Məlum olduğu kimi, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə təşkilatın Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu il kəlağayının beynəlxalq miqyasda tanıdılmasının 10 illiyidir və bu münasibətlə ölkəmizdə silsilə tədbirlər həyata keçirilir.
Naxçıvanın müxtəlif təhsil ocaqlarında təşkil olunan “Sazlı, Sözlü Kəlağayı Günləri” adlı ədəbi-bədii kompozisiyalar bu sıradandır.
Naxçıvan Dövlət Universitetində elmi kitabxananın direktoru Xumar Məmmədova bu cür silsilə tədbirlərin milli-mənəvi dəyərlərimizin gənc nəslə təbliğ olunması baxımından əhəmiyyətini yüksək qiymətləndirib və iştirakçılara uğurlar diləyib. “Mirvarid Dilbazi” Poeziya Məclisi İctimai Birliyinin sədri, “Kəlağayı Muzeyi”nin direktoru, şair-publisist Güllü Eldar Tomarlı milli dəyərlərin bir atributu kimi kəlağayının təbliği istiqamətində görülən işlərdən söz açıb. O, kəlağayını vəsf edən 4 kitabı universitetin elmi kitabxanasına hədiyyə edib.
Professor Sevinc Abbasova və dosent, şair-folklorşünas Sədaqət Nemətin çıxışları maraqla dinlənilib. Tədbirin bədii hissəsində isə NDU-nun və onun nəzdindəki Musiqi Kollecinin tələbələri saz havaları və şeirlər səsləndiriblər. “Belkanto” vokal qrupu da məharətini göstərib. Universitetin foyesində təşkil olunan qədim kəlağayı sərgisi seyrçiləri heyran edib.
Özəl Naxçıvan Universitetində, Qızlar Liseyində, 15 saylı şəhər tam orta məktəbində Ordubad şəhəri 1 saylı tam orta məktəbdə və Kəngərli rayonu Qarabağlar kənd məktəbində də kəlağayı sevincləri yaşanıb.