“Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi

by Samir Asadli
post-img

   Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisinin açılışı olub. Türk Mədəniyyəti və İrsi Fondu, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgidə türkdilli xalqların incə tikmələrlə bəzədilmiş zəngin geyim və zərgərlik nümunələri təqdim olunub. Novruza və bu bayramın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınmasının 15-ci ildönümünə həsr olunan sərgi Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.

Türk xalqlarının tikmələrlə bəzədilən geyimlərində ən çox diqqətçəkən xüsusiyyətlərdən biri müxtəlif həndəsi və nəbati naxışlarla mürəkkəb kompozisiyaların yaradılmasıdır. Qadınların baş və üz örtükləri (rübənd), yataq örtükləri, divar bəzəkləri (süzəni) və s. nümunələr funksional olmaqla yanaşı, həm də üzərlərinə tikmə üsulu ilə vurulan bəzək naxışlarına görə qoruyucu əhəmiyyət daşıyır. Orta Asiyanın, həmçinin Azərbaycanın geniş ərazilərində aparılan arxeoloji tədqiqatlar nəticəsində əldə edilmiş zəngin materiallar burada əhalinin hələ qədim dövrlərdən parça istehsalı ilə məşğul olduğunu göstərir. Böyük İpək Yolu Şərqlə Qərb arasında daim mədəni körpü rolunu oynayıb. Dəbdəbəli ipək parçalardan tikilən möhtəşəm geyimlər, gözoxşayan zinət əşyaları, bununla yanaşı müxtəlif bədii tikmə üsulları türkdilli xalqların geyimlərinin bəşəriyyət üçün böyük mədəni hadisə olduğunu düşünməyə əsas verir.

Ekspozisiyada Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Türkiyə və Türkmənistana aid ənənəvi qadın geyimləri, həmçinin zərgərlik əşyaları nümayiş etdirilir. Bura, Türkmənistanın Təkkə tayfasına aid gümüş materialdan işlənib hazırlanmış bilərzik, Balkan vilayəti, Göklən tayfasına məxsus qızıl suyuna çəkilmiş “Çanqa” adlanan qadın geyim sancaqları, qadın alın bəzəyi “Sinsilə”, qadın üst geyimi “Çabıt”, qadın baş bəzəyi “Egme” və s. aiddir. Bu sənət nümunələri təyinatına, üzərindəki naxışlara, hazırlandığı materiala və s. xüsusiyyətlərinə görə tamaşaçılarda türk xalqlarının özünəməxsus milli xüsusiyyətləri, adət-ənənələri, məskunlaşdıqları ərazinin təbii-coğrafi şəraiti, düşüncə və həyat tərzi barədə zəngin təəssürat yaradır.

Təqdim olunan eksponatlar Azərbaycan Milli Xalça Muzeyi, Türk Mədəniyyəti və İrsi Fondu, Macarıstan Xalq Sənətkarları Assosiasiyasının kolleksiyalarına və şəxsi kolleksioner Virciniya Morgan-Hayata aiddir.

Qeyd edək ki, 31 mart tarixinədək davam edən sərgi çərçivəsində ustad dərsi və mühazirə keçiriləcək.

Fidan SALMANOVA

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK