Sulduzda “May qiyamı”nın qurbanlarının anım mərasimi keçirilib

by Samir Asadli

Mayın 24-də Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) şəhərində “May qiyamı” qurbanlarının xatirəsi anılıb.

Milli-mədəni fəallar və bir qrup sulduzlu 24 may 2006-cı ildə dinc aksiya keçirdikləri üçün hökumət məmurları tərəfindən öldürülən şəxslərin məzarını ziyarət edib, məzarları üstünə əkillər qoyaraq onların xatirəsini yad ediblər.

Mərasimdə bir neçə nəfər çıxış edib, “May qiyamı”nın azərbaycanlıların milli kimliyinin qorunması və inkişafı istiqamətindəki rolundan danışıblar.

Xatırladaq ki, 2006-cı ilin may ayında Güney Azərbaycanın şəhər və qəsəbələrində kütləvi üsyanlar baş qaldırıb.

Xalq üsyanı xüsusilə Sulduz, Təbriz, Urmu, Xiyav və digər şəhərlərdə polisin və hərbi qüvvələrin güc tətbiq etməsi ilə qanlı şəkildə yatırılıb.

Mayın 24-də hərbi qüvvələrin Sulduzda küçəyə çıxan etirazçılara atəş açması nəticəsində bir çox etirazçı yaralanıb.

Azı dörd soydaşımız, o cümlədən 16 yaşlı Hüseyn Fəthipur, 26 yaşlı Tohid Azəriyyun, 35 yaşlı Himmət İsimzadə və 39 yaşlı Əsgər Qasımi hadisə yerində öldürülüb.

Qeyd edək ki, 2006-ci ilin mayın 12-də İran dövlətinin rəsmi mətbuat orqanı olan “İran” qəzetində azərbaycanlıları “hamam böcəyi” adlandıraraq aşağılayan yazı və karikatura dərc edilib.

Bundan bir neçə gün sonra Güney Azərbaycan şəhərlərində kütləvi etiraz aksiyaları keçirilib.

Yazının dərcindən bir neçə gün sonra, mayın 22-də Təbrizdə yüz minlərlə azərbaycanlının iştirakı ilə keçirilən yürüş aksiyaların ən izdihamlısı olduğu üçün bu qiyam 22 may (1 Xordad) adı ilə tanınıb.

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK