Türklərin ortaq ünsiyyət dili hansı dil olmalıdır? – Deputat alimin fikri ilə razılaşmadı

by Samir Asadli

Bu gün Beynəlxaq Ana Dili Günü qeyd olunur. UNESCO 1999-cu ildə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü kimi təsis edib. Günün qeyd olunmasında məqsəd Ana dilinin təbliği, inkişafı və öyrənilməsinin bütün formalarını müdafiə etməkdən ibarətdir. Məlumata görə, dünyada 6000-dən çox dil olsa da, onların yarıdan çoxu məhv olmaq üzrədir. Dillərin 96 faizi dünya əhalisinin yalnız 4 faizi tərəfindən istifadə olunur.

Məlumat üçün bildirək ki, Türk xalqlarının geniş mənada ortaq Ana dili olan Türk dilinin qorunması və ortaq ünsiyyət vasitəsinin yaradılması barəsində fikirlər mütəmadi olaraq səslənir. Professor Firudin Ağasıoğlu ortaq türkcə kimi Azərbaycan türkcəsinin daha əlverişli olduğunu irəli sürür.

Mövzu ilə bağlı TNS-ə danışan Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib ki, Ana dili millətin ölüm-qalım məsələsidir: “Ana dili nə qədər yüksək səviyyədə qorunsa, bu, dövlətin o qədər güclü və mənəvi dəyərlərə bağlı olduğunu ifadə edir. Şükür ki, bu gün Azərbaycan türkcəsi dövlətimizin rəsmi dilidir, inkişaf edir və nüfuzunu getdikcə artırır”.

 

Deputat bildirib ki, Türk dünyasının ortaq ünsiyyət dilinin yaranması prosesində əsas məsələ Türk xalqlarının bir-birinə yaxınlaşmasıdır: “Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan Türk dünyasının bir parçasıdır. Təbii ki, bundan sonra dövlətlərin yaxınlaşması prosesi gedəcək. Ortaq ünsiyyət vasitəsinin yaranmasında əsas məqsədlərdən biri Türk dövlətlərindən olan insanların bir-birinə yaxınlaşmasıdır. Biz ədəbiyyatçılar üçün bu, problem deyil. Mən Türk dövlətlərinə getdiyim zaman danışdıqlarını başa düşürəm.

Burada vərdiş və filologiyanın verdiyi bilgi rol oynayır. Yəni, müəyyən qanunları biləndə başa düşmək asanlaşır.

Amma xalqların bir-birini anlamasında hələ ki, problemlər var. Söhbət ortaq dildən yox, ünsiyyət dilindən gedir. Yəni, biz hansı şəkildə bir-birimizlə daha aydın ünsiyyət yarada bilərik? İndi belədir ki, Türk dövlətlərindən olanlar bir-birini çətin başa düşən kimi tez rus dilində danışmağa başlayırlar. Bu da qəbul olunan hal deyil. Getdikcə insanlar bundan uzaqlaşacaqlar. Mənim lap əvvvəldən bu məsələdə fikrim belə olub, Türk dünyasının ünsiyyət dili Anadolu türkcəsi, yəni bu gün Türkiyənin işlətdiyi dil ola bilər”.

Sabir Rüstəmxanlı fikrini belə əsaslandırıb: “Ona görə ki, bu dil Türk dünyasında geniş yayılıb. Beynəlxalq aləmdə ciddi nüfuzu var. Dilin özü, səslənməsi çox gözəldir. Atatürkün dil islahatları çox ciddi təsir göstərib. Ərəb və fars sözlərindən mümkün qədər təmizlənib. Avropa sözləri də zamanla təmizlənəcək. Nəhayət, Türkiyənin güclü texniki imkanları hesabına bu dil bütün Türk respublikalarında yayılır. Türk serialları, proqramlar bütün respublikalarda izlənilir. İstər-istəməz yeni nəsil heç bir məktəb olmadan belə Türkiyə türkçəsi ilə danışa bilir. Hətta Cənubi Azərbaycanda problem yaradılmasına baxmayaraq, Türkiyə tükcəsi dinlənilir, filmlərə baxılır”.

Xalq şairi onu da əlavə edib ki, Azərbaycan türkcəsinin orfoqrafiya lüğətində 100 min söz varsa, Türkiyə lüğətində bu rəqəm 600 minin üstündədir: “Bütün bunlar nəzərə alınanda Türkiyə türkcəsi ortaq ünsiyyət dili olmalıdır. Firudin Ağasıoğlu mənim yaxın dostumdur,  mövqeyini bilirəm və hörmətim var. O, dilimizin qrammatik quruluşu, ifadə tərzi və s. məsələləri vurğulayır. Bunların da öz üstünlükləri var, Azərbaycan türkcəsini heç kim inkar etmir. Özbəklər, qazaxlar – heç kim öz ədəbi dilindən əl çəkməz. Hər kəs öz dilində yazacaq, danışacaq və s. Amma bir araya gələndə ünsiyyət dili olaraq Türkiyə türkcəsi işlədilə bilər”.

Ortaq ünsiyyət vasitəsinin inkişafı üçün daha hansı addımlar atılmalıdır?

Deputat bildirib ki, Türkiyənin Türk dünyasının müxtəlif ölkələrində məktəblər açmaq imkanı var: “Hazırda mövcud olan bu cür məktəb şəbəkələri bir az da genişlənməlidir. Buna ehtiyac var. Əgər Türkiyə bu dilin ortaq ünsiyyət dili olmasını istəyirsə, hökmən məktəblərin sayını artırmalıdır. Vaxtilə ruslar gələndə öz dillərini yaymaq üçün hər yerdə Rusiyanın hesabına məktəblər açırdılar”.

Aygün İbrahimli

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK