Təbrizli milli fəal: “İran Türkiyənin yardımını qəbul etsəydi də, onu Xoya çatdırmayacaqdı”

by Samir Asadli

“Hazırda Xoyda hava kəskin pisləşib, yağış, qar artıb. İnsanlar günlərdir ki, çadırlarda yaşayır. Hətta bəzilərinin heç çadırları da yoxdur. İran rejimi özü təkbaşına bu problemin öhdəsindən gələcəyini desə də, çox təəssüf ki, camaat heç bir yardım etmir”.

Bu sözləri əslən Təbrizdən olan tanınmış milli-mədəni fəal Cəmşid Zareyi Musavat.com-a açıqlamasında deyib.

O qeyd edib ki, İran rejimi zəlzələnin ağır fəsadları ilə üzləşən Xoy sakinlərinə etinasız yanaşsa da, xalq özü yardımlar təşkil etməyə çalışır: “Xüsusilə də Təbrizdən, Ərdəbildən yardımlar təşkil olunur. Deyə bilərəm ki, Təbrizin bütün meydanlarında yardım çadırları qurulub, hər gün 20-30 maşın Xoy şəhərinə yola düşür. Lakin çox təəssüf ki, İran rejimi Güney Azərbaycan xalqının bu yardımının da qarşısını almağa, manelər törətməyə çalışır. Hətta insanlar bu yardımları çatdırmaq üçün İran qüvvələrinə müqavimət göstərir, döyülürlər. Bu barədə sosial şəbəkələrdə də xeyli sayda videogörüntülər, informasiyalar yayılıb.

Əlbəttə ki, İranın kənar ölkələrin yardımına ehtiyacı var. İndi guya ki, özünü güclü bir dövlət göstərməyə çalışır. Halbuki daxildə kiçik məsələlərdə belə aciz qalıb. Acizlikdən dini rəhbərin sifarişi ilə 7 nazirə səlahiyyət verilib ki, dövlətə məxsus bəzi şeyləri sata bilərlər”.

Milli fəal Azərbaycan və Türkiyənin hər zaman İrana yardımlar göstərdiyini diqqətə çatdırıb: “Azərbaycan hər zaman, zəlzələ və yaxud digər məsələlərdə, o cümlədən pandemiya zamanı öz humanitar yardımlarını etdi. Təbii ki, Türkiyədə yardımlarını əsirgəmədi. Lakin Azərbaycanın 44 günlük müharibədə qələbəsindən sonra İran açıq şəkildə Azərbaycana, Türkiyəyə diş qıcayır, erməni “qardaşlarını” daha bərkdən bağrına basır.

Bir məsələni də qeyd edim, hətta İran Türkiyənin humanitar yardımını qəbul etsəydi belə, o yardımı Xoy camaatına çatdırmayacaqdı. Bundan əvvəlki zəlzələ hadisələrində bunu gördük. Belə ki, xaricdən gələn humanitar yardımlar İran orqanlarının arasında bölüşdürüldü. Bəm, Ərdəbil, Qaradağ zəlzələsində də belə idi.

İran nə zaman xalqın yanında olub ki, indi də olsun. Biz sadəcə millətimizin, qardaş Türkiyənin gücünə inanırıq. İnanırıq ki, hansı yolla olursa olsun, öz yardımlarını Xoya çatdıracaq və İranın pisliyi yenə də özünə qalacaq”.

 

Xatırladaq ki, İran Qızıl Aypara Cəmiyyəti Cənubi Azərbaycanda – Xoyda baş verən zəlzələ nəticəsində zərərçəkənlərə yardımla bağlı Türkiyənin Qızıl Aypara Cəmiyyətinin təklifini qəbul etməyib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Türkiyənin Qızıl Aypara Cəmiyyətindən bildirilib.

Belə ki, İran tərəfi heç bir yardıma ehtiyacları olmadıqlarını qeyd edib.

“Baş vermiş zəlzələdən sonra yaranan humanitar fəlakətin yaratdığı fəsadları İran tərəfinin aradan qaldıracağı bildirilib. Ona görə də Türkiyə bu məsələdə öz dəstəyini göstərə bilmir”, – məlumatda bildirilib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK