Xəbər verildiyi kimi, Güney Azərbaycanın ünlü ozanı Aşıq Çingiz Mehdipurun rəhbərlik etdiyi Təbrizin məşhur “Dalğa” musiqi qrupu dördillik fasilədən sonra yenidən Bakının qonağıdır.
Otaylı sənətçilərin butaylı həmkarları ilə birgə ərsəyə gətirdiyi maraqlı və zəngin repertuar Heydər Əliyev Sarayına toplaşmış çoxsaylı aşıq yaradıcılığı izləyicisini milli musiqimizin heyranedici aləmində ruhi-mənəvi birliyə qovuşdurdu. Güneyli Aşıq Cavad Məhərrəmi, Aşıq Məhbub Əbdu, Aşıq Salar Mehdipur, Aşıq Xatirə Məhəmmədxanlı, Quzeydən isə Aşıq Əli Zeynalabdinov, Məhsəti Cabbarova, Mirələm Mirələmov, Anar Şuşalı, Aşıq Nazim Quliyev və digər sənətçilərin bir-birini əvəz edən məftunedici çıxışlarının arasında səhnəyə dəvət edilən akademiklər Nizami Cəfərov və Muxtar İmanov, AMEA müxbir üzvü Misir Mərdanov, Xalq şairi Sabir Rüstəmxanlı, professor Mahirə Nağıqızı “Təbrizin səsi” adlı bu konsertin məhz xalqımızın ortaq zövqünü sərgiləməsindən, məfkurə birliyini parlaq şəkildə təcəssüm etdirməsindən söz açdılar. Natiqlər bu yolda 50 milyonluq xalqımıza daha möhkəm qaradaşlıq və davamlı həmrəylik arzuladılar.
Konsertin sonunda Aşıq Çingizin ifa etdiyi “Yanıq Kərəmi” kompozisiyası və digər solo təqdimatları salonda daha yüksək coşğu və alqışlar yaratdı.
Elə bu əhvalla da konsertdən dərhal sonra Çingiz bəylə ayaqüstü müsahib olduq. Güneyli sənət fədaisi bildirdi:
– Dördillik ayrılıqdan sonra yenidən Bakının ən böyük salonunda, bu il 100 yaşı tamam olan Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan möhtəşəm sarayda qardaşlarımız qarşısında çıxış edə bilməyimiz böyük xoşbəxtlikdır. Dünyanı sarsıdan, yolları kəsən pandemiya arxada qalıb, Qarabağ zəfəri 30 illik ümumi yaramıza məlhəm olub.
Biz hər mizrab vuranda onun sizlərin qəlbini necə titrətdiyini aydınca duyub daha coşğu ilə çalıb-çağırdıq. Siz bizdən təsirləndiyiniz kimi, biz də sizin sənət zövqü almağınızdan ilhamlandıq. Doğma ana dilimiz kimi, milli musiqimiz də xalqımızın mənəvi birliyini ifadə edir və onu gələcəyə yönləndirir. Biz Təbrizdən Bakıya elə bu istəklə gəlmişik. Bu tayda qazanılan qələbə bütün dünya azərbaycanlılarına hədsiz öyünc gətirir.
Birgə konsertimizin belə uğurlu alınması isə ümumi mədəni qaynaqlarımızın yaşarılığını, mənəvi birliyimizin sarsılmazlığını bir daha sübut etdi. Biz bir ananın övladları olduğumuzu belə ortaqlaşma məqamlarında daha aydın görüb anlayırıq. Xalqımızın xoş günləri biz sənətçilərə yeni yaradıcılıq əhvalı gətirir. Həmişə qardaşlarımızın xidmətində olmaqdan məmnunluq duyuruq.
Çingiz bəyi və sənət dostlarını qarşıdakı günlərdə redaksiyaya dəvət etməklə söhbəti bitirdik. Sənət dialoqunun ardını redaksiyamızda keçiriləcək görüşdə davam etdirəcəyik.
T.RÜSTƏMLİ
XQ