Türkiyədə azərbaycanəsilli vətəndaşların dövlət müəssisələrində rəhbər mövqe tutmaları üçün yüksək potensialları olsa da, onların siyasi fəallığının artırılmasına ehtiyac var.
Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında İğdırın Mələkli qəsəbəsinin azərbaycanəsilli bələdiyyə sədri Mücahit Tanık bildirib.
Babalarının 100 il öncə İğdıra köç etdiyini deyən M.Tanık qeyd edib ki, Azərbaycan ənənələrini qoruyub saxlasalar da, Türkiyənin qanunlarına riayət edirlər:
“Ürəyimiz hər zaman Azərbaycanla döyünür. Azərbaycana Naxçıvan vasitəsi ilə ən yaxın olan rayon İğdırdır. 1990-cı illərdə Naxçıvanla sərhədlər açılanda atam gəncləri ora aparmışdı. O vaxtdan illərin həsrətinə son qoyuldu. Atam Milliyyətçi Hərəkat Partiyasının (MHP) fəal üzvü, milliyyətçi və ülküçülük prinsiplərinə sadiq olub, biz də ailəcə ata-babalarımızın yolunu davam etdiririk”.
Bələdiyyə sədri bildirib ki, İğdırdan üç azərbaycanlının bu il bələdiyyə sədri seçilməsi Türkiyənin demokratik dövlət olduğunun daha bir sübutudur:
“Türkiyə dövlət olaraq əbədi yaşayacaq və biz də daim bu dövlətin xidmətində olacağıq. Mələkli əhalisinin 98 faizi azərbaycanəsillidir. İğdırın ən yaxşı futbolçuları vaxtilə Mələklidən olub. Layihələrimiz arasında qapalı idman sahələri qurmaq, futbolu canlandırmaq da var”.
Qeyd edək ki, Türkiyədə bu il martın 31-də yerli özünüidarə orqanlarına keçirilən seçkilər zamanı İğdırın 24 mindən çox əhalisi olan Aralık rayonundan AKP-nin namizədi, Azərbaycan Türkü Mustafa Güzelkaya, 20 minə yaxın əhalisi olan Qaraqoyunlu rayonundan isə MHP-nin namizədi Bayramalı Ballı bələdiyyə sədri seçilib.