Vilayət QULİYEV
Raffi (əsl adı Akop Məlik-Akopyan, 1835-1888) – yaradıcılığı türklərə nifrət ruhunda köklənən, bütün mümkün vasitələrlə mənsub olduğu hayları ideallaşdıran, onları “Böyük Ermənistanın” varisləri, Qafqazın, eləcə də Anadolunun həqiqi sahibləri kimi qələmə vermək üçün dəridən-qabıqdan çıxan XIX əsr erməni yazıçısı, tarixçi və publisistdir. Onun millətçi ruhlu yaradıcılığı yeni tarixi şəraitdə erməni milli dövləti yaratmağı qarşısına məqsəd qoyan “Zartonk” (“Oyanış”) hərəkatının meydana çıxmasına təkan vermişdi. Bədii cəhətdən zəif, sönük, amma zəhərli erməni millətçiliyi ideyasını təbliğ edən deklarativ ruhlu, qan və qisas əhval-ruhiyyəli tarixi romanların müəllifidir. Mötəbər mənbə – məşhur “Britannica” ensiklopediyası əsərlərinin mövzusuna, qəhrəmanlarına, tarixə birtərəfli baxışına görə onu “qatı millətçi” kimi səciyyələndirir. Raffini tam əminliklə silva kaputikyanların, sero xanzadyanların, zori balayanların, vardges petrosyanların – bir sözlə, xəstə erməni millətçilərinin, daha geniş miqyasda isə “erməni müstəsnalığının” xaç atası saymaq mümkündür. Onun mahiyyətcə heyvani adlandırıla biləcək nifrəti müsəlman kürdlər, Anadolu türkləri ilə bir sırada “Atropatena türkləri” kimi bəhs etdiyi azərbaycanlılara qarşı da yönəlmişdi. Raffi tam əsasla son yüz əlli ildə Cənubi Qafqazı “odlu nöqtəyə” çevirən, dəfələrlə milli qırğınlar törədən erməni revanşizminin, 1988-ci ildə geniş vüsət alan erməni separatçılığının və Qarabağ iddiasının ideya atalarından sayıla bilər.
Azərbaycan xalqının öz əzəli yurdu – Qarabağ uğrunda mübarizəsi XIX yüzilliyin birinci yarısında başlanmışdı. On minlərlə hay-erməninin Rusiya imperiyasının himayəsi və nəzarəti altında mütəşəkkil surətdə Cənubi Qafqaza köçürülüb “müsəlman əhalinin” torpaqlarında yerləşdirilməsi cəmiyyətdə haqlı narazılıq, narahatçılıq yaratmışdı. Etirazın ilk rüşeymlərini Mirzə Fətəli Axundzadənin, xüsusən də Qarabağ xanlarının nəslindən olan Qasım bəy Zakirin və digər müəlliflərin əsərlərində görmək mümkündür. Tarixi-siyasi aspektdə “Qarabağ kimindir?” – sualı isə daha çox tarixçiləri, bölgənin yetişən ictimai xadimləri, alimləri, hərbçiləri, ümumən təəssübkeş vətəndaşları düşündürmüşdü.
Məhz bu zəmində də XIX əsr Azərbaycan tarixçiliyində, ictimai-siyasi fikrində az qala müstəqil ədəbi-tarixi janra çevriləcək səviyyədə “Qarabağnamə”lər yaranmağa başlamışdı. Mirzə Adıgözəl bəyin “Qarabağnamə”, Mirzə Camal Cavanşirin “Qarabağ tarixi”, Əhməd bəy Cavanşirin “Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair”, Mir Mehdi Xəzaninin “Kitabi-tarixi Qarabağ”, Rzaqulu bəy Mirzə Camal oğlu Qarabağinin “Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri”, eləcə də bir sıra digər müəlliflərin analoji mövzulu əsərləri məhz Qarabağın başı üzərində dolaşan təhlükəyə – ermənilərin saxta yollarla qədim torpağımıza yiyələnmək planlarına cavab kimi meydana çıxmışdı.
Təbii ki, ərazi iddiaları ilə bağlı məsələdə Moskva və Peterburq saraylarında dəstək axtaran, imperiya paytaxtına biri-birinin ardınca heyətlər, petisiya və təkliflər göndərən, Qafqazın işğalından sonra isə yerli rus administrasiyasında yüksək vəzifələrə yiyələnərək mənsəb və sərvət sahibi olan erməni tərəfi də susmamışdı. Əslən Qarabağ xanlığının təbəəsi, yeniyetməlik və gənclik illərini Qacarlar səltənətində keçirib Təbrizdə mükəmməl təhsil alan, dəfələrlə din dəyişən Hadrut doğumlu Mirzə Yusif Qarabaği (Ovsep Nersesyants, 1798-1864) “Tarixi-safi” (“saf, gerçək tarix” mənasında) əsərində bölgənin tarixinə erməni baxış bucağını əks etdirmişdi. Mirzə Yusifin fikrincə, guya Qarabağ qədim Ermənistanın bir hissəsidir. Buradakı müsəlman əhali Azərbaycandan və Arandan köçüb gələnlərdir. Guya Qarabağ xanlarının türk və kürd əsilli köçəriləri kütləvi surətdə regiona yerləşdirmələri nəticəsində əhalinin milli tərkibi dəyişib. Avan Yüzbaşı və David bəy (sonralar Raffinin eyni adlı tarixi romanının qəhrəmanı) kimi cəsur fədailər Qarabağın erməni etnik-milli identikliyini qorumaq üçün üsyan qaldırıb, mübarizə aparıblar. Və s. və i.a…
Qarabağı hansı yolla olursa-olsun erməniləşdirmək estafetini Mirzə Yusif Nersesyantsdan Raffi – Melik Hakopyan qəbul etmişdi. 1881-ci ildə isə o, xəyalpərəst soydaşlarının “orta əsrlər erməni dövləti” kimi qələmə verməyə çalışdıqları beş erməni məlikliyi – Xaçın, Gülüstan, Dızaq, Vərəndə və Curaberddən (Çiləbörd) ibarət Xəmsə məlikləri haqda material toplamaq məqsədi ilə Qarabağa gəlmişdi. Faktoloji dəqiqlik baxımından elə də ciddi əhəmiyyət kəsb etməyən həmin materiallar onilliklər boyu ermənilərin Qarabağ iddialarının tarixi-ideoloji manifesti sayılan “Xəmsə məliklikləri” əsərinin əsasında dayanmışdı. Məqsəd Qarabağda müstəqil erməni dövlətinin tarixi mövcudluğunu sübuta yetirmək idi. İki ay müddətində Raffi böyük bir əraziyə səpələnmiş təkəm-seyrək erməni kəndlərini dolaşmışdı. Mövcud kilsə kağızları arasında, xüsusən Şuşa konsistoriyasında axtarış aparmış, yaşlı adamlarla görüşüb söhbətləşmiş, danışdıqlarını yazıya almışdı. Eyni zamanda əksəriyyəti ermənilərin sonradan köçüb gəldikləri torpaqlara sahiblik hüququ və uydurma qəhrəmanları haqqında nağıllardan ibarət “tarixi sənədləri” toplamağa çalışmışdı. Amma bütün səylərinə baxmayaraq, hər hansı ciddi yazılı mənbə və məxəz əldə edə bilməmişdi. Çox güman bu səbəbdən də “Xəmsə məliklikləri”nin ikinci cildi kimi anons edilən sənədlər toplusu heç zaman işıq üzü görməmişdi. Amma istənilən halda özündən razı müəllif erməni beyinlərini dumanlandırmağa, erməni fantaziyasını coşdurmağa xidmət edən əsərinin “dəyərini” özü birincilər sırasında verərək yazmışdı: “Bu kitab yaratdıqlarımın tacıdır. Onun səhifələrində çoxdan unudulmuş, itirilmiş tariximizi yenidən canlandırdım. Sübut etdim ki, erməni knyazlıqları bizim əsrdən çox-çox əvvəl mövcud olublar”. Kitab şəklində çıxmazdan əvvəl əslində tarixi mistifikasiyadan ibarət “əsər” qatı erməni millətçisi R.Arsruninin redaktoru olduğu “Mşak” (“Əmək”) qəzetinin 1882-ci il may-avqust saylarında hissə-hissə dərc edilmişdi.
Köhnə və yeni Hayastan təbliğat maşınının “Arsaxın-Qarabağın 1600-1827-ci illəri əhatə edən klassik tarixi” kimi təqdim etdiyi kitabın rus dilində kütləvi nəşri Qarabağdakı erməni separatçılığının pik həddə çatdığı 1991-ci ildə L.M.Kazaryanın tərcüməsində işıq üzü görmüşdü. Yeri gəlmişkən, moskvalı erməni ssenarist Boris Baratov Raffinin yüz il əvvəlki səfər marşrutu üzrə hərəkət edərək “Xaraba qoyulmuş diyar. Qarabağa səyahət” adlı antiazərbaycan ruhlu illüstrasiyalı yol qeydləri yazmışdı. Separatçılığa açıq dəstək xarakteri daşıyan həmin kitab 1998-ci ildə Moskvada rus və ingilis dillərində nəşr olunmuşdu.
Raffiyə gəldikdə isə inandırıcı görünmək xatirinə əsərini tapa bildiyi fakt və hadisələrlə bacardığı qədər yükləməyə çalışıb. Bu səbəbdən də yazdıqlarında onlarla məntiqsiz hökm və nəticələr tapmaq mümkündür. Məsələn, iddia edir ki, “yarımvəhşi köçərilər” – Cavanşir tayfası və onun başçısı Pənahəli xan Qarabağa yiyələnənə qədər burada istisnasız şəkildə ermənilər yaşayırdılar. O biri tərəfdən isə bildirir ki, məliklərin demək olar hamısının əcdadları ənənəvi “yüzbaşı” titulu (məsələn, Avan yüzbaşı, Qara yüzbaşı və s.) daşıyırdılar. Maraqlıdır, əgər bölgənin əhalisi yalnız ermənilərdən ibarət idisə və Pənah xan bura ayaq basan ilk türk olmuşdusa, onda təmiz türkcə bir titul qədim və “avtoxton” əhali arasında necə vətəndaşlıq hüququ qazanmışdı? Yalançının yaddaşı olmaz deyirlər. Raffi əvvəlcə Şuşa qalasının yerini məlik Şahnəzərə Pənah xanın göstərdiyini və gələcək şəhərin təməlini birgə qoyduqlarını yazır. Üstəlik də, səhvən bunun 1762-ci ildə baş verdiyini göstərir. Sonra isə adını guya yaxınlıqdakı Şoş kəndindən götürdüyünü iddia etdiyi “Şoşi”, yaxud “Şuşinin” Pənah xandan çox əvvəl mövcud olduğunu, Avan yüzbaşının Osmanlı türkləri və farslara (Səfəvilər) qarşı mübarizəyə buradan rəhbərlik etdiyini yazır. Yaxud, yenə əsər müəllifinin “yüzdə yüz erməni torpağı” kimi söz açdığı Sünikin (Zəngəzurun) də “baş xanı” olduğu, ermənilərin isə onun tabeliyində yaşadığı aşkara çıxır. “Min illər boyu erməni torpağı olan Qarabağda” geniş istifadə etdiyi türk toponimlərinin hədsiz bolluğu (Qarabağ, Şahbulaq, Bayat, Qaratəpə, Ballı qaya, Çanaxçı, Gülyataq və onlarla digərləri. Yeri gəlmişkən, diplomat həmkarım Həsən Həsənovun ağlabatan mülahizəsinə görə əslində məşhur alban məbədinin adı Qandzasar da Gəncəbasar toponiminin təhrifə uğramış formasıdır) da Raffidə heç bir sual doğurmur. Aydınlıq gətirilməsi tələb olunan başqa bir sual isə məliklərin çoxunun spesifik türk-müsəlman adları (məsələn, məlik Allahverdi, məlik Allahqulu, məlik Cümşüd, məlik Hüseyn, məlik Şahnəzər, məlik Qanlı Şaban, məlik Abbas, məlik Rüstəm və s.) daşımalarıdır. Təbii ki, ermənilər əvvəldən bu ərazidə yaşasaydılar, özlərindən sonra gələn, həm də “işğalçı” kimi qələmə verdikləri “yarımvəhşi köçərilərin” adlarını götürə bilməzdilər. Deməli, əslində əks proses baş vermişdi – Qarabağa dəxli olmayanlar haylar özü idi. Raffinin “Qarabağ Koroğlusuna” bənzətdiyi “erməni igidləri” – Dəli Mahrasa, Dəli Arzuman, Çalağan Yüzbaşının ad və ləqəbləri də ermənicə deyil. Nəhayət o da məlumdur ki, Xaçın məliyi Həsən Cəlalı çıxmaq şərti ilə beş erməni məliyindən dördü Qarabağa gəlmə idilər.
Kitabın yazılmasında məqsəd, müəllif konsepsiyası yuxarıda da qeyd etdiyim kimi, xırda və dağınıq məliklikləri erməni dövləti kimi qələmə vermək idi. Əslində isə Qarabağın erməni məlikləri Nadir şahın on illik hakimiyyətini (1736-1747) çıxmaq şərti ilə heç vaxt real siyasi gücə və dövlətçilik atributlarına malik olmamışdılar. Onlar ən yaxşı halda beş-on kəndi nəzarət altında saxlayan, sərəncamlarında məhdud sayda silahlı atlılar olan bölgə feodallarından başqa kimsə deyildilər. Səvəfi hakimiyyəti dövründə qeyd-şərtsiz Gəncə bəylərbəyinə tabe idilər. Sadəcə Təhmasibqulu xan – Nadir şah Muğan qurultayında iradəsinin əleyhinə gedən Gəncə bəylərbəyi Şahverdi xan Ziyad oğlundan qisas almaq məqsədi ilə məliklərin hüquq və imtiyazlarını artırmış, üstəlik, Borçalını gürcülərə hədiyyə etmişdi. Muğan qurultayında Nadirin sağ tərəfində Eçmiadzindən dəvət olunmuş katolikos Abraam Karetasi oturmuşdu. Şahın belinə hakimiyyət rəmzi olan qılıncı da o bağlamışdı. Əfşar hökmdarının bu anlaşılmaz erməni sevgisi bölgənin yerli türk xalqına sonsuz çətinlik və iztirablar gətirmişdi.
Nadir şahın öldürüldüyü 1747-ci ildə Pənahəli xanın Qarabağ, Şahverdi xanın Gəncə xanlığını qurub hakimiyyətlərini geniş bir əraziyə yaymaları erməni məliklərinin hər hansı hərbi-siyasi güc və nüfuza malik olmadıqlarını göstərir. Erməni iddialarını “sayıqlama” adlandıran XIX əsr rus qafqazşünası, general M.R.Fadeyev yazırdı: “…dünyada elə yer yoxdur ki, ermənilər orada əhalinin üçdə birindən artığını təşkil etsinlər. Döyüşkən olmadıqları da bunun üstünə gəlinsə, üçdə iki hissədən ibarət müsəlmanlara rus süngülərinin yardımına arxalanmadan hökm edə bilmələri qeyri-mümkündür”. Amma bütün səylərinə baxmayaraq, ermənilər siyasi anlamda buna da nail ola bilməmişdilər. Ruslar hərbi-siyasi güc şəklində bölgəyə gələndə Pənahəli xanın və oğlu İbrahim xanın məqsədyönlü siyasəti nəticəsində həyati qabiliyyətə malik olmayan məliklik institutu artıq aradan qaldırılmışdı.
Görünür, bu sadə həqiqəti başa düşməyən Raffi acı-acı şikayətlənirdi ki, “Erməni məliklərinin köməyi ilə Qarabağı ələ keçirən ruslar hakimiyyətdə yenə onların barışmaz düşməni İbrahim xanı saxladılar. İbrahim xan ruslara xəyanət etdi və öldürüldü. Amma yerinə böyük imtiyazlarla oğlu Mehdi xan təyin edildi. Yeni xan daha dəhşətli xəyanətə yol verdi: 1822-ci ildə Qarabağdan İrana qaçdı. Geri qayıdanda da özü ilə fars qoşunu gətirib ruslarla müharibəyə başladı. Dövrün rus məmurlarının hansı səbəbdən satqın xanları Rusiyaya canla-başla xidmət edən erməni məliklərindən üstün tutduqlarını heç cür anlamaq olmur”. Ruslarla bağlı gözləntiləri tam şəkildə doğrulmayan (eyni situasiya bizim günlərdə də davam edir!) müəllif qəzəblə yazırdı ki, “bu vəziyyət məntiq baxımından anlaşılmaz olmaqla bir sırada ermənilərin açıq şəkildə nümayiş etdirdikləri tabelik və sədaqətlə müqayisədə sadəcə əxlaqsızlıqdır, imperiyanın siyasi-iqtisadi maraqları baxımından isə korazehinlik və səfehlikdir”.
Yalnız tayfadaşlarının maraqlarını güdən Raffi çox sadə bir məsələni anlamamış, yaxud anlamaq istəməmişdi ki, onun “qədim erməni dövlətinin zərrələri”, “müstəqil erməni knyazları” kimi qələmə verdiyi Xəmsə məlikləri xristian həmrəyliyi ruhuna baxmayaraq, rusların nəzərində adi mülkədardan, ən yaxşı halda kəndxudadan başqa bir şey deyildilər. İmperiya məmurları yaxşı başa düşürdülər ki, torpağın sahibləri müsəlman əhali, ilk növbədə isə zadəgan silki, əllərində siyasi, hərbi və iqtisadi hakimiyyət toplamış xanlardır. Ona görə də məliklərin xidmətindən məqsədlərinə uyğun şəkildə yararlanmaqla mövqelərini möhkəmlədənə qədər Qarabağda, eləcə də Azərbaycanın digər bölgələrində real iqtidar təmsilçiləri kimi yerli aristokratiyanı – xan nəsillərini tanımışdılar. Qarabağdakı erməni məlik nəslinin nümayəndəsi hətta polkovnik rütbəsinə layiq görülmədiyi halda rus hakimiyyəti ilə əməkdaşlıq edən xanların çoxu general epoletləri almış, övladları isə imperatorun xas alayında xidmətə qəbul edilmişdilər. Bu ənənə sonralar da davam etdirilmişdi. Məsələn, Qarabağ xanlığının 1822-ci ildə ləğv olunmasına baxmayaraq, 1888-ci ildə Qafqaz səfərinə çıxan çar III Aleksandrın rəsmi hədiyyə təqdim etdiyi şəxslər sırasında Mehdiqulu xanın qızı şairə Xurşidbanu Natəvan – “xanşa Usmiyeva” da vardı…
Amma o da unudulmamalıdır ki, Rusiya imperiyası ölkəmizə ayaq basdığı ilk gündən Azərbaycan türklərinə qarşı bir çox cinayətləri ermənilərin əli ilə törətmiş, onların böyük həvəslə göstərdikləri xidmətdən yararlanmışdı…
Raffinin təqdimində tayfadaşlarının müsəlmanları – fars, kürd, Osmanlı və Azərbaycan türklərini qətlə yetirmələri, mal-mülklərini qarət etmələri, evlərini yandırmaları, əcdadlarının məzarlarını dağıtmaları, maddi-mədəniyyət abidələrini yer üzündən silmələri milli-azadlıq mübarizəsidir, erməni xalqının haqq işidir. Qaçıb gəncəli Cavad xana, şəkili Səlim xana, şirvanlı Mustafa xana sığınan ermənilərin Qarabağa quldur hücumları yurda məhəbbət və qəhrəmanlıq nümunəsi kimi tərənnüm olunur. Qarşı tərəfin hətta zəruri müdafiə xarakterli oxşar hərəkətləri isə vəhşilik və terrordur, xristian əhaliyə qarşı amansız soyqırımı siyasətidir. Yeri gəlmişkən, Qarabağ separatçıları və onların dəmtutanları da həmişə eyni ssenari üzrə hərəkət etmişdilər. Azərbaycan torpaqlarının işğalı, ölkəmizdə dinc əhaliyə qarşı törədilən saysız-hesabsız cinayətlər, Xocalı soyqırımı, yüzlərlə yaşayış məntəqəsinin Yer üzündən silinməsi ermənilərin müstəqillik, azadlıq və demokratiya uğrunda “mübarizəsinin” qaçılmaz nəticələri kimi qələmə verilir. Ordumuzun cani və terrorçuları yerində oturtması, tarixi torpaqlarımızı işğaldan azad etməsi isə insanlığa qarşı cinayət, etnik təmizləmə sayılır. Əlbəttə, nağılpərəst ermənilər Raffini və digər xəstə təfəkkürlü milli qurularını oxuyub vəcdə gələ bilərlər. Amma bundan sonra belə nağılların hərəkətə gətirdiyi hər bir tayfadaşlarının dəmir yumruqla susdurulacağını unutmamaq şərti ilə!
Müəllifin bunu istəyib-istəməməsindən asılı olmayaraq “Xəmsə məliklikləri” kitabı həm də erməni xəyanətinə, erməni dönüklüyünə oxunan odadır. Raffi ermənilərin himayəçisi kimi tanınan, minlərlə erməni ailəsinə Gəncə, Şəmkir və Şəmşəddin mahalında yer-yurd verən, hətta onlara qoşulub Şuşanın üzərinə getməyə hazır olan Cavad xanın məğlubiyyətə uğradılmasında, xanlığın darmadağın edilməsində soydaşlarının rolundan, general Sisyanovun ordusundakı ermənilərin “hünərindən” böyük şövqlə söz açır. İbrahim xanın qapısında böyümüş məlik Cümşüdün mayor Lisanoviçə bələdçilik edərək ailəsi ilə Şuşa yaxınlığında, Xankəndi olan heç nədən xəbərsiz xanı qətlə yetirmələri də erməni tarixinin qürurverici səhifələri kimi təsvir olunur: “Qarabağın erməni məlikliklərinin süqutunun günahkarı öldürüldü. Məlik Cümşüd yalnız özünün deyil, digər məliklərin də qisasını aldı. Atası məlik Şahnəzər bu cinayətkarı hakimiyyətə yüksəltmiş, əməlinə görə qarabağlıların lənətini qazanmışdı. Layiqli oğul ləyaqətsiz atanın günahını yudu. Amma daha çox gec idi. İbrahim xanın ölümü Şuşa xanlarının Qarabağ məliklərinə vurduqları sağalda bilməzdi”.
Doğrusu, bir qədər qəribə görünsə də, Raffinin nifrətlə yoğrulmuş qərəzli təsvirləri dövlət adamı, hərbçi, diplomat kimi ata-oğul Pənah və İbrahim xanları daha yaxşı tanımağa, Qarabağda türk-Azərbaycan varlığının qorunmasında onların rolunu, xidmətlərini qiymətləndirməyə real imkan yaradır.
Mənə elə gəlir ki, bəzən insanlarımız Qarabağ uğrunda mübarizədə qazanılan cahanşümul qələbənin miqyasına, əhəmiyyətinə kifayət qədər dərindən qiymət vermirlər. Gərək unutmayaq – bu mübarizə 1988-ci il fevralın 20-də keçmiş DQMV Xalq Deputatları Sovetinin məlum qərarından sonra başlanmamışdı. Onun tarixi yüz illərin arxasına gedib çıxır. Ermənilər Azərbaycan torpaqlarına – ilk növbədə isə Qarabağa yiyələnmək yolunda Şah Abbas, I Pyotr, Nadir Şah, Yekaterina kimi dövrə möhürlərini vuran böyük dövlət adamlarına üz tutmuşdular. Avropa saraylarına qədər gedib çıxmışdılar. 1701-ci ildə Hindistan əsilli erməni siyasi xadimi İsrael Orinin Moskva missiyası, I Pyotru Qafqazın işğalına şirnikləndirməsi Osmanlı və Səfəvi sarayları arasında nifaq alması olan Qarabağı Rusiya siyasətinin orbitinə daxil etmişdi. Nəticədə çarizm Qarabağı, Zəngəzuru Azərbaycan türklərindən təmizləyib ermənilərə vermək, Asiyada satellit xristian dövləti yaratmaq vəzifəsini üzərinə götürmüşdü. Səməd Vurğunun “Vaqif” dramında İbrahim xanın məşhur ifadəsi ilə desək, yalnız Qarabağ xanlığının deyil, Azərbaycanın tarixində “O yandan Türkiyə, bu yandan İran, Ordan da Rusiya göndərir fərman!” mərhələsi başlanmışdı.
II Yekaterinanın hakimiyyəti illərində imperatriçənin çoxsaylı favoritlərindən biri olan və Rusiyanın ikinci adamı sayılan Qriqori Potyomkin 1783-cü il aprel ayının 6-da Qafqazda – Gürcüstanda xidmət edən qardaşı oğlu, general P.İ.Potyomkinə belə bir təlimat göndərmişdi: “Şuşalı İbrahim xan devrilməlidir. Zira yalnız o aradan götürüləndən sonra Qarabağda, Rusiyadan başqa kimsəyə tabe olmayan vilayətdə ermənilərin müstəqilliyinin bərqərar olması mümkündür. Siz bütün səylərinizi səfərbər edin ki, yeni əyalət xalq (ermənilər nəzərdə tutulur – V.Q.) üçün ən yaxşı şəkildə qurulsun. Əgər belə olsa, digər erməni əyalətləri də onların yolu ilə gedəcək, yaxud ermənilər daha böyük sayda axışıb Qarabağa gələcəklər”.
