“Təbriz həbsxanalarında məhbuslar qeyri-insani şəraitdə saxlanılır”-Milli fəal

by Samir Asadli

Milli fəal və keçmiş siyasi məhbus Əkbər Əbülzadə “Amerikanın səsi”nin fars bölümünə verdiyi müsahibədə Təbriz həbsxanasındakı ağır şəraitdən danışıb.

O, Təbriz həbsxanasında təmizlik, qidalanma və məhbusların sağlamlığı baxımından vəziyyətin bərbad olduğunu deyib.

Əkbər Əbülzadə həbsxananın bəzi bölmələrində isə məhbusların qeyri-insani şəraitdə yaşadığını vurğulayıb.

“Həbsxananın 15-ci bölməsində saxlanılanların əksəriyyəti məhkumiyyəti qətiləşən məhbuslardır. Müxtəlif səbəblərdən dolayı məhkum olanlar burada saxlanılır; quldurluq, qətl, oğurluq, narkotik maddə qaçaqçılığı və digər cinayətlərdən məhkum olanlar da var, siyasi məhbuslar da.

Təbriz həbsxanası və xüsusilə də bu bölmənin şəraiti çox pisdir. Dağıntı və darısqaldır, havalandırması yoxdur. Təmizlik və gigiyena imkanları pis durumdadır. Narkotik maddə boldur. Xüsusilə də 15-ci bölmədə qanuni və insani hüquqlar tamamən ayaqlanır. Məhbuslar qeyri-insani bir durumda yaşayır.

Misal üçün 130 məhbusun yerləşdirildiyi otaqlarda 75 yataq var. Yataqlar 3 təbəqədə quraşdırılıb. Məhbusların yarısı da ki, yataqların arasında əl-ayaq altında yatır. Bunların məsələn gündüz vaxtı istirahət etmə imkanı yoxdur,” sabiq siyasi məhbus əlavə edib.

Qeyd edək ki, fevralın 8-də sərbəst buraxılan Əkbər Əbülzadə 2022-ci il iyunun 7-də Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində həbs edilib və iyulun 20-də Təbriz zindanına köçürülmüşdü.

Əkbər Əbilzadə Əhərdə anadan olub və inşaat mühəndisliyi fakültəsini bitirib. O, 12 noyabr 2015-ci ildə dinc etiraz aksiyalarına qoşulduğu üçün saxlanılıb.

Milli fəal 1 sentyabr 2018-ci ildə Bəhlül Əlizadənin başçılıq etdiyi Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin son qərarı ilə 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Günaz.TV

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK