Son günlər ümumi əfv sərəncamının verilməsinə baxmayaraq, bu işdə də hakimiyyət nümayəndələri öz zövqlərinə uyğun davranır və Abbas Lisanini həbsdə saxlayırlar. Bu barədə Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış təbrizli vəkil Sina Yusifi deyib.
“Əfv sərəncamı iki qrupa aid edilib. Birinci qrup son etiraz aksiyalarında saxlanılanlar, ikinci qrup isə aksiyalardan öncə başqa ittihamlarla həbs edilənlərdirlər. Bir sıra məhkumların adının əfv sərəncamı siyahısına salınmaması başa düşülən deyil”,-deyə, Sina Yusifi bildirib.
Qeyd edək ki, Abbas Lisani ailəsi ilə qısa telefon danışığı zamanı hüquqlarının pozulduğuna etiraz əlaməti olaraq aclıq aksiyasına əl atacağını deyib.
“Təhlükəsizlik qurumlarının müalicə olunmağıma maneçiliklərinin davam edəcəyi təqdirdə hüquqlarımın pozulmasına etiraz olaraq aclıq aksiyasına əl atmaqdan başqa yolum qalmayacaq”,- Lisani xəbərdarlıq edib.
Qeyd edək ki, Abbas Lisaninin sağlamlıq durumunun pisləşməsi, bir neçə xəstəlikdən əziyyət çəkməsi və müalicə olunması ilə bağlı həkimlərin rəyinə baxmayaraq, onun tibbi məzuniyyətə buraxılmasına icazə verilmir.
Abbas Lisani 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.