Gələcək erməni dövlətini Qarabağ mərkəz olmaqla Azərbaycan xanlıqlarının torpaqlarında qurmaq qərara alınmışdı. Bu münasibətlə Q.Potyomkin 1783-cü il mayın 19-da II Yekaterinaya yazılı məruzəsində təklif edirdi ki, “Xanlığın ləğvindən sonra İbrahim xanın erməni xalqlarından (mətndə belədir -V.Q.) ibarət əyalətində milli idarəçilik qurmaq və bu yolla da Zati-Alilərinizin mənim vasitəmlə erməni məliklərinə verdiyi yüksək vədə əsasən Asiyada xristian dövlətini dirçəltmək lazımdır”.
1826-1828-ci illər Rusiya-İran və Rusiya-Osmanlı müharibələrindən sonra hayların kütləvi şəkildə tarixi Azərbaycan torpaqlarına, xüsusən Qarabağa köçürülməsi, 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının ərazisi hesabına Erməni Vilayətinin yaradılması və rus çarının digər titulları ilə birlikdə rəsmən həm də Erməni Vilayətinin hakimi adlanması, 1830-cu ildə sonuncu Alban katalikosunun fəaliyyətinə son qoyulması, bölgədə güclü erməni hərbi-bürokratik aparatının yaradılması bu planın mərhələvi şəkildə həyata keçirilməsi idi. “Qarabağın heç zaman erməni mədəni arealına mənsub olmadığı” fikrini irəli sürən rus sovet tarixçisi İ.Petruşevskinin qənaətinə görə, “Qafqaz Albaniyasındakı erməni kilsəsi bölgənin erməniləşdirilməsinə xidmət edirdi”. XIX əsr boyu aramsız davam edən bu mübarizə növbəti yüzilliyin əvvəlində artıq ermənilər tərəfindən mütəşəkkil silahlı münaqişə miqyası almış, Bakıda, İrəvanda, Tiflisdə, Gəncədə, Naxçıvanda, Şuşada, habelə Cənubi Qafqazın digər yerlərində azərbaycanlı əhali terror və soyqırım dəhşətləri yaşamışdı.
Hayları bu antibəşəri cinayətlərə qızışdıranların ön sırasında isə, heç şübhəsiz, inanclı türk düşməni, xəstə erməni millətçisi Raffi gəlirdi…
P.S. İlk fərdi avtomobilimi – indi yalnız tozlu-palçıqlı kənd yollarında gözə dəyən 06 markalı “Jiquli” maşınını 1990-cı ildə almışdım. Düşünürdüm ki, Vətənimizin görməli yerlərinə, ilk növbədə isə o zaman başı dərddə olan Qarabağa-Şuşaya ailəvi şəkildə avtoturist kimi gedəcəyik. Doğrudur, həmin maşınla Azərbaycanın çox yerini gəzdik. Hətta qədim Dərbəndə qədər gedib çıxdıq. Amma uzun müddət mümkünsüz görünən Şuşa səfərini 34 il gözləmək lazım gəldi. Bu ilin Novruz bayramı günlərində nəhayət ki, ötən əsrdən qalma arzumuz çin oldu. Bakıda olmağımı qənimət bilib idarə etdiyim maşınla (düzdür, indi “Jiquli” deyil!) xanımımla erməni vandalların özü boyda xarabazarlığa çevirdikləri Ağdamdan keçdik. Qəhrəman əsgərlərimizin azad etdiyi Əsgəranı, Xocalını arxada qoyub Xankəndinin yanından burularaq başı dumanlı Şuşaya qalxdıq. Çox yorulsam da, istənilən Avropa paytaxtına yaraşıq verə biləcək beşulduzlu rahat, gözəl “Şuşa” otelində səhərə qədər gözümə yuxu getmədi. Azad Şuşaya ilk gəlişimdə – 2021-ci ilin avqustunda da eyni hal baş vermişdi.
Həmişə belə vaxtlarda olduğu kimi köməyə İnternet gəldi. Google-da axtarış verib saxtakar, yalanla nəfəs alan qonşularımızın “Artsax” və “Şuşi” sayıqlamalarını gözdən keçirməyə başladım. Qarşıma “Xent”, “Samvel”, “Cəlaləddin”, “David bəy” və s. tendensiyalı, qərəzli tarixi romanların müəllifi kimi tanıdığım Raffinin “Xəmsə məliklikəri” kitabının elektron versiyası çıxdı. 1990-cı illərdə başqa bir erməni “qırğısının” – Baqrat Ulubabyanın “ustadının” əsəri haqda yazdığı tərifli rəyi oxusam da, o zaman kitabın özünü tapmaq mümkün olmamışdı.
Görünür, qismətdə Qarabağı “vəhşi köçərilərdən” xilas etməyin “yollarını” göstərən, onilliklər boyu xalqımıza, dinimizə, dilimizə nifrət aşılayan, zəhər saçan Raffini azad Şuşada oxumaq varmış. Və doğrusunu deyim ki, həmin anlarda nəzərimdə bu, taleyin böyük töhfəsi idi. Şuşa işğal altında olanda milli mənliyimizə toxunan kitabı oxusam yəqin ki, böyük sarsıntı keçirərdim. Amma indi əhval-ruhiyyə başqa idi. Otelin pəncərəsindən nəhəng tikinti meydançasını xatırladan Şuşanı seyr etdikcə guya həsrətini çəkib saxta göz yaşı axıtdıqları qeyri-adi şəhərin daşını daş üstə qoymayan erməni vandallara Mirzə Cəlilin məşhur doktor Lalbyuzunun “Kim dali?” sualını xatırladan “Kim vəhşi?” sualını vermək istəyirdim. Şuşanın bugünkü mənzərəsi – bir tərəfdə irsi erməni vəhşiliyinin, bayquş xislətinin timsalı olan dağıntılar – “Şuşi”, o biri tərəfdə isə üç il ərzində sonsuz sevgi və məhəbbətlə tikilən, bərpa olunan doğma və gözəl şəhər – Şuşa! Bir tərəfdə xarabalıqlarında bayquş ulayan, məhvə məhkum erməni “Şuşisi”, Şuşi, o biri tərəfdə Qafqazın, Azərbaycanın incisinə çevrilən gerçək Şuşa! Daha geniş düşünsək, bəsirət gözü olanların qarşısında açılan iki millət, iki mədəniyyət, iki dünya baxışı və iki mənəviyyat tablosu…
Yazılanlara inansaq, öz haylarını – “həqiqətə arxa çevirən, ürəyində Allaha inam olmayan, daş qəlbli və iddialı, tərs və cinayətkar” xalqını doğru yola çağıran V əsr erməni tarixçisi Movses Xorenatsi tayfadaşlarına xəbərdarlıq edirdi ki, “siz qəzəb doğurmuş, amma tövbə etməmisiniz, andı pozmuş və Tanrıya pənah aparanlara nifrətlə yanaşmısınız. Ona görə harada olsanız da, dəyər vermədiklərinizin əli sizi tapacaq, qovduğunuz şikarın ovuna çevriləcək, qurduğunuz tora özünüz düşəcəksiniz”.
Raffinin böyük iddia və eyni dərəcədə hədsiz nifrətlə yazılmış, milli varlığımızı, xalqımızın mövcudluq haqqını inkar edən “Xəmsə məliklikləri” kitabı da hayların mahiyyət etibarı ilə özlərinə qurduqları belə fitnə torlarından biri idi… Azad Şuşa, yeni həyatına qovuşan Qarabağ, başımızı uca edən qalib ordumuz, böyük intibahını yaşayan türk-Azərbaycan ruhu, millətinin önündə gedən müzəffər Ali Baş Komandan, sarsılmaz qələbə əhval-ruhiyyəsi qurucusunun kimliyindən asılı olmayaraq belə çürük torların məhvə məhkumluğunun, xəbis niyyətlərin günün birində bumeranqa çevrilib öz üzərlərinə qayıdacağının aydın, parlaq dəlili, ən böyük qarantıdır.
Mart, Sarayevo