BMT bir sıra əlamətdar hadisələrin , vəziyyətlərin və günlərin Beynəlxalq statusa malik olmasında mühüm rol oynayır. BU , yalnız siyasətlə bağlı deyil, həm də onun tərkibində ixtisaslaşmış şəkildə yaradılaraq UNESCO adlandırılan mədəniyyət, elm və təhsil istiqamətlərini əks etdirən fəaliyyət növünü də özündə cəmləşdirmişdir . Mədəniyyət incəsənət, turizm və etnoqrafik təbliğat əslində dünyanın geniş yayılmış təsir güclərindəndir. Bu ənənə bəzi coğrafi ərazilərdə zəif inkişaf etsə də, müəyyən təzyiq və təsirlər olsa da, BMT tərəfindən tövsiyə olunan bir sıra mövzular əsasında müəyyən edilmiş ümumbəşəri , milli-mədəni və sosial-ictimai mövzuların yer aldığı məsələlər müzakirələrdən sonra, təqvimin müxtəlif günlərində fərqli adlar şəklində qərarlaşmışdır. 8 Mart Qadınlar Günü, Ümumdünya Sağlamlıq günü, Yer günü, Uşaq Hüquqlarının müdafiəsi və Tarixi Abidələrin mühafizəsi günü məhz bu kimi əlamətdar günlərdən hesab olunur.
18 Aprel Tarixi abidələrin mühafizəsi günüdür. 1983-cü ildən qəbul edilən bu qərar 1984-cü ildən etibarən, Beynəlxalq status almışdır. Maddi və qeyri-maddi irsin məhvi, onların qorunması yaxud da bərpasına olan ehtiyacdan yaranan əlamətdar günlə bağlı təşəbbüslər həmin ildən sonra dünya ölkələri arasında həm də yeni maraqların yaranmasına gətirib çıxarmışdır.
Eramızdan əvvəl və sonrakı dövrlərdə mövcud olan bir sıra yaşayış məskənləri, şəhərlərin qalıqları barədə danışarkən, onların bir zamanlar hansı şəkildə mövcudluğu, mühafizəsi mövzusunda saysız-hesabsız tədqiqat işləri və elmi araşdırmalara rast gəlmək olar. Avropada Asiya və şərq ölkələrinə aid bu kimi əhəmiyyətli tarixi bilgilərə öz mənbələrində az, bəzən isə , təhrif olunmuş şəkildə yer ayrılır. Belə ki , Avropada daha çox Qafqazın və Asiyanın orta əsrlərə və ondan sonrakı dövrü əhatələyən tarixinə aid qalıqların mövcudluğunu isbatlayan tədqiqatlar sırasında ayrıseçkilik səbəbiylə, onlar haqqında kifayət qədər dolğun məlumatlara rast gəlmirik, əksər hallarda isə təhriflərə yol verilir. Bir çox proseslərdə olduğu kimi, tarixi-etnoqrafik, mədəni irs mövzularına dünyanın heç də hər yerində düzgün məlumatlara rast gəlmirik. Onlar tərəfindən ikili starndartların mövcudluğu təəssüf ki , bu istiqamətdə də özünü göstərir. Tədqiq olunan elmi, tarixi, mədəni araşdırmalar sırasında daha çox Asiyanın, Qafqazın yenidən tədqiqə və daha çox mühafizəyə ehtiyacı olduğunu deyə bilərik. Azərbaycana aid olan , böyük müharibələr və milli ədavət nəticəsində dağıdılan, məhvə düçar olan və hətta bərpası mümkün olmayan minlərlə bu kimi vəziyyətlərə rast gəlirik. Belə ki, müxtəlif əsrlərdə qeyd etdiyim bu ərazilərə ən son köç edən azsaylı toplumlar və kənar qüvvələr tərəfindən edilən müdaxilələr, təcavüz-hücumlar, soyqırımlar nəticəsində azərbaycanlılara məxsus həmin çoğrafi məkanın bir çox yaşayış məskənləri talan edilib. Onlar azərbaycanlılara məxsus bir sıra mənimsədikləriniərini -inkişaf meyarlarını, etno-tarixin bir böyük hissəsini , sənət növlərini , kulinariya daxil olmaqla milli-mədəni sərvətləri mənimsəyərək özününküləşdirmişdir. Müxtəlif üsullarla talançılıq, qaçaqmalçılıq yolu ilə böyük irsimizi ərazidən çıxarmağa nail olmuşlar. Bu cür cəhdlər sayəsində bir çox istiqamətlərdə özününküləşdirməyi bacara bildilər. Bu tip mənimsəmələrin izini itirmək məqsədilə, üstəlik böyük coğrafi ərazilər, digər maddi və qeyri –maddi sərvətləri mənimsəyib dağıntılar yaradaraq, həmin izləri tamamilə məhv etməyə çalışıblar. Vaxtilə , böyük etnoqrafik- mədəni irsə sahib olan , dövlətçilik tarixində özünəməxsus yer tutan Azərbaycan məhz bu cür vəziyyətlərlə digər dövlətlərə nisbətən, tez-tez qarşılaşmışdır. Beləliklə, Azərbaycan öz gücü, qüdrəti hesabına qurub yaratdığı və minillikləri əhatə edən saysız-hesabsız mədəni, tarixi abidələrinin zəngin irsininin itirilməsi ilə üz-üzə qalmışdır.
Müharibələrdə dağıdılıb talan edilən Azərbaycan irsi haqqında çox danışmaq olar, hansı ki bəzilərini bərpa etmək mümkünsüz olub. Nə qədər çalışsaq da, hardan və nədər başlayacağımıza çətinlik çəkirik -ən sonuncu rekvizitinə, dam-daşına, qapı-bacasına , xəritəsinə qədər qarət olunan mədəni abidələrimiz, muzeylərimiz, saraylarımız , təcavüz və işğal nəticəsində öz mövcudluğunu tamamilə itirmişdir. Bəziləri isə, indiyə kimi mövcudluğunu bərpa işləri nəticəsində saxlaya bilmişdir. Buna İçəri Şəhər Dövlət Memarlıq Qoruğunu, Qala qoruq kompleksini , Suraxanı atəşgah məbədini, Şəki xan sarayını eyni zamanda bir sıra alban məbədlərimizi və digərlərini nümunə kimi göstərmək olar.
Dünyada ən qədim insan məskəni hesab edilən Qarabağdakı Azıx mağarasının yenidən bərpa və təmir olunması ölkəmizdə müasir dövrdə tarixi keçmişə, milli-mənəvi dəyərlərə olan diqqətin təcəssümüdür.
Qədim və orta əsrlərə aid olan saysız-hesabsız abidələrimizin dağıdılması, məhv edilməsi və digər formada başqaları tərəfindən mənimsənilməsini bilərəkdən tarixiliyin zəyifliyinə yönəldilmiş terror aktlarına bənzədə bilərik. Qədim qalalar, tarixi abidələrdən söz açmışkən, Keşikçidağ adlandırdığımız daha bir abidəmiz bu qəbildəndir. Ordakı Karvan dərəsini, kurqanları, şəhər qalıqlarını , qədim mağaraları böyük şəhərin qalıqları hesab etmək olar. Belə ki, yarandığı , formalaşdığı dövr bəzi mənbələrdə qədim Qafqaz Albaniyası dövrünə, başqa mənbələrdə isə daha qədim olduğuna dair məlumatlara gedib çıxsa da, müasir dövrümüzdə bu tikilinin kompleks şəkildə bərpasına diqqət ayırılır. Keçmiş SSRİ zamanında təxminən 1948 -ci ildən 1990-cı ilə qədər rəsmi olaraq, hərbi hissənin yerləşdiyi və hərbi təlimlərin keçirildiyi bu məkan demək olar ki, dağılmışdır. Onun qalıqlarının bərpa edilməsinə, kompleks şəkildə mühafizə olunmasına isə, 19 dekabr 2007-ci ildə İlham Əliyevin 2563 saylı sərəncamından sonra başlanılıb. Sərəncama əsasən, həmin ərazi Tarix-Mədəniyyət qoruğu elan edilmişdir. “Keşikçidağ Mağaralar Kompleksi” etnoqrafik mədəniyyət kompleksi olaraq, Qazax-Ağstafa yaxınlığındakı Qatardağ silsiləsində nəhəng qayalıqlar üzərində müdafiə məqsədilə inşa edilib, Candargölün şimal-şərqindən başlayaraq, böyük bir coğrafi ərazini əhatə edir. Vaxtilə, böyük bir yaşayış məskəni, qala istehkam şəklində mövcud olan həmin yaşayış məskənindən dağılıb talan edilməsinə baxmayaraq , bir sıra gəlmə və yerli xalqlar tərəfindən monastır-məbəd, kilsə şəkilində dini etiqad məqsədilə də istifadə olunub. Burada müxtəlif dini ayinlər keçirilib, bu , icazəli şəkildə hal-hazırda da davam etdirilir. Qoruq statusuna sahib olduqdan sonra, bura ziyarətçilərin, turistlərin axını müşahidə edilir. Bu və bu kimi qoruqlar bizim keçmişimizdir. Keçmişə aid dəyərli nə varsa, onlara sahib çıxmalıyıq. Çünki, onlar bizim gələcəyə ünvanlanan dəyərlərimizdir . Furqanlar, mağaralar, qala istehkamları abidə kimi böyük bir xalqın tarixidir. Əvvəldən var olan mirasımıza sahib çıxaq , Hamılıqla, tariximizi qoruyaq ! Qoruyaq ki, tarixdə qalmağı, itib-batmamağı bacaraq … Tarixdən dərs almağı bacaraq! Eşidib araşdırmaqla, oxuyub-öyrənməklə irsimizə dair yenilikləri hamıya tanıdaq. Beləliklə, tarixlərdə yaşayaq!
Tarixi abidələrin mühafizəsi günündə tarixə baş vuraq, bu yolda yorulmadan bir az da dərindən araşdıraq. İtib-batan, dağıdılan, qarət edilən abidələrimizi, mədəni sərvətlərimizi xatırlayaq, xatırladaq . Qalanlarını isə qoruyaq, hər zaman onların keşiyində durmağı bacaraq!
Qeyd etdiyim kimi , 18 Aprel beynəlxalq statusa malik Ümumdünya Tarixi Abidələrin Mühafizəsi günüdür. Bü gündə dərindən düşünməklə, bir daha tarixə baş vuraq . Tarixi yaşadaq, yaşadaq ki ordakı müsbətlərə , qorumalı olduğumuz nə varsa, hamısına sahiblənək, özümüzdə saxlayaq. Beləliklə, Tarixdə qala bilək, bu kimi sərvətlərimizi qorumaqla, onların keşiyində durmaqla, tarixiliyimizi sübut etməklə, sonra da xatırlanmaqla hər zaman varlığımıza sahib çıxaq. Bu mövzunu nəsildən-nəsilə ötürək, hamılıqla keşikçi olmağı bacaraq .
Aliyə Əsədova