“Nəsimi” filmi – 50
Bu il 125 yaşını qeyd edən Azərbaycan kinematoqrafiyasının tarixində seçilən hadisələrdən biri 50 il əvvəl “Nəsimi” filminin ərsəyə gəlməsidir.
Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İmadəddin Nəsiminin 600 illik yubileyi UNESCO səviyyəsində qeyd edilib. Həmin il “Nəsimi” filminin çəkiliməsi qərara alınıb və bu iş rejissor Həsən Seyidbəyli ilə yazıçı İsa Hüseynova həvalə edilib.
Nəsimişünaslar, dilçilər, filoloqlar, rejissor və ssenaristlərin ssenari müzakirəsində İsa Hüseynovun “Məhşər” romanının süjetinin film üçün əsas götürülməsi məqsədəuyğun sayılıb. Filmin çəkilişləri boyunca da görkəmli filoloq və tarixçilər məsləhətlərini veriblər: onlar çəkilişlərdə iştirak ediblər ki, Nəsimi dövrü, dili, fəlsəfi baxışı ilə bağlı yanlışlığa yol verilməsin, şairin qəzəlləri düzgün ifa olunsun. Ən böyük əziyyət isə təbii ki, rejissorla ssenari müəllifinin çiyinlərinə düşüb.
Daim çəkiliş meydanında olan İsa Hüseynov sonradan ssenariyə çoxlu əlavələr edib. Yaradıcı heyətə ona aid olmayan köməklikləri də göstərib. Məsələn, Teymurləng obrazını oynayan Xalq artisti Yusif Vəliyev yaddaşında problem olduğundan obrazın sözlərini unudurmuş, İsa müəllim isə ona suflyorluq edirmiş. Nəsimi ilə Teymurləngin dialoqu səhnəsində o, Yusif Vəliyevə kömək edərkən kadra düşməsin deyə, at arabasının altında gizlənərək sözləri oradan pıçıldayırmış.
“Nəsimi”yə qədər “Azərbaycanfilm”də lentə alınan filmlərdə dekorasiyadan istifadə olunsa da, bu filmdə heç bir qurama səhnə yoxdur. Çəkilişlər pavilyonda deyil, təbiətin qoynunda, uyğun tarixi məkanlarda çəkilib. Bu coğrafiya isə Qobustandan tutmuş, ta Özbəkistanın Xivə şəhərinə qədər geniş ərazini əhatə edib. Teymurləngin əsgərlərlə yürüşü Mərəzə yolunda – Cəngidə çəkilib. Həmin kütləvi səhnəyə yığılmış 5 minə qədər könüllü tələbə kinostudiyada kostyumlarını geyinib 50–60 avtobusla Cəngiyə gediblər. Nəsiminin edam səhnəsi isə Özbəkistanın Hələbi xatırladan tarixi Xivə şəhərində lentə alınıb. Naxçıvandakı Əlincə qalasında, Suraxanıdakı Atəşgah kompleksində, Ramana qalasında da çəkilişlər aparılıb.
Baş rolun ifaçısı Rasim Balayev deyir ki, İncəsənət İnstitutunu bitirəndən Nəsimi roluna çəkilincəyə qədər çoxsaylı sınaq çəkilişlərində olub, hamısı uğursuzluqla nəticələnib. Gənc aktyor mənəvi çətinliklərin məngənəsində ağır depressiya ilə xəstəxanaya yerləşdirilib:– Xəstəxanada yatırdım, filmin 2-ci rejissoru mənə bir ssenari verdi ki, Həsən Seyidbəyli deyir, bunu oxusun. Dedim ki, mən bu yaxınlarda öləcəm, başqa adam tapın. Həmin gün həkimlər yığışıb məni bir daha müayinədən keçirdilər, sonra konsilium etdilər və sanatoriyaya göndərildim. Həsən müəllim dedi ki, get, dincəl, amma hər günorta gəl məşqlərə. Beləcə, 2 ay məşq etdik, sonra çəkilişlər başlandı. Məni Həsən Seyidbəyli Nəsimi obrazı ilə həyata, həm də sənətə qaytardı.
Həmin səhnədə günün altında üzündə əzab ifadəsi inandırıcı olsun deyə, aktyora içməyə su da verməyiblər. Kadrlar çəkilib bitən kimi ətrafda çəkilişi izləyən sadə adamlar hamısı əllərində hazır tutduqları su dolu stəkanla Rasim Balayevi dövrəyə alıblar. Aktyor deyir ki, ən çətin anlarımda o sevgi məni yaşadıb.
Hürufiliyin banisi Fəzlullah Nəiminin qızı Fatimə obrazının ifaçısı aktrisa Xalidə Quliyeva o zaman tələbə olub. Onu Həsən Seyidbəyli Tofiq Tağızadənin “Qızıl qaz” filmindən bəyənibmiş. Xalidə xanım ssenarini oxuyub, rejissora “Fatiməni oynayaram”, – deyib. “Elə mən də onu istəyirəm” – deyə, rejissor cavab verib.
Filmdə Dərviş rolunu oynayan Əbdül Mahmudbəyov isə danışır ki, Dərvişi boğma səhnəsində özünü rəsmən boğulmuş hesab edib: “Necə yapışdısa boğazımdan, Nəimi məni xilas edəndə elə bildim daha ağzımı açıb danışa bilməyəcəm, ona görə də səhnə təbii alınmışdı”.
“Nəsimi” filmi 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kinofestivalında tarixi mövzuda çəkilmiş ən yaxşı filmə görə mükafat alıb. Ən yaxşı kişi rolunun ifasına görə aktyor Rasim Balayev II mükafatı qazanıb. Zaman göstərdi ki, Yusif Vəliyevin Teymurləngi, İsmayıl Osmanlının Fəzlullah Nəimisi, Məmmədrza Şeyxzamanovun Şeyxi, Səməndər Rzayevin Şirvanşah I İbrahimi, Kamal Xudaverdiyevin Yusifi, Tofiq Mirzəyevin Dövlət bəyi, Muxtar Maniyevin Miranşahı, Əbdül Mahmudovun dərvişi də kişi rolu kimi ölməz obrazlardır.
Bu il “Nəsimi” filminin 50 illik yubileyidir. Amma hər dəfə ekranlarda göstəriləndə təzə çəkilibmiş kimi, maraq və məhəbbətlə izləyirik, kinomuzun “Nəsimi”sinin yaradıcılarına əhsən deyirik.
R.QURBANLI