Urmu gölünün quruması fonunda bölgədə xəstəliklərin sayı artır

by Samir Asadli

Urmu gölünün quruması və gölün bərpası üçün vəd edilən layihələrin həyata keçirilməməsi ekoloji fəlakət, ekosistemin məhvi ilə yanaşı, bölgə insanlarının da həyatlarını təhlükəyə atmaqda davam edir.

Son günlər gölün qurumasının sürətləndiyi və su həcminin 95-dən çox azaldığı bir vaxtda mütəxəssislərin duz qasırğalarının törətdiyi və törədəcəyi fəsadlar barədə xəbbərdarlıqları da artıb.

“Urmu gölünün qurumuş yatağından qalxan duz qasırğaları bölgədə kənd təsərrüfatını məhv etmək, ağır iqtisadi ziyanlara səbəb olmaqla yanaşı,  milyonlarla insanın həyatını da təhlükə atır “,- xəbərdarlıq çıxışlarında bildirilir.

Son 10 ildə gölün quruma prosesi və bunun bölgə kəndlərində xəstəliklərin, özəlliklə xərçəng xəstəliyinin geniş yayılmasına səbəb olduğunu göstərən çox sayda faktlar və sənədlər mövcuddur.

Xüsusilə,  Şərqi Azərbaycan əyalətinin Binab və Əcəbşer arası kəndlərində, o cümlədən Ziynətli, Kuxarlı, Ağ günbəd, Gəmiçidə əhalinin çoxsaylı xəstəliklərə, o cümlədən dəri, nəfəs borusu xəstəlikləri və xərçəngə yoluxmaları barədəki statistikalar təhlükənin gün keçdikcə daha geniş miqyas aldığını göstərir.

Ekoloqlar gölün bərpa edilməyəcəyi təqdirdə duz fırtınalarının Şərqi, Qərbi Azərbaycan əyalətləri ilə yanaşı,  Türkiyə və Azərbaycan respublikasına da zərər vuracağını, 15 milyona yaxın bölgə əhalisinin köç etməyə məcbur olacaqlarını bildirirlər.

Qeyd edək ki, hazırda 95 faizi quruyan Urmu gölünün sahəsi ötən illə müqayisədə 1139,96 kvadrat kilometr azalaraq, 938,10 kvadrat kilometrə çatıb.

Bu, uzunmüddətli orta göstəricidən 3729,58 kvadrat kilometr azdır.

Göldə suyun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,41 milyard kubmetr, uzunmüddətli dövrdə isə 15.70 milyard kubmetr azalıb.

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK