Tənzilə Rüstəmxanlı: “Hər birimiz bölgədə daha bir türk cumhuriyyətinin yaranmasını arzulayırıq”

by Samir Asadli

Ötən il sentyabrın əvvəlində Əxlaq polisinin hicab qaydalarını pozduğu iddiası ilə saxladığı 22 yaşlı Məhsa Əmininin üç gün sonra müəmmalı şəkildə vəfat etməsi ölkənin etiraz dalğasına bürünməsinə səbəb olub. Dörd aydan artıqdır davam edən etiraz dalğası həm də yoxsulluq, işsizlik, bərabərsizlik, ədalətsizlik və korrupsiya ilə bağlı narazılıqdan da qaynaqlanır. İranda proseslərin gələcək inkişafı və burda yaşayan soydaşlarımızın taleyi ilə bağlı DAK.az saytına açıqlama verən Dünya Azərbaycanlıları Konqresi həmsədrlərinin müşaviri, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, etirazlar artıq bir hicab qadağası ilə məhdudlaşmır: “Hətta hökumətin hicabın şəxsi seçim olduğunu bildirməsi də kifayət deyil. İnsanlar bilirlər ki, bu hakimiyyətlə İranın gələcəyi yoxdur. Biz görürük ki, İranın müxtəlif təbəqələrindən olan, müasir və mühafizəkar insanlar qadınları dəstəkləməklə əslində özlərinin daha çox hüququnu geri almaq istəyirlər. İranda davam edən etiraz dalğası inqilabın üç əsas şərtini özündə ehtiva edir. Bunlardan birincisi etirazların coğrafi baxımından geniş olmasıdır. Yəni daha öncəki etirazların coğrafiyasında baxdıqda bu qədər geniş, ölkəni başdan-başa öz cənginə alan etirazların olmadığını görərik. İkincisi, bu etirazların davamlı olmasıdır. Üçüncü vacib şərt isə ondan ibarətdir ki, bu etirazlarda aparıcı güc qadınlar və gənclərdir. Buna görə də mən hesab edirəm ki, bütün repressiyalara baxmayaraq bu etirazlar bir inqilabın ayaq səsidir, və davam edəcək”.

T.Rüstəmxanlı onu da bildirdi ki, İranda molla rejimi çöksə belə, orada ölkədə demokratik bir ölkənin yaranması ehtimalı demək olar ki, yoxdur: “Çünki İranda dərin bir farsçılıq var və irançılıq var və bəzən bunların ikisi üst üstə düşür. Bu prosesdə bizi daha çox maraqlandıran Güney Azərbaycanın gələcək taleyi və burda yaşayan soydaşlarımızdır. Əlbəttə, hər birimiz bölgədə daha bir türk cumhuriyyətinin yaranmasını arzulayırıq. Məlum məsələdir ki, insanların beyninə illərlə fars rejimi ideologiyası yeridilib, onun təbliğatı aparılıb, ona görə də bəziləri farsçılığa, bəziləri isə şiəçiliyə bağlanıblar. Bununla belə böyük əksəriyyət bu ideyanın yaranmasını arzulayır. Azərbaycan Milli Hərəkatının tələbləri, istəyi, hədəfi sadəcə İran adlanan dövlətdə bir rejim dəyişikliyi və ya hakimiyyətdəki qüvvələrin yerdəyişməsindən ibarət deyil, bizim öz hədəfimiz və prinsiplərimiz var və bunun çərçivəsində öz mübarizəmizi gerçəkləşdirə bilərik. Güney Azərbaycanda İslam Respublikasına qarşı hərtərəfli mübarizə və müxalifət var. Biz azərbaycanlılarının da mülki, hüquqi və siyasi hüquqları mövcuddur. İslam hakimiyyəti dövründə Azərbaycan torpağı talan edildi. Milli və vətəndaş fəalları həbs olunub, işgəncələrə məruz qalıb. Bir neçə azərbaycanlı fəal hələ də həbsdədir. Güney Azərbaycanda türklər öz ana dilində təhsil və dərs demək hüququndan məhrum edilib. Azərbaycanın bölgələrində yoxsulluq və işsizlik geniş vüsət alıb. Urmiya gölü rejimin etinasızlığı ucbatından qəsdən qurudulub. Təbriz və Urmiya kimi böyük şəhərlərdə havanın çirklənməsi minlərlə insanın həyatını təhdid edir. Güney Azərbaycan xalqı rifahdan, səhiyyə obyektlərindən məhrumdur. Bu gün diqqət mərkəzində olan məhz rejimin getməsidir. Bundan sonra Güney Azərbaycanın gələcəyini müəyyən etmək mümkün olacaq”.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK