“Sarı gəlin”in izi ilə

by Samir Asadli

Bu yaxınlarda Nizami Kino Mərkəzində “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” layihəsi çərçivəsində araya-ərsəyə gəlmiş “Sarı gəlinin sorağında” sənədli filmi təqdim olunub. Tammetrajlı filmin süjet xətti məşhur xalq mahnısının mənşəyi, onun yaranma tarixçəsi ilə bağlı xalq arasında yaranmış rəvayətlərin, əfsanələrin üzərində qurulsa da, əsas məqsəd Qərbi Azərbaycan ərazisindəki maddi-mədəni irsin təbliğidir. 

Layihənin rəhbəri gənclik illərimizdən Sumqayıt ədəbi mühitində bir yerdə ol­duğum, şeirlərini və publisistikasını hər zaman maraqla oxuduğum Füzuli Sabi­roğludur. Onunla görüşümdə Etnoqrafiya və folklordan başlıca ideyaya nail olmaq üçün köməkçi vasitə kimi istifadə edilmiş filmin seyrçilərə olduqca xoş təəssürat bağışladığını söylədim və bir daha təb­riklərimi çatdırdım. Çay süfrəsi arxasında dostum mənə filmin çəkiliş prosesindən və ümumi ideyasından danışdı.

– “Qərbi Azərbaycan: maddi və mədə­ni irsimiz” layihəsi iki hissədən ibarətdir. Layihə çərçivəsində həm “Sarı gəlin”in sorağında tammetrajlı sənədli filmini, həm də “western-azerbaijan.az” saytını ərsəyə gətirdik. Həm film, həm də sayt Azərbaycan dili ilə yanaşı, ingilis və ermə­ni dillərində də təqdim olunacaq. İstə­yirik ki, Qərbi Azərbaycan torpaqlarındakı maddi-mədəni irsimizlə gənclərimizi tanış edək, bu mövzuya maraq göstərən xarici vətəndaşlara əzəli yurd yerlərindəki tarixi izlərimiz haqqında informasiya çatdıraq.

Filmdə 1930-cu illərdə İrəvanda tarixi abidələrimizin dağıdılması, yeni şəhər yaratmaq adı altında şəhərin məhv edil­məsi ilə bağlı kadrlar yer alıb. Filmin bədii səhnələrində Qıpçaq qızının (Sarı gəlin) obrazını Aytac Zeynalova, Oğuz igidi (Si­nan) obrazını isə İsmayıl Cəfərov can­landırıb. Filmdə həmçinin vaxtilə Qərbi Azərbaycanda yaşamış və işləmiş, orada mövcud olmuş Azərbaycan ədəbi-mədəni mühitinə, o ərazilərin tarixinə yaxından bələd olan, bu istiqamətdə araşdırmalar aparan tədqiqatçıların da fikirlərinə yer verilib. Həmçinin, 1930-cu illərə dair arxiv kadrlarından və Moskvadan əldə edilmiş materiallardan da istifadə etmişik.

Söhbət zamanı öyrəndim ki, ekran işi­nin çəkilişləri Bakıda, İsmayıllıda, Gədə­bəy və Kəlbəcərdə aparılıb. Füzuli müəl­lim dedi ki, quruluşçu rejissor Mübariz Nağıyev, quruluşçu operator Fahir Səmə­doğlu, prodüsser Əli İsa Cabbarovla bir­likdə çətin yaradlıcılıq işinin öhdəsindən layiqincə gəlməyə çalışıblar. Layihənin rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Bala­yevdir.

Yeni sayta glincə isə qələm dostum bunları bildirdi:

– Vətən müharibəsindəki möhtəşəm zəfərimizdən sonra Qərbi Azərbaycan mövzusu daha böyük aktuallıq qaza­nıb. Azərbaycan Prezidenti İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azər­baycandan olan ziyalılarla görüşündə tarixi torpaqlarımıza qayıdış konsepsi­yasının hazırlanmasının vacibliyini qeyd etdi. Bu baxımdan indiki Ermənistan adlanan tarixi Azərbaycan torpaqlarının, orada xalqımızın əsrlərlə yaratdığı mad­di-mədəni irs nümunələrimizin həm yeni nəslə tanıdılması, həm də bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması mühüm əhəmiyyət kəsb edir.

Sözügedən layihə Azərbaycan Res­publikasının Qeyri-Hökumət Təşkilatla­rına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən həyata keçirilir. Məramı­mız son 200 ildə ermənilər tərəfindən da­ğıdılmış maddi-mədəni irsimiz haqqında həqiqətləri müxtəlif dillərdə hazırlanmış saytın köməyi ilə – tarixi mənbələr, rəs­mi sənədlər, xəritələr, nadir foto və video materiallar, ikiölçülü və üçölçülü qrafik təsvirlər vasitəsilə dünyaya çatdırmaqdır.

Layihənin gələcəkdə daha da zən­ginləşdirilməsi nəzərdə tutulur. Qərbi Azərbaycan ərazilərinin inzibati və mə­dəni mərkəzi olan İrəvan şəhəri də daxil olmaqla, bütün mahallarda əcdadlarımı­zın yaratdığı qalalar, məscidlər, saraylar, habelə xalçalar, tətbiqi sənət nümunələri, ədəbiyyat, teatr, təhsil və mətbuat haqqın­da məlumatlar saytda geniş yer alacaq.

Əli NƏCƏFXANLI
XQ

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK