“Laçın nəzarət buraxılış məntəqəsi təhlükəsizlik təmin olunandan sonra açılacaq”.
Bunu Bakupost.az -a açıqlamasında sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Laçın yolunda Ermənistanın törətdiyi son təxribatı şərh edərkən deyib.
Onun sözlərinə görə, bu cür təxribatlar Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü sadəcə, görüntü xatirinə tanıması deməkdir:
“Laçın nəzarət-buraxılış məntəqəsində işin təhlükəsiz şəraitdə davam etməsi üçün tədbirlər görülür. Baş verən təxribatın əsas məqsədi o idi ki, yol bağlansın. Biz beynəlxalq qurumların bu məsələdə Ermənistana daha təsirli şəkildə təzyiq göstərməsini gözləyirik. Rusiya və digər kənar oyunçular bölgədə münaqişənin davam etməsinin tərəfdarıdırlar. Onlar münaqişə vasitəsilə vəziyyəti idarə etmək istəyirlər. Bu da Azərbaycanın maraqlarına ziddir. Ona görə də Azərbaycan bu məsələdə verilən təkliflərə çox diqqətlə yanaşmalıdır”.
T.Zülfüqarov qeyd edib ki, hazırda mühasirədə qalan separatçı ünsürlər Ermənistan məmurlarıdır:
“Xankəndində müxtəlif “vəzifələr”də təmsil olunan, özünü “nazir”, “prezident” adlandıran insanlar hamısı maaşı Ermənistan büdcəsindən alırlar. Yəni, onlar de-fakto Ermənistan məmurlarıdır. Bu baxımdan əgər Ermənistan Azərbaycan ərazi bütövlüyünü tanıyırsa, deməli suverenliyinə də hörmət etməlidir. Bu cür ünsürlərin orda qalması və Ermənistandan maaş alması təbii ki, qəbuledilməzdir. Bu, bir növ hərbi işğalın davamıdır. Ermənistan ciddi şəkildə öz öhdəliklərinə əməl etməli və bu məsələ həllini tapmalıdır. Xankəndində baş tutacaq reinteqrasiya prosesi qısa müddətdə öz həllini tapa bilməz. Reinteqrasiya bir çox sahələri – həm siyasi, həm iqtisadi, həm də humanitar sahələri əhatə etməlidir. Bizə bu mürəkkəb prosesdə maneələr yaradılmasını istəmirik. Maneələri isə ermənilər, Ermənistanın Qarabağda maaş alan məmurları və sülhməramlıların bəzi əməlləri yaradır. Onlar prosesin uğurla getməsini istəmirlər. Lakin Azərbaycanın gücü, siyasi iradəsi və ictimaiyyətin dəstəyi ilə qarşımıza qoyduğumuz məqsədlərə nail olacağıq”.