Urmu gölünün fəsadları ilə bağlı xəbərdarlıq edildi- Təbriz boşaldıla bilər

by Samir Asadli

Urmu gölü ətrafında baş verən ekoloji fəlakətlərlə bağlı yenidən xəbərdarlıq edilib.

Gölün qurumasının fəsadları barədə danışan İran Ətraf Mühitin Mühafizəsi Təşkilatının keçmiş sədri İsa Kəlantəri daha da  faciəli vəziyyətin yarana biləcəyini deyib.

O, gölün tamamilə qurumasından sonra bölgədə həyatın iflic olacağına və duz fırtınalarının şiddətlənəcəyinə görə, Təbriz əhalisini başqa bölgələrə köçürülmək zərurətinin yaranacağını bildirib.

Kəlantərinin xəbərdarlığından sonra Qərbi Azərbaycan əyalətinin Böhran İdarəetmə Təşkilatının baş direktoru Əmir Abbas Cəfəri Urmiya gölünün 95 faizinin quruduğu barədə açıqlama verib.

Yerli ekoloqlar Urmiya gölü hövzəsində yağıntıların olmadığına görə qarşıdakı yaz və yay aylarında Azərbaycan əyalətlərində duz fırtınalarının təhlükəli səviyyədə artacağı barədə xəbərdarlıq ediblər.

2023-cü ilin dekabr ayında Təbrizin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeygi ekoloji problemin həll edilməməsinə görə hakimiyyəti günahlandırıb.

O, “Urmu gölünün Bərpası Qərargahı”nın ekoloji fəlakətin qarşısının alınması üçün artıq elə bir ciddi əhəmiyyət daşımadığını deyib.

“Təəssüf ki, hökumət davam edən fəlakətin aradan qaldırılması üçün lazımi səy göstərmir və  “Urmu gölünün Bərpası Qərargahı”nın rəhbəri ona həvalə edilmiş vəzifələrə görə cavabdehlik daşımır”,- təbrizli millət vəkili Urmu gölün bərpasının artıq hakimiyyət üçün prioritet olmadığını bildirib.

Qeyd edək ki, Urmu gölünün Bərpası Qərargahı”nın rəhbəri Qərbi Azərbaycan əyalətinin kürd əsilli valisi Məhəmməd Sadiq Mötəmediandır.

Onun son bir neçə ay ərzində Urmu gölünə su buraxılacağı ilə bağlı verdiyi vədlərin heç biri özünü doğrultmayıb.

Bu, yerli əhali və bir sıra ekoloqlarda Urmu gölünün hakimiyyət tərəfindən bilərəkdən qurudulması ilə bağlı şübhələrin güclənməsinə səbəb olub.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK