Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhəri haqqında özbək dilində bölmələr yaradılıb.
“Vikipediya”da Şuşa şəhərindəki tarixi abidələr, məscidlər, digər memarlıq nümunələri, tanınmış şuşalıların ev muzeyləri haqqında yeni bölmələr istifadəyə verilib. Bölmələrdə “Qarabağ Xan sarayı”, “Qaraböyük xanım sarayı”, “Hacı Quluların mülkü”, “Mehmandarovların evi”, “Zöhrabbəyovun evi” adlı məqalələr yer alıb.
“Qarabağ xan sarayı” və “Qaraböyük xanın sarayı” bölmələrində qeyd olunub ki, Şuşa qalası ərazisində bir neçə sarayın olması haqqında məlumat verilsə də, onlardan yalnız ikisi Pənahəli xan sarayı və Qaraböyük xanım sarayı dövrümüzə qədər gəlib çatıb. Məqalənin “Tarix” alt bölməsində qeyd olunur ki, orta əsrlərə aid feodal dövrünün demək olar ki, bütün şəhərləri şəhər daxilində, qorunan yüksəkliklərdə tikilmiş istehkam qalalarının olması ilə xarakterizə edilib. Bu qalalarda hökmdara xidmət etmək və onun təhlükəsizliyini qorumaq üçün nəzərdə tutulmuş saray kompleksi, istehkamlar və digər tikililər yerləşib. Şuşa qalasında qala memarlığının özünəməxsusluğu səyyahların və şəhər qonaqlarının diqqətini cəlb edib, mənbələrdə bununla bağlı onlarla məlumatların yer alması ayrıca qeyd olunub.
“Hacı Quluların mülkü” adlı məqalədə 1849-cu ildə tikilən tarixi-memarlıq binasından bəhs olunur. Qeyd olunur ki, Hacı Qulu Sarayı kimi tanınan mülk öz memarlıq üslubu və milli koloriti ilə seçilir.
“Mehmandarovların evi”, “Zöhrabbəyovun evi” məqalələrində XVIII əsr Azərbaycan memarlığının ən maraqlı və gözəl nümunələrindən biri olan və Şuşada yerləşən saray tipli tarixi yaşayış kompleksləri haqqında məlumat verilir. Qeyd olunur ki, bu binaların interyerləri Şəki Xan Sarayının divar rəsmlərini xatırladır.
Məqalələrdə vurğulanır ki, bu abidələrin əksəriyyəti Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 30 illik işğalı nəticəsində dağıdılıb, bəzilərindən isə yalnız divarlar qalıb.
Diqqətə çatdırılır ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal olunan torpaqları azad edib və hazırda Azərbaycan dövləti tərəfindən bu ərazilərdə abadlaşma işləri aparılır, Heydər Əliyev Fondu bu abidələrin bərpasını həyata keçirir.
“Wikipedia” Elektron Ensiklopediyasında yaradılan məqalələrlə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:
https://uz.wikipedia.org/wiki/Qorabog%CA%BB_xonining_saroyi
https://uz.wikipedia.org/wiki/Qorabuyuk_xonim_saroyi
https://uz.wikipedia.org/wiki/Mehmandarovlar_uyi
https://uz.wikipedia.org/wiki/Hoji_Gulu_naslining_mulki
https://uz.wikipedia.org/wiki/Zohrabbekovning_uyi
Qulu Kəngərli