
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a açıqlamasında bildirib ki, Ermənistan tərəfi Qarabağ məsələsinin tam nizamlanmasında, minalanmış ərazilərlə bağlı xəritələrin Azərbaycana verilməsində və sülh müqaviləsinin tam şəkildə bağlanmasında maraqlı və səmimi olmayıb. Ekspert diqqətə çatdırıb ki, Ermənistan beynəlxalq təşkilatlarda, bir sıra dövlətlərdə özünü hər zaman “yazıq, əzilən” obrazda təqdim edərək məqsədlərinə nail olmağa çalışıb:
“Avropa İttifaqında, AŞ PA-da baş verənlər də bunun təzahürüdür. Əgər Ermənistan tərəfi Azərbaycanla sülh müqaviləsinin tezliklə bağlanmasında maraqlı olsaydı, dəqiq mina xəritələrini Bakıya vermək istəsəydi, bunu edərdi. Azərbaycan BMT tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edib və heç bir dövlətin ərazisini işğal etməyib. Ermənistan öz davranışlarında qeyri-səmimidir. Bu ölkənin heç bir qonşusu ilə normal münasibəti yoxdur. Bütün qonşulara qarşı ərazi iddiaları var. O baxımdan İrəvandan verilən açıqlamalara etibar edilmir. Müəyyən addımlarına səmimi görüntü verməyə çalışsalar da, reallıqda erməni xislətinə uyğun davranırlar. Ermənistan rəsmiləri müxtəlif tribunalarda açıqlama verməkdənsə, mina xəritələrini real formada Azərbaycana versinlər”.
S.Əsədli vurğulayıb ki, sülh müqaviləsinin imzalanması bölgəyə yeni nəfəs, inkişaf gətirəcək: “Sərhədlərin açılmasına, iqtisadi əlaqələrin qurulmasına imkan verəcək. Çünki işğal və təcavüz siyasətinin heç bir nəticəsi yoxdur və olmayacaq. İrəvan bunu nəhayət dərk etməlidir ki, sülhdən başqa yol yoxdur. Azərbaycan öz sərhədləri çərçivəsində suverenliyini qorumaqda maraqlıdır”.