Gözəl xanəndə, Xalq artisti Sara Qədimovanın 102 yaşı tamam oldu. 1922-ci il mayın 31-də Bakıda dünyaya gəlsə də, əsli-kökü Qarabağdan – Ağdam rayonunun Gülablı obasından olduğu, uşaqlıq illəri orada keçdiyi, bir zərb-məsəldə deyildiyi kimi, körpəliyindən muğamat üstündə ağlayıb-güldüyü üçün musiqi onun qanına-canına hopmuşdu.
Sara atası ilə musiqi məclislərində iştirak edər, böyük sənətkarların– Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Xan Şuşinskinin ifalarını dinləyər, özü də sözlərini anasından öyrəndiyi mahnıları, muğamları oxuyardı. Onun istedadı görkəmli xanəndə Zülfü Adıgözəlovun nəzərindən yayınmadı və 16 yaşlı Saranı İbrahim Əbilov adına Mədəniyyət evinin musiqi dərnəyinə dəvət etdi.
1938-ci ildə özfəaliyyət kollektivlərinə baxış-müsabiqədə “Qatar” muğamını, ardınca “Gəlmə-gəlmə” xalq mahnısını elə məharətlə oxudu ki, Üzeyir Hacıbəyli kimi korifey sənətkar onun ifasına məftun oldu və gənc xanəndənin parlaq gələcəyinə inanaraq, Saranı böyük səhnəyə hazırlamağı Asəf Zeynallı adına Musiqi Məktəbinin müəllimi Hüseynqulu Sarabskiyə tapşırdı. Beləliklə, gənc istedad mükəmməl muğam ifaçısına çevrildi.
Sonra filarmoniyada solist kimi fəaliyyətə başlaması İkinci Dünya müharibəsi illərinə təsadüf etdiyindən Sara da cəbhə bölgələrində çıxış edir, musiqiləri ilə əsgərlərdə ruh yüksəkliyi yaradır, onları qələbəyə səsləyirdi. Sara xanım Üzeyir Hacıbəylinin Səməd Vurğunun “Şəfqət bacısı” şeirinə bəstələdiyi nəğməni cəbhədə azərbaycanlı əsgərlər üçün oxuması yaddaşlarda dərin iz buraxıb.
Yeri gəlmişkən, Səməd Vurğun da çox bəyənirdi Saranın səsini. Şair onun ifasında “Segah”ı dinləyərkən ruhunun dinclik tapdığını deyirdi. Məmməd Araz da onun səsinin vurğunu olub. Sara xanıma ünvanlanmış şeir yazaraq, onu Azərbaycan musiqisinin “ağ çiçəyi” adlandırıb.
Saraya qədər qadın xanəndələr, adətən, “Segah”, “Şahnaz” və “Qatar” muğamlarını, sadəcə, tələb olunan kimi oxumaqla kifayətlənərdilər, onunsa istedadı sərhəd tanımadığı üçün səsi bütün bəndi-bərəni qırıb keçir, sonsuzluqlara qədər yayılırdı. Özünə güvənərək “Rast”, “Mahur-hindi”, “Bayatı-Şiraz”, “Xaric segah”ı da böyük məharətlə ifa edir, “Şur dəstgahı” və “Çahargah” kimi mürəkkəb muğamların öhdəsindən hünərlə gəlməyi, böyük tamaşaçı rəğbəti qazanmağı, xalqın sevimlisi olmağı bacarırdı.
Bahar təravətli səsi olan Sara Qədimova bir yaz günü – may ayında doğulduğu kimi, elə həmin ayda da vəfat edib. O, Azərbaycan xalqının musiqi yaddaşında silinməz iz qoydu. Hər dəfə muğamdan söhbət düşəndə ustad sənətkarlarla yanaşı, onun da adı çəkilir, həzin, kövrək, yanıqlı ifaları xatırlanır. “Şöhrət” ordenli sənətkar Azərbaycana səsi ilə şöhrət gətirən öncüllərdən biri idi.
Zülfiyyə ZİYA