Türk birliyi Avropa modeli formasında öz əksini tapmalıdır

Samir Əsədli: Türk dünyasının əlaqələri xalqlar, cəmiyyətin bir-birinə açılımı səviyyəsində olmalıdır

by Samir Asadli

Xəbər verdiyimiz kiçi, Türk Dünyası Ortaq Əlifba Komissiyasının Bakıda üçüncü iclası keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, Türk Akademiyasının prezidenti Şahin Mustafayev Komissiyanın ancaq Türk dünyası üçün əlifba yaradılması layihəsi ilə məşğul olduğunu bildirib:

“Əsas məqsədimiz ortaq əlifba yaratmaqdır. Türk dünyasının dövlət başçıları bizdən hazır əlifba gözləyirlər. Nəticələri yekunlaşdırmaq üçün cəmi iki günümüz var”.

Ş.Mustafayevin sözlərinə görə, türk ölkələri və xalqları vahid əlifbaya keçid məsələsində artıq ciddi akademik irəliləyiş əldə ediblər, lakin siyasi qərarların qəbulu müəyyən vaxt apara bilər.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Bakıvaxtı.az-a deyib ki, VHP və partiya sədri Sabir Rüstəmxanlı ortaq türk əlifbasının qəbul olunmasının ilk təşəbbüskarlarındandır və bununla bağlı müxtəlif təkliflərlə, layihələrlə çıxış edib.

Onun sözlərinə görə, VHP sədri həm Azərbaycan parlamentində, həm də Türkiyə, Qazaxıstan, Özbəkistan səfərlərində, Rusiyanın tərkibində olan muxtar türk respublikalarına gedişində bu məsələni daim gündəmə gətirib:

“Biz ortaq türk əlifbasının qəbul və təsdiq olunmasının tərəfdarıyıq. Ortaq türk əlifbası türk ölkələrini bir-birinə daha çox yaxınlaşdıracaq. Ortaq əlifba tətbiq olunandan sonra ortaq dil məsələsinin həlli də asanlaşacaq. Türk dövlətləri iqtisadi-siyasi-mədəni əlaqələrlə yanaşı, dil baxımından da bir-birinə yaxınlaşmalıdır. Çünki ortaq danışıq dili olmalı, vahid dil forması tətbiq edilməlidir ki, türk dünyası ilə əlaqələr genişlənsin”.

Müsahibimiz bildirib ki, Türk birliyi sözdə yox, əməldə olmalı və Avropa modeli formasında öz əksini tapmalıdır. Bunun üçün gərəkən addımlar atılmalıdır:

“Ortaq türk əlifbası ilk növbədə dilçi-alimlərin, mütəxəssislərin işidir. Təbii ki, bu həm də siyasi qərardır. Elə etməliyik ki, əlifba işlək vəziyyətdə olsun və istifadə edilsin”.

Həmsöhbətimiz vurğulayıb ki, ortaq türk əlifbası hansı formada qəbul olunacaqsa, bütün türk respublikalarının orta məktəblərində, ilk siniflərində tədris edilməlidir:

“Türk dünyasının əlaqələri sadəcə liderlər səviyəyəsində yox, xalqlar, cəmiyyətin bir-birinə açılımı səviyyəsində olmalıdır. Birliyimizin daim olması üçün bu, çox vacib məqamdır. Avropa modelindəki kimi türk respublikaları arasında da sərhəd və gömrük-keçid məntəqələri də tədricən aradan qaldırımalıdır. İnsanlar türk dünyasında sərbəst gəzib-dolaşmaq imkanı əldə etməli, istədikləri türk respublikasında yaşaya, işləyə, təhsil ala bilməlidir”.

Aydın Baxış

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK