Urmiyadan kürdlər “seçildi” – Azərbaycanlılar aksiyaya başladı

by Samir Asadli

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərindən İran parlamentinə 12-ci çağırış seçkilərinin nəticələri açıqlanıb.

Axar.az xəbər verir ki, nəticələr barədə İran Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Hakim Mamakan (kürd) 119.776 səs, Şahin Cahangiri (kürd) 117.786 səs və Seyid Salman Zakir (türk) 115.761 səslə qalıb elan ediliblər.

Nəticələrin açıqlanmasından sonra azərbaycanlılar Urmiya şəhərinin mərkəzi, bələdiyyə və valilik binaları qarşısında etiraz aksiyaları keçirməyə başlayıblar.

Onlar seçkilərdə saxtakarlıq olduğunu, kürdlər yaşayan bölgələrdən Urmiyaya qruplar halında seçicilərin gətirildiyini bildirirlər.

Məlumatlara görə, Urmiya şəhərində kürd namizədlərə verilən səslərin 50 mini başqa bölgələrdən şəhərə gətirilən və qanunsuz səs verən kürdlərə aiddir.

Dünəndən Urmiya şəhərində başlayan etiraz aksiyalarının yatırılması üçün şəhərin mərkəzi küçələrinə xüsusi təyinatlıların, polislərin və nümayişləri dağıtmaq üçün texnikanın cəlb olunduğu bildirilir.

Qərbi Azərbaycan əyalətinin milliyyətcə kürd olan valisi Məhəmmədsadiq Mötəmedianın səsvermənin nəticələrinin təcili elan edilməsi və təsdiqlənməsi üçün DİN-in yerli bölməsinə, fərmandarlığa təzyiq göstərdiyi deyilir.

Azərbaycanlı etirazçılar isə səsvermənin nəticələrinin ləğv edilməsini və Urmiyada yenidən seçki keçirilməsini tələb edirlər.

Qeyd edək ki, bundan əvvəl parlament və Şəhər Şurasına keçirilən seçkilərdə də oxşar hadisələr baş verib.

Etiraz aksiyaları genişləndikdən, tərəflər arasında gərginliyin artmasından sonra mərkəzi hökumət nəticələrdə bir tərəfin xeyrinə nisbi dəyişiklik edib.

Bu isə növbəti seçkilərə qədər tərəflər arasında gərginlik və qarşıdurmaların davam etməsinə səbəb olub.

Xatırladaq ki, əksər bölgələrdə seçkilərin sönük keçməsinə, seçici aktivliyinin 30 faizdən aşağı olmasına baxmayaraq, Qərbi Azərbaycan, xüsusən Urmiyada nisbi seçici aktivliyi qeydə alınıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK