“Təkərli Kitab Dükanı” ölkənin bütün bölgələrini gəzməyi planlaşdırır

by Samir Asadli
“Qanun” nəşrlər evi və “Əli və Nino” kitab mağazaları şəbəkəsi “Təkərli Kitab Dükanı” layihəsinə start verib. Səyyar kitab dükanı ilk olaraq Bakının Fatmayı kəndində, daha sonra isə Xırdalan qəsəbəsində kitab satışına başlayıb.
  “Əli və Nino” kitab mağazası şəbəkəsinin rəhbəri Nigar Köçərli isə “Sherg.az”a açıqlamasında deyib ki, onların əsas hədəfi satış deyil. İnsanları kitaba daha yaxın etməkdir:
“Təkərli Kitab Dükanı”nı sınamaq üçün ilk olaraq yolumuzu uzaqdan yox, Bakının Fatmayı kəndindən saldıq. Ümumi olaraq, yaxşı idi. Əhalinin reaksiyası, uşaqların marağı bizi çox sevindirdi. Təəssüflər ki, nöqsanlar da oldu.
  Orada olduğumuz vaxt ərzində bələdiyyə, polis gəlib niyə icazəsiz kitab satmağımızdan gileyləndi. Lakin ən xoşagəlməz hal özünü Mədəniyyət Mərkəzinin direktoru kimi təqdim edən xanımın bizimlə yersiz mübahisəsi oldu.
  Əsəbi halda bizə yaxınlaşan xanım gəlib dedi ki, mədəniyyət evinin direktoruyam, buralar mənimdir. Onun “Sizə kim icazə verib ki, burada dayanıb kitab satırsınız” tonunda danışması bizə çox pis təsir etdi. Ən pisi də odur ki, iki saat ərzində bu cür mənasız və xoşagəlməz mübahisə davam etdi. Xanım gəlib-gedib bizimlə aqressiv tonda danışırdı deyə heç düz-əməlli işləyə bilmədik. Halbuki biz ora necə xoş niyyət, müsbət enerji ilə getmişdik.
  Lakin yerli insanların reaksiyası olduqca müsbət, sevindirici idi. Hətta bir neçə nəfər bizi müdafiə etməyə çalışırdı. Xüsusən də, o xanım gəlib dava salana qədər taksi sürücüləri, kitabsevər insanlar bizimlə çox xoş ünsiyyət qurmuşdu. Yadımda ən çox qalan nüans isə velosiped sürən balaca oğlanlar oldu. Bizi görüb yaxınlaşdılar həyəcanla, həvəslə kitablara baxıb seçirdilər. Böyüyü 1 manatlıq kitabı seçib, balacanı evə pul dalıyca göndərdi, özü də başladı bütün dostlarına zəng vurmağa ki, gəlin, burda kitab var, gəlin bura. 10 dəqiqədən sonra bütün dostları qaça-qaça gəldilər. Uşaqların kitaba olan marağı bizim üçün çox müsbət hal idi”.
  N.Köçərlinin sözlərinə görə, layihənin məqsədi “Təkərli Kitab Dükanı” ilə ucqar kəndləri gəzmək olsa da, yolda qalmamaq, nöqsanlarını bilmək üçün ilk səfərlərini Bakı və Bakıərtafı kəndlərə ediblər: “Bildiyiniz kimi, Fatmayıdan sonra “Təkərli Kitab Dükanı” Xırdalana üz tutdu. Orada “Köhnə universam”ın qarşısındakı parkın yanında dayandıq. Heç kim bizə mane olmadı deyə axşam saatlarına qədər işimizə davam etdik.
  Fatmayı ilə müqayisədə Xırdalan sakinləri daha hazırlıqlı idi, sanki kitab oxuyan insanların da sayı çoxdur. Orada bizə yaxınlaşan insanlar nə istədiklərini, konkret olaraq hansı kitabı alacaqlarını bilirdilər. Gələnlər arasında uşaqlı ailələr və müəllimlər çox idilər. Hətta bir neçə nəfər sosial media hesabımızı izlədiyi üçün gəlişimizdən xəbərdar olduqlarını dedi. Bir sözlə, Xırdalan səfərimizi çox bəyəndim. Ümid edirəm ki, gələcək səfərlərimizdən də bu cür xoş aura ilə qayıdarıq”.
  Qeyd edək ki, “Təkərli Kitab Dükanı”nın növbəti dayanacağı Quba rayonunun ucqar kəndlərindən biri olacaq. Səfər həftənin şənbə gününə planlaşdırılıb.
Xırdalan qəsəbəsində baş tutan görüşdə yazar Cəlil Cavanşir də iştirak edib.
O, günün sonuna yaxın getsə də, kitab haqqında söhbətlərə qoşulub, təşkilatçılara kömək edib. Layihə ilə bağlı təəssüratlarını “Sherg.az”la bölüşən yazar isə belə deyib: