20-21 dekabr 2022-ci il tarixində Bakı və Şuşa şəhərlərində keçirilmiş “Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı/Şuşa Forumu”nun iştirakçılarının imzaladığı BİRGƏ BƏYANAT ictimaiyyət tərəfindən müsbət qiymətləndirilir.
Dünya Azərbaycanlıları Konqresi (DAK) həmsədrinin müşaviri, “Azəri Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı hesab edir ki, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin diasporlarının birgə fəaliyyəti ilə bağlı qəbul edilən qərarlar çox böyük əhəmiyyət daşıyır: “Mən xatırlayıram ki, Heydər Əliyev ilk dəfə dünya azərbaycanlılarını bir araya toplayanda, o zaman Türkiyədən türk diaspor təşkilatlarını da dəvət etmişdilər. İlk qurultayda belə bir bəyannamə, belə bir açıqlama vardı ki, biz Azərbaycan və Türkiyə olaraq önəmli milli məsələlərimizdə birgə hərəkət etməliyik. Sonra cənab Prezidentimiz İlham Əliyev Dünya Azərbaycanlılıarının qurultaylarında bunu daha da genişləndirərək, rəsmi sənədlər qəbul edilməsini tövsiyə etdi. Azərbaycan və Türkiyə diaspor təşkilatları uzun zamandır məhz bu rəsmi sənədlər əsasında birgə fəaliyyət göstərirlər. “Erməni soyqırımı” iddialarına qarşı mübarizədə, Qarabağ işğalda olduğu dönəmdə Azərbaycanın səsinin dünya ictimaiyyətinin gündəminə daşımaqda çox böyük addımlar atılıb. Əlbəttə, Diasporla İş üzrə Dövlət Komitəsi qurulandan sonra bu, daha koordinasiyalı və daha təşkilatlanmış formada həyata keçirilib. İndi də Türk Dövlətləri Təşkilatının qəbul etdiyi belə açıqlamalar, bəyannamələr çox önəmlidir. Bu, gücümüzə güc qatacaq, Vətən müharibəsində qazandığımız böyük Zəfərin daimi olaraq qalmasına və beynəlxalq təşkilatlarda səsimizin daha çox duyulmasına kömək edəcək. Atılan hər addım təqdirəlayiqdir. Bu məsələlərdə Şuşa Bəyannaməsinin də çox önəmli rolu var. 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edilmiş Şuşanın millətimiz və dünya türkləri üçün nə dərəcədə əhəmiyyətli olmasını göstərmək yolunda atılacaq hər bir addımın böyük əhəmiyyəti var. Mən bu işdə əməyi keçən hər kəsi təbrik edirəm, çox böyük addımdır, çox böyük bir işdir. Millətimiz üçün, Türk dünyası üçün xeyirli, uğurlu olmasını arzu edirəm”.