Yalçın Əlizadə… Bu ad məni 29 il əvvələ aparır: 1994-cü il, BDU-nun Jurnalistika fakültəsi, 1-ci kurs, 2-ci semestr, ixtisaslara seçim üçün müsahibə mərhələsi. Qrupumuzda çoxları Televiziya və radio jurnalistikası kafedrasına düşmək istəyirdi. Düzdür, kafedra müdiri Yalçın Əlizadənin zəhmi hamımıza sirayət etsə də, efirə həvəsimiz bu qorxuya qalib gəlirdi. Hər kəs özünü bu cəlbedici qrupda görürdü. Mən şanslılardan oldum.
İstəyimi reallaşdıran ilk şansın ardınca digərləri gəldi. Artıq 29 ildir zəhmindən çəkidiyim insanın – Yalçın müəllimin göstərdiyi yol və bu yolda yandırdığı yaşıl işıq sayəsində Jurnalistika fakültəsinin bir parçasına çevrildim. Bakalavriatdan sonra magistratura, daha sonra dissertantura…
Bu pillələrlə irəlilədikcə elmi rəhbərim Yalçın müəllimin məsləhətlərindən yararlandım. “Hər kim 100 il yaşamasa…” (Mirzə Babayev və Nəsibə Zeynalova ilə müsahibə) mövzusunda diplom işi yazmaq istəyimə qarşı çıxmasa da, siyahıda diplom rəhbərim kimi Yalçın Əlizadənin adını oxuyanda – “bu, çox çətin olacaq”, – düşündüm. Elə düşündüyüm kimi də oldu. Təkcə sənət korifeylərinə ünvanlayacağım suallara görə üç ay dekanlığa ayaq döydüm. Həmin dövrdə hər iki Xalq artistinin səhhəti yaxşı deyildi. Diplom işimlə yanaşı, narahatlığım həm də bununla bağlı idi. Bunun üzərinə Yalçın müəllimin tələbkarlığını da əlavə edəndə, situasiya daha da dramatikləşirdi. Amma geriyə yol yox idi. Yalçın Əlizadəyə veriləcəyim ilk “yaradıcılıq hesabatından” nəinki yayınmaq, bu barədə düşünmək belə mümkün deyildi. Bütün çətinliklərə baxmayaraq, tələbə-jurnalistin hazırladığı radio-kompozisiya diplom rəhbərinin məqbul sayacağı səviyyədə alındı. Məhz Yalçın müəllimin xeyir-duası ilə veriliş Azərbaycan radiosunun “Musiqili görüşlər” proqramında efirə verildi…
***
Magistraturanı bitirdikdən sonra Yalçın müəllim mənə dissertant olmaqla yanaşı fakültədə işləməyi təklif etdi. Jurnalist kimi çalışmaq istəyimi bildirəndə etiraz etmədi, amma elmi fəaliyyəti unutmamağı tapşırdı. Qısa müddət ərzində çap və elektron mediada çalışdım. Amma ustadımın tövsiyəsini unutmadım. Sonra fakültəyə Tədris Televiziya Studiyasının müdiri kimi qayıtdım. Dissertant kimi əvəzolunmaz elmi rəhbərimlə mövzu üzərində məsləhətləşmələrə də elə o vaxtdan başladıq. Artıq Yalçın Əlizadə Jurnalistika fakültəsinin dekanı, mənsə müəllimi idim. Onu tanıyanlar qayğıkeşliyi ilə bərabər, nə qədər tələbkar olduğunu da yaxşı bilirlər. Heç yadımdan çıxmaz, sənəd işi ilə bağlı rektorluğa getdiyim üçün dərsə 5 dəqiqə gecikdim. Fikirləşirdim ki, buna görə problem olmaz. Amma dəhlizdə məni gözləyən dekanı görəndə, onun “tənbehini” eşidəndə yanıldığımı anladım.
Ustadımın növbəti etimadını BDU-da vəzifədə olanların dərs yükünün azaldılması ilə bağlı qərar çıxarkən gördüm. Məzuniyyətdə olarkən fakültədən zəng edib, “təcili Yalçın müəllimin yanına gəlin”, dedilər. Düzü, elmi işimlə bağlı problem olduğunu düşündüm. Amma yanılmışdım. Yalçın müəllim Televiziya və radio kafedrasının iki əsas fənnindən birini, illərdir özünün tədris etdiyi “Radio jurnalistikasının əsasları” fənninin mənə həvalə olunduğunu dedi və əlavə etdi: “Bir aya yeni mühazirələrlə səni gözləyirəm”. Gözlənilməz təklifdən imtina etməyə çalışdım. “Hazır deyiləm”, “çox az vaxt qalıb” kimi bəhanələr işə yaramadı. O, dərsə gecikdiyim zaman üzləşdiyim eyni ciddiyyətlə məni susdurdu.
Xəstəliyi ilə əlaqədar fakültədən uzaqlaşdığı zamanlarda belə Yalçın müəllim tələbələrdən dəstəyini əsirgəmədi. Magistratura səviyyəsində dərslərə girmək üçün elmi dərəcəm olmasa da, Yalçın müəllim yenə də yaşıl işığını yandırdı, “magistraturadakı dərslərimi Aynura verin” – dedi.
Sağlığında sonuncu uğurumu – Beynəlxalq Jurnalistika və informasiya siyasəti kafedrasının müdiri vəzifəsinə təyinatdan öncə Yalçın müəllimə zəng vurdum. “Müəllim, proqnozlarınız, həmişə olduğu kimi, yenə də özünü doğruldur…” deyəndə onun bir dəqiqəlik sükutunda Ustadın böyüklüyünü duydum. Yalçın müəllim heç vaxt dəyişmədi. İnsan kimi sabitqədəmliyini həmişə qoruyub saxladı.
Mənim üçün cığırını açdığı və yaşıl işıq yandırdığı peşə yolunda addımlayarkən əmin oldum ki, Yalçin müəllim özündən sonrakı illərin Jurnalistika fakültəsini də formalaşdırdı. İndi tək mənə yox, fakültənin bir çox əməkdaşına yaşıl işıq yandıran Ustadı anırıq. İl yarım bundan əvvəl Nəsir Əhmədli ilə vidalaşmışdıq. Cismani ayrılıq onun da payına düşdü. Məkanınız cənnət olsun, ustad!!!
Aynur NƏSİROVA,
BDU-nun beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri