Urmu gölünün son peyk şəkli bu gölün demək olar ki, bütün ərazisinin quruduğunu göstərir.
Bundan öncə gölün durumu barədə açıqlama verən Şəqri Azərbaycan və Qərbi Azərbaycan əyalətlərinin Regional Su Şirkətləri bir neçə aydır bu barədə statistika verməkdən imtina edirlər.
Bununla yanaşı gölün bərpası üçün çəkilməsi nəzərdə tutulan 36 kilometrlik su kanalının işinin tamamlanması da hər dəfə bir bəhanə ilə gecikdirilir.
Bir neçə gün əvvəl tanınmış ekoloq Məhəmməd Dərviş Urmu gölündə ekoloji vəziyyətin daha da pisləşdiyini və qarşıdakı yay aylarında gölün tamamilə yox olmaq ehtimalının yüksək olduğunu deyib.
Urmu Gölünün Bərpa Qərargahının fəaliyyətinin faktiki dayandırıldığını deyən ekoloq, adı çəkilən qurumun 8 il müddətində ciddi iş görmədiyini söyləyib.
“Urmu Gölünün Bərpa Qərargahının fəaliyyəti dayandırılıb. Bu qurum 8 il boyu heç bir ciddi iş görmədi. İndi isə onu Qərbi Azərbaycan əyalətinin valisinin nəzarətinə veriblər.
Vali isə əvvəl bir gündən bərpa qərargahının qurulması ilə müxalif olub. Məsuliyyətin valiyə tapışırıldığına görə, Urmu gölünün yenidən canlanması üçün son ümidlərdə boşa çıxdı”,- deyə, tanınmış mütəxəssis bildirib.
Qeyd edək ki, hazırda Urmu gölünün 94 faizi quruyub və qalan 6 faizindən yay aylarında quruyacağı ehtimal edilir.
Bu barədə Qərbi Azərbaycan əyalətinin Regional Su Şirkətinin veb saytında dərc olunan son məlumatda bildirilir.
“Urmu gölünün sahəsi ötən illə müqayisədə 1139,96 kvadrat kilometr azalaraq, 938,10 kvadrat kilometrə çatıb.
Bu, uzunmüddətli orta göstəricidən 3729,58 kvadrat kilometr azdır.
Göldə suyun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,41 milyard kubmetr, uzunmüddətli dövrdə isə 15.70 milyard kubmetr azalıb.