirilməsinə şərait yaradıb. Hətta başqa ölkələrdən gələn narkotikin İran vasitəsilə ölkəmizə keçirilməsinə də cəhdlər edilib.  Bilirsiz ki, dəfələrlə İrandan sərhədimizi keçmək istəyən narkotacirlər Dövlət Sərhəd Qoşunlarına (DXS) silahlı müqavimət də göstəriblər. Təbii ki, DSX-nın və DİN-in apardığı əməliyyatlar nəticəsində narkotacirlər zərərsizləşdirilib. Azərbaycanın aidiyyəti qurumları narkoticarətə qarşı çox ciddi mübarizə aparır. Narkotacirlər İran tərəfindən dövlət səviyyəsində himayə olunur. Biz o vaxt ifadə edə bilmirdik ki, bu məkrli hərəkatın arxasında İran müvafiq dövlət qurumları dayanır. İndi aydın şəkildə deyirik.

Fikir versəniz görərsiz ki, terror qruplaşmalarının, təşkilatlarının maliyyələşdirilməsində əsas yeri narkoticarət və silah alveri tutur. Bu baxımdan, İranın ölkəmizdə yeni casus şəbəki formalaşdırmaq niyyəti ortadadır və bunu narkokuryerlər vasitəsilə həyata keçirir. Tehran rejimi narkokuryerlərdən ibarət casus şəbəkəsi yaratmaqla Azərbaycanın daxilinə nüfuz etmək, cəmiyyətimizi parçalamaq istəyir. Biz çox İranın casus şəbəkəsinin Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən ifşa edildiyinin şahidi oluruq. Bu baxımdan, narkotik ticarətçilərini, narkokuryerləri hüquq-mühafzə orqanlarımız aşkarlayaraq məsuliyyətə cəlb edir”.

Azərbaycanın hüquq-mühafizə orqanlarının İranın bu cəhdlərinin qarşısını aldığını deyən S.Adıgözəlli qeyd etdi ki, müvafiq orqanlarımız narkotiklərlə mübarizədə son illər çox uğurlar əldə edib. Cəmiyyət tərəfindən də bu mübarizənin dəstəkləndiyini deyən S.Adıgözəlli qeyd etdi ki, sərhəd bölgələrindəki vətəndaşlarımız İranın bu həmlələrinə qarşı daha ayıq-sayıq olmalıdır. “Gənc qızların, qadınların pul müqabilində narkokuryerliyə cəlb edilməsi İranın məkrli planlarından biridir və bizi ciddi narahat edir. Bu prosesdə İranın xüsusi xidmət orqanlarının rolunun olması prosesi daha da mürəkkəbləşdirir. Əlbəttə, aidiyyəti qurumlar bu prosesi nəzarət altında saxlayır”-deyə S.Adıgözəlli qeyd etdi.

İSBAM sədri bildirdi ki, Vətən müharibəsindən əvvəl İran Azərbaycanın işğal altında olan torpaqlarında narkotik əkib-becərirdi, buradan narkotik ticarəti üçün istifadə edirdi, gələn pulla isə terrorçuları bəsləyirdi. Bu gün isə o imkanlar əlindən çıxdığından bu yola əl atır və narkotikdən asılı casus şəbəkəsi formalaşdıraraq öz çirkin məqsədlərinə naul olmaq istəyir. S.Adıgözəlli əlavə etdi ki, molla rejimi nə edirsə etsin, Azərbaycan polisi, eləcə də digər dövlət orqanlarımız onun məkrli planlarını məhv edəcək.

Əli TURABOV

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK