“Tamahkar” Dərbənd səhnəsində

by Samir Asadli

Bu günlərdə Dağıstan Respublikasının Dərbənd şəhərində Azərbaycan teatrı adına bir bayram yaşanıb. Qədim diyarda fəaliyyət göstərən Azərbaycan Dövlət Dram teatrında Süleyman Sani Axundovun “Tamahkar” tamaşasının premyerası olub. Əsəri səhnə üçün Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov hazırlayıb.

Dərbənd Azərbaycan teatrında çoxdan idi ki, belə qələbəlik yaşanmamışdı. Azərbaycan mədəniyyətini sevən hər kəs həmin axşam tamaşanı seyr etmək üçün zala toplaşmışdı. Burda azərbaycanlılarla birgə rus, ləzgi və digər xalqların nümayəndələri də vardı.Teatr onlar üçün birbaşa olaraq rus dilində sinxron tərcümə də təşkil eləmişdi. Qeyd edək ki, səhnə əsərindəki mahnılara yazılan şeir parçaları da quruluşçu rejissora məxsusdur.

Dərbənddən yenicə qayıtmış Firudin Məhərrəmovla onun yaradıcılıq uğurlarını daim izlədiyimiz Sumqayıt teatrında görüşdük. Növbəti məşqdən imkan tapıb bizimlə söhbət etdi.

Firudin Məhərrəmov bəxtinə Mədəniyyət və İncəsənət Universitetində Mehdi Məmmədov, Azər Paşa Nemətov kimi ustadlardan dərs almaq düşən tələbələrdən olub. Ömrünün yarıdan çoxunu doğma teatrda keçirib. 1997-ci ildən Sumqayıt Dövlət Dram Teatrının baş rejissorudur. Kulturoloq Hafiz Ataxanlının onun həyat və yaradıcılığına həsr etdiyi yeni “Altıncı hücrənin remarkası” kitabında da göstərildiyi kimi, həyatını bu sənət məbədindən kənarda təsəvvür edə bilmir. İndiyədək burada 55, ümumiyyətlə isə, 80 tamaşaya uğurlu quruluş verib, 30-dək səhnələşdirdiyi yubiley təqdimatı olub. Neçə-neçə film ssenarisi yazıb. İllərdir ki, o, Sumqayıtda keçirilən dövlət səviyyəli tədbirlərin ssenari müəllifi və quruluşçu rejissoru kimi də yorulmaz fəaliyyət göstərir. Sırf sənət uğurlarına gəlincə, dəfələrlə beynəlxalq festivalların qalibi olub. “Tərəqqi”, “Teatr xadimi”, “Sənətkar” medalları ilə, 2 dəfə “Qızıl Dərviş” mükafatı ilə təltif edilib. Eyni zamanda Prezident mükafatçısı olan Xalq artisti yaradıcılığının ən parlaq dövrünü yaşayır.

– Firudin müəllim, “Tamahkar”ın Dərbənd “sərgüzəşti”ni necə dəyərləndirmək olar? – deyə ona ilk sualımızı verdik.

– Əvvəla onu deyim ki, dəvətlə getdiyim Dərbənddə Azərbaycan teatrı üçün tikilən yeni bina hələ istifadəyə verilmədiyindən “Tamahkar”ın premyerası Ləzgi Dövlət Dram teatrının binasında nümayiş olunurdu, – deyə cavab verdi. – Tamaşada milli koloritlə əhatə olunmuş hər bir oynaq, ritmik səhnənin seyrçi alqışları ilə mükafatlandırıldığını da fəxrlə bildirirəm. Musiqi və mahnı parçaları tamaşaya xüsusi ovqat qatırdı. Orada hər an hamı tərəfindən özümə qarşı bir doğmalıq hiss edirdim.

– Əvvəllər də sizin başqa teatrlarda işləriniz uğurla səhnəyə qoyulub. Bəs, Dərbənd teatrının tamaşaya cəlb olunan aktyor heyətinin oyunundan necə, razı qaldınızmı?

– Bəli, istedadlı sənətçilərdir. Tamaşada rolları teatrın aktyorlarından Hörmət Aslanov, Əli Ağalarov, Səidə Əliyeva, Sərxan Səmədov, Dağıstan Respublikasının əməkdar artistləri Əfsanə Məlikova, Məhərrəm Ömərov, Rəhilə Ömərova, Mahir Məlikov, Əlimovsüm Abbasov ifa edirdilər. Hər biri üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi. Tamaşa qədim şəhərin ictimaiyyəti tərəfindən Dərbənd Azərbaycan teatrının böyük uğuru kimi dəyərləndirildi.

– Bir neçə kəlmə də rəhbərlik etdiyiniz Sumqayıt teatrındakı son işlər barədə məlumat verərdiniz.

– Bildiyiniz kimi, bu günlər Sumqayıtın 75 yaşı qeyd olunur. Yubileylə bağlı teatrımızda Əməkdar incəsənət xadimi Əli Əmirlinin şəhərin tarixindən, quruculuq salnaməsindən bəhs edən “Sevgilim Sumqayıt” tamaşası hazırlanıb və repertuarımızda önəmli yer tutur. Son işlərdən biri də elə həmin müəllifin 44 günlük Vətən müharibəsində Qələbəmizi tərənnüm edən “Xeyir xəbər” tamaşasıdır. Bu əsər rejissor Fuad Cavadzadənin quruluşunda yenicə nümayiş olunub.

Onu da xatırladım ki, bu il həm də bizim teatrımızın 55 illidir, yəni ikiqat bayram ovqatındayıq. 8 noyabr – Zəfər Günü münasibətilə Hafiz Ataxanlının qələmə aldığı, mənim quruluş verdiyim “Missiya” mistik qəhrəmanlıq dramı uğurla nümayiş etdirildi. İfaçılarımızı hər kəs ayaq üstə alqışlayırdı. S.Mrojekin “Mühacirlər” əsəri əsasında rejissor Ümid Abbasın quruluş verdiyi “Mənfi 1” tamaşası da uğur siyahımıza yazıla bilər. Növbədə Kamran Nəzirlinin “Narkoman” əsərinin tamaşasıdır, ayın sonunda oynanılacaq. Kiçik yaşlı tamaşaçılar üçünsə “Sehrin gücü” hazırlanıb. Repertuarımızda bir sıra başqa əsərlər də yer alıb.

Müsahibəni hazırladı:
Ə.DOSTƏLİ

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK