Təbrizdə əsas şüarlar- “Azadlıq”, “Ədalət”-dir

by Samir Asadli

Dünya gündəmini zəbt edən və davam etməkdə olan iğtişaşlar İran hakimiyyətinin  əsl üzünü bütün dünyaya göstərib.
İranda iğtişaşların səbəblərini, vətəndaşları bu mərhələyə gətirən prosesləri güneyli politoloq Əlirza Zəmanidən dinləyək.

– Əlirza bəy, Cənubi Azərbaycanda baş verən proseslərin mahiyyəti və nəticəsinin necə olacağı haqqında nə düşünürsünüz? 

– Hadisələr bilirsiniz ki, Məhsa Əmininin  ölümü ilə başladı. İranın əxlaq polisi gənc xanımı hicabına görə saxlayıb. Deyilənlərə görə  polis idarəsində işgəncələr verilib. Ən azından psixoloji təsir edib və bu onun ölümü ilə nəticələnib. Onun ölümü İranda bir sıra hadisələrə səbəb oldu. İğtişaşlar yarandı. Gənc nəsil mövcud həyata , indiki vəziyyətə etiraz etdi. Etirazlar nəticəsində indiyə qədər beş yüzdən çox insan həyatını itirib, minlərlə insan yaralanıb və on minlərlə insan həbs olunub. Proseslərdə iştirak edən gənc nəsil daha çox azadlıq istəyir.  İran qapalı dövlət olduğuna görə insanların bütün həyat tərzinə, geyiminə qədər müdaxilə edir. İslam dini adı altında insanların azadlıqları məhdudlaşdırılır.
Onların hüquqları pozulur. Vətəndaşlara  qarşı bir çox təzyiqlər var. Bunu keçmiş nəsillər din faktoru daha güclü olduğuna görə az hiss edirdilər və özlərini hakimiyyətin dediyi formalara uyğunlaşdıra bilirdilər. Amma ən son iki nəsil internet, sosial şəbəkələr inkişaf edəndən sonra dünyanı görüb.  Özlərini xaricdəki həmyaşıdlarla müqayisə edəndə görürlər ki, bunlar onlardan çox geri qalıb. Özlərini o səviyyəyə çatdırmaq üçün hakimiyyəti və hakimiyyətin apardığı siyasəti bir maneə kimi görürlər. Yaşam tərzlərini dəyişdirə bilmirlər və buna görə mövcud durumdan çox narazıdırlar. Bunun nəticəsində hakimiyyət və gənc nəsil arasında toqquşmalar baş verdi və İranda hadisələr irəli gəldi. Bunun nəticəsi nə ola bilər? İranda  ancaq gənc nəslin etirazı olduğu üçün , sosial təbəqələrin etirazı başlamadığına görə ciddi nəticə verməyə bilər. Amma bu, hakimiyyətlə ciddi uçurum yaratdı və bunun davamı mütləq olacaq. Hakimiyyət müxtəlif bəhanələrlə , müxtəlif metodlarla bunun qarşısını indilik alsa da, heç vaxt sona çatmayacaq. Hakimiyyət və gənclər arasında ziddiyyət daim davam edəcək. Bu ziddiyyətin və gərginliyin davamı, sosial təbəqələrin etirazlara qoşulması və bunun nəticəsində hakimiyyətin çökməsi gerçəkləşə bilir. Çünki, indiki hadisələrin davamında görürük ki, tətil aksiyaları, işçilərin aksiyalara qoşulması,  neft- kimya sənayesində çalışanların işdən imtina etməsi və sair sahələrdə də  özünü göstərəcək. İranda sosial təbəqələrdə ciddi iqtisadi problemlər vardı. İqtisadi problemlər getdikcə insanların məişət səviyyəsində özünü büruzə verir və gətirib İranda ciddi məsələlərin baş verməsinə çıxara biləcək. Yaxın zamanlarda biz bunun şahidi olacağıq.

– Azərbaycanlıların həmin proseslərdə rolu haqqında danışa bilərik?
– Azərbaycanlılar da İran cəmiyyətinin bir hissəsidir. Hər halda azərbaycanlılar İranda olan hadisələrə biganə qalmadı və bu proseslərdə digər xalqlar kimi öz etirazlarını bildirdi. İranda olan mövcud duruma qarşı üsyan etdi. Azərbaycanlılar da İranda olan digər xalqlarla bərabər təzyiqlərə məruz qalır. Ondan  əlavə azərbaycanlıların başqa problemləri var. Azərbaycanlılar İranda ən böyük etnik olduqlarına görə İranın  idarə olunmasında çox pay istəyir. İran dövləti indiyə qədər son 100 ildə azərbaycanlıların  bütün hüquqlarını məhdudlaşdırıb. Onların təhsil haqları, öz müqəddəratını təyinetmə hüquqları əllərindən alınıb. Bu günə qədər azərbaycanlılar İranda demək olar ikinci dərəcəli etnik hesab olunur. Rəsmi dili İranda bilirsiniz ki, fars dilidir. Azərbaycan dili getdikcə məişət səviyyəsinə düşür və aradan getmək üzrədir. İnsanlar buna öz etirazını bildirir. İranda baş verən etirazlardan azərbaycanlılar həmin şüarları və bundan başqa  Milli Hökumət şüarı səsləndirdi. Təbrizdə, Azərbaycanın digər şəhərlərində əsas şüarlar –  “Azadlıq”, “Ədalət”idi.
İranda bundan sonra baş verəcək bütün dəyişikliklərdə azərbaycanlıların böyük rolu olacaq. Azərbaycanlılar bu dəyişikliklərdən mütləq öz payını almalıdır.

– İnsanları rejimə qarşı doğruldan səbəb həqiqətən gənc bir qızın qətlidir, yoxsa bu, səbri daşırmaq üçün son damla oldu?
-Əslində Məhsa Əmininin  ölməsi bəhanə idi. Bir çox problemlər var. İnqilabdan bu yana-son 30 ildə bunlar həllini tapmayıb.   Birincisi, İranda İslam Respublikası hakimiyyətə gələndə çox böyük və populyar şüarlarla gəldi. Bunların biri İran inqilabının rəhbərinin  hakimiyyətə verdiyi sözlər idi. Bu sözlərə görə əslində İranda xalqın azadlığı təmin olunmalı, onların iqtisadi rifahı  yüksəlməli idi. Su, işıq, qaz və digər kommunal xərclər pulsuz olmalı idi. Şəhərlərdə avadanlıq, təmir, bərpa işləri, şəhərləri gözəlləşdirmə işləri daha sürətlə keçməli idi. Bir sözlə- Xomeyni İranda insanlara cənnət yaradacağına  söz vermişdi. Lakin inqilabdan 43 il keçməsinə baxmayaraq, bunlar heç biri gerçəkləşməyib. İranda insanların iqtisadi vəziyyəti getdikcə daha da pisləşir. Bir tərəfdən iqtisadi vəziyyət, bir tərəfdən insanların hüquq və azadlıqlarının pozulması, azadlıqlarının məhdudlaşdırılması, söz və sərbəst toplaşma haqqının olmaması, saxta seçkilər, seçilmişlərin yenidən  seçilməsi və.s vəziyyəti daha da çətinləşdirir.
Tam diktaturanın yaranması, diktaturanın özünü guya demokratik şərtlərə uyğunlaşdırıb diktatura hakimiyyəti yaratması  insanlarda ciddi narazılıq yaradıb. Hakimiyyətin belə siyasətləri insanların demək olar, böyük əksəriyyətini hakimiyyətdən üz döndərməyə gətirib çıxarıb və insanlar öz haqlarını tələb etmək üçün bəhanələr axtarır, fürsətlər gözləyirlər.
Əmininin ölməsi İranda digər təbəqələrin də reaksiyasına gətirib çıxarıb. Bu hakimiyyət yaranandan bu günə qədər üzləşdiyi  ən böyük etiraz aksiyaları oldu. Bu aksiyalar İranın bütün bölgələrində həyata keçirildiyinə , əhalinin daha çox iştirak etdiyinə görə üç aydan çox müddətdir ki, davam edir. İranda inqilabdan sonra baş verən ən böyük hadisə sayılır. Bu hadisədən sonra xalqla hakimiyyət arasında yenidən birlik yaranması qeyri -mümkündür. Hadisələrin nəticəsi olaraq insanların getdikcə etirazlara qatılması daha çox olacaq və günü gündən narazılıqlar artacaq.

