Oqtay Zülfüqarov – 95
Neçə-neçə nəsil onun mahnıları ilə böyüyüb. Ömrünün 60 ilindən çoxunu Azərbaycan mədəniyyətinin inkişafına həsr edən Oqtay Zülfüqