Yaddaşlarda yaşayanlar
“Olarmı, mən bunu Rafaeldən soruşum, sonra yazasınız?” Bu sualı Turan Caviddən dörd-beş dəfə eşitmişdim.
Əslində, mən heç zaman elmi və ya tarixi əsər üzərində işləmədiyimə görə, Turan xanıma verdiyim suallar o qədər də problem yarada bilməzdi. Məsələn, bir sualda Hüseyn Cavidi Şahtaxtıdan Bakıya müəllim kimi fəaliyyət göstərmək üçün kimin dəvət etdiyini öyrənmək istəmişdim. Bu sualın təşəbbüsü “Dalğa” qəzetinin baş redaktoru Nahid Hacızadədən gəlmişdi. Başqa sualım şairin yaxın ətrafı – o dövr üçün xüsusi önəm kəsb edən dostları barədə yazılmayan, deyilməyən məqamlar barədə olmuşdu. Radiodakı öz verilişim üçün hazırladığım digər mövzu ədəbiyyatımızın başı üstündə əsən repressiya küləklərini Turan xanımın necə xatırladığı barədə idi və sair.
Ancaq Turan xanıma ailəsi ilə bağlı belə ağrılı suallar vermək onun yarasının közünü qoparmaq demək idi. Ona görə də Cavidlər ailəsinin yaşadığı məşəqqətlərin tarixini hamıdan yaxşı bilən Rafael Hüseynovdan soruşmağı məsləhət bilirdi. Jurnalist fəaliyyətim mənə Əli Nəzminin qızı İqlimə xanımla, Cəfər Cabbarlının qızı Gülarə xanımla, Səməd Vurğunun qızı Aybəniz xanımla, Mirzə İbrahimovun qızı Sevda xanımla, Hüseyn Arifin qızı Zöhrə xanımla, ümumiyyətlə, çox məşhurlarımızın övladları ilə görüşüb söhbət yazmaq şansı vermişdir. Bu söhbətlər 25-30 il əvvəl olsa da, hələ də unuda bilmirəm ki, onların arasında ailəsi barədə söz deməyə çəkinən, fikir söyləməkdən qorxan yeganə həmsöhbətim məhz Turan Cavid olmuşdur. Allah repressiya quzğunlarının üzünü qara eləsin! Bir də Allah Rafael Hüseynova kömək olsun ki, Cavidlər ailəsinin son nümayəndəsinin jurnalistin sualını cavablandırmasına zəmin yaradırdı.
Mənim üçün maraqlı olan daha bir məqamı da unuda bilmirəm. Belə ki, Turan xanımın həm Hüseyn Cavidin ev muzeyində – İstiqlaliyyət küçəsi 8-də, Məhəmməd Füzuli adına Dövlət Əlyazmalar İnstitutu binasının 3-cü mərtəbəsində – həm də onun uzun müddət çalışdığı, sonralar direktor olduğu Dövlət Teatr Muzeyindəki – o vaxtlar həmin muzey də Ədəbiyyat Muzeyi ilə eyni binada idi – yazı stolunun üstündə yay-qış daim qızılgüllər olurdu. Bunun səbəbini hamı kimi mən də bilirdim və ona görə də qəzetdə verilmiş yazılarımdan birinin sərlövhəsi redaksiyada belə dəyişdirilmişdi: “Hüseyn Cavid qızılgülləri çox sevirdi”.
Bu mövzuda yazarkən özümə bağışlamayacağım bir səhvimi də yada salmaq istəyirəm. Bir dəfə Turan xanıma dedim ki, mən Hüseyn Cavidin nəşini Rusiyadan öz Vətəninə gətirən təyyarənin Bakı hava limanına enməsini televiziya xəbərində izləyirdim. O zamanı sizin təyyarəyə hansısa ifadəolunmaz həyəcanla baxdığınızı unutmaq olmur. Sanki siz uşaq idiniz, atanız isə uzun və ağır bir səfərdən qayıdırdı. Elə bil, təyyarəni qucaqlamaq istəyirdiniz…
“Daha bəsdir, sağ olun!” – dedi və göz yaşlarını sildi.
Həqiqətən səhv eləmişdim.
İttifaq MİRZƏBƏYLİ