– İranın hazırki vəziyyətində kənar müdaxilələr varmı, yoxsa tamamilə daxili problemdir?
-İranda onsuz da  kənar müdaxilə İran inqilabı baş verəndən bu yana mövcuddur. Elə inqilabın özündə də kənar müdaxilələr var idi. İndiki hakimiyyətin iqtidara   gəlməsində hər halda kənar müdaxilələr olmasaydı, şah rejimi bu rahatlıqda devrilib, İslam Respublikası yarana bilməzdi. İslam Respublikası yaranandan sonra da yenə də xarici müdaxilələr İranda olub. Qərblə münasibətlər birmənalı olmayıb. Bəzi dövlətlər İran İslam Respublikasının varlığını öz mənafelərinə uyğun hesab edib, bu və ya digər formada İranla münasibətləri saxlayıb. Bəzi dövlətlər İranla münasibətləri saxlamasa da,regiondakı mənafeyinə uyğun olduğuna görə İran hakimiyyətinin varlığını qəbul edib. Misal üçün, Fars körfəzi ölkələri İran kimi bir ölkənin regionda mövcud olmasına görə Qərb xüsusən ,Amerikanı regiona çağırıblar və Amerikanın indi silahlı qüvvələri Fars körfəzində bir çox ölkələrin limanlarında mövcuddur. Fars körfəzində Amerikanın 2003 hərbi donanması var. Bu, İran təhlükəsindən, ərəb ölkələrini qorumaq üçündür. Əgər İran təhlükəsi olmasaydı,  Qərbin, xüsusən Amerikanın Fars körfəzində hərbi donanmasının olması real deyildi. Demək, bu da Amerikanın mənafeyinə uyğundur ki, belə bir rejim hakimiyyətdə olsun və regiona daim qorxu mənbəyi, təhlükə kimi digər ölkələrin də sonu olsun. İndiki hadisələrdə də təbii ki, İranda baş verən hadisələrdə Qərbin və xarici dövlətlərin bir çoxunun müdaxiləsi ola bilər. Qərb mediası İrandakı hadisələrə geniş yer verir və hadisələri daha çox istədikləri məcraya yönəltməyə çalışırlar. Lakin, bunun İranda zəmini olmasa,  xalq və hökumət arasında narazılıq olmasa, başqa dövlətlər, xarici dövlətlər bundan da istifadə etməzdi. Xarici dövlətlərin müdaxiləsi sadəcə xalqın istəklərinin tez gerçəkləşməsinə yardım edə bilər. Bundan başqa, xarici dövlətlərin müdaxiləsi indiki şəraitdə İranda heç bir vəziyyəti dəyişə bilməz. Amma, hadisələrin belə inkişafı,hakimiyyətlə xalq arasında uçurumun getdikcə dərinləşməsi və tökülən qanın daha çox olmasında  Qərbin hansı mövqe tutacağı barədə hələ ki, heç bir proqnoz vermək olmaz. İranda vətəndaş müharibəsi ola bilər ki, onda xarici dövlətlərin birbaşa müdaxiləsi də gözlənilə bilər. İranda rejimin rahat, heç bir hadisə  yaratmadan hakimiyyəti tərk etməsindən söhbət gedə bilməz.  Çünki, bu, hakimiyyət xalq içindən olan hakimiyyət deyil. Hakimiyyət elə bir qrupdur ki, indiki iqtidarı ələ alıb və bunu elə rahatlıqla əldən vermək istəmir.  Bunu əldən vermək dini rejimin, vəhşiliyin, bütövlükdə İran tarixinin silinib  getməsi deməkdir. Bu səbəbdən indiki molla rejimi hətta zəifləsə belə, mən ehtimal verirəm ki, bəzi irançı qüvvələr rejimin yaranmasına kömək edəcəklər. Əgər İran parçalanma səviyyəsinə gəlib çatsa, o irançı qüvvələr rejimin yanında yer alacaqlar. Və onlarla bərabər digər etniklərə qarşı vuruşacaqlar.

-İranın Azərbaycana qarşı son 2 ildə mövqeyinin kəskin şəkildə dəyişməsinin altında hansı amillər dayanır?
– Azərbaycan dövləti 30 ildən çoxdur ki, işğalda olan  ərazilərini işğaldan qurtarmağa çalışırdı. Bunun üçün atəşkəs dövründə öz ordusunu yenidən canlandırdı, gücləndirdi, silahlar aldı, daxili silahlar istehsal elədi və bir sözlə, Azərbaycan həm iqtisadiyyatını, həm öz xalqını, həm ordusunu ərazilərini işğaldan azad.etmək üçün hazırladı. Nəhayət, İkinci Qarabağ müharibəsində 44  gün ərzində öz torpaqlarının çox hissəsini hərbi yolla ala bildi. İran heç vaxt bunu gözləmirdi. Hər zaman müharibədə Ermənistanın yanında olub, Ermənistana müxtəlif formalarda kömək edirdi. Buna  44  günlük müharibədə də biz şahid olduq. Rusiyadan gələn silahlar İran vasitəsilə  Ermənistana getdi. Hətta bəlkə də İranın öz daxilindən də bir çox silahlar Ermənistana göndərildi. Səbəbləri nə ola bilər? Azərbaycanın regionda inkişafı və Azərbaycanın örnək  dövlətə çevrilməsi İranın  mənafelərinə uyğun deyil. İran əhalisinin təxminən yarısı azərbaycanlıdır.  Azərbaycanın cənublulara örnək ölkəyə çevrilməsi İrana sərf eləmir. Onlar Azərbaycana baxıb, buradan ilham alıb özlərini müstəqil dövlətə çevirmək istəyirlər. Əgər Azərbaycan güclü və inkişaf etmiş bir dövlətə çevrilsə, İrandakı azərbaycanlılar da müstəqilliyin nə gözəl nəticələr verdiyini görüb, eynən bu formada yaşamaq istəyəcəklər. Və təbii ki, bunun da yolu Cənubi Azərbaycanın müstəqil olması və Azərbaycanın birləşməsindən keçir. Buna görə İran heç vaxt Azərbaycanın inkişafını, Azərbaycanın təhlükəsiz  dövlətə çevrilməsini və müharibədə uğur qazanmalarını istəmir. Son iki ildir görürük ki, müharibədən sonra Azərbaycanın qazandığı uğura görə  İran dövləti Azərbaycana qarşı çox çirkin siyasətlər yeridir. Sərhəddə hərbi təlimlər keçir, Azərbaycana hədə-qorxu gəlir, Azərbaycan Prezidentinə qarşı  təhqiramiz ifadələr işlədir, Azərbaycanın uğurlarını əks göstərir, danır. İran mətbuatı da çalışır ki, Azərbaycanın inkişafını yox, Azərbaycanın pis gündə olduğunu göstərsin. Bunlar hamısı İran rejiminin Azərbaycana qarşı çirkin siyasətinin nümunəsidir. Amma Cənubi Azərbaycanda yaşayan soydaşlarımız birmənalı olaraq  Azərbaycan dövlətini dəstəkləyib. İran nə qədər Azərbaycanla düşmənçilik eləsə də, heç vaxt bu səviyyədən daha irəli apara bilməyəcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  də son üç ayın içində üç dəfə azərbaycanlıların hüquqlarını, təhlükəsizliyini dilə gətirib, onların azadlığına toxunaraq, onları müdafiə edəcəyini deyib. Bu isə cənubi azərbaycanlılarda ruh yüksəkliyi yaradır. Azərbaycana daha möhkəm bağlanmasına həqiqətən zəmin yaradır. Biz xəritədə parçalanmış olsaq da, Cənubi Azərbaycanla, Şimali Azərbaycan ürəkdə birdir. Hər iki tərəfdə yaşayan azərbaycanlıdır. Hər iki tərəfdə yaşayanların problemi,dərdləri, kədərləri eynidir.

-Azərbaycan hansı halda İranı bağışlamalıdır?
-İran adı sonradan qoyulmadır. İran vahid bir etnikdən ibarət deyil ki, Azərbaycan onu bağışlasın. İranda azərbaycanlılar öz hüquqlarını əldə edə bilsələr, İranın coğrafi vəziyyəti dəyişsə,adı nə olursa olsun, fərq etməyəcək. Yenidən “İran” olsa, bu bizim yox, onların məsələsidir. Həmin yaranan dövlətdə hansı etnik qrup yaşasa, Azərbaycan onu bağışlaya bilər. Ancaq, indiki halda bu suala cavab vermək olmur. Biz orada olan azərbaycanlıların təhsilini, hüququnu  onlara bağışlaya bilmərik. Elə bir hal yoxdur ki, biz ondan əl çəkək, görməzdən gələk. Bir hissəmiz müstəqil olub. Öz müqəddəratını həll etmək hər şeyi əhatə edir. Digər hissəmiz müstəqil olduqdan sonra İranın qalan ərazilərində yaşayan kim olur olsun, onu bağışlamaq olar.

-Hazırda Laçın-Xankəndi yolunda olan dinc aksiya dünyaya nəyi çatdırmaq istəyir?
-Şuşa-Xankəndi yolunda baş verən aksiya azərbaycanlı ekofəallar tərəfindən  ermənilərin çirkin siyasətini üzə çıxarmaq üçün baş tutub. Təhlil edərkən birmənali şəkildə yanaşmaq istəmirlər. Azərbaycan nöqteyi nəzərdən təbii sərvətlərinin qorunması üçün atılan addımdır. Başqa dövlətlər öz mənafeyinə uyğun mənalar çıxarır. Məqsədimiz ərazimizdə olan təxribatçı qüvvələrin ərazimizi çirkləndirmək niyyətinin qarşısını almaqdır.   Cənubi Azərbaycan bu aksiyanı tamamilə dəstəkləyir. Dünyaya çatdırılması üçün əlindən gələni edir. Hər halda işğaldan azad olunmayan torpaqların belə hər biri bütün azərbaycanlılara məxsusdur. Ərazisində hansı etnik qrupun yaşamasından asılı olmayaraq, Azərbaycan vətəndaşıdır. Azərbaycan dövləti erməni, kürd, istənilən vətəndaşına sahib çıxmalıdır.

-Qarşıdan gələn 31 dekabr həmrəylik günü ilə bağlı dünya azərbaycanlılarına olan arzularınız nələrdir?
-Dünya azərbaycanlılarının həmrəyliyi günü ümummilli lider Heydər Əliyev tərəfindən elan olunub. Bütün azərbaycanlılar bu günü bayram kimi qeyd edir. Bizim xalq olaraq ən çox ehtiyacımız olan şey həmrəylikdir. Şimallı, cənublu, bütün azərbaycanlıların ürəyi Bakıda, Qarabağda, Təbrizdə döyünür.  Vahid Vətəndə yaşamaq istəyi  hər birimizin istəyidir. Hədəfimiz azərbaycanlıların dünyada böyük gücə çevrilməsidir. Biz buna layiqik. Tarixən böyük imperiyalar qurmuşuq.
Qarşıdan gələn 31 dekabr həmrəylik günü və yeni il münasibətilə bütün dünyada yaşayan soydaşlarımızı təbrik edirəm. İnanıram ki, bayramları bir gün Təbrizdə, Xankəndidə, Borçalıda keçirə biləcəyik.

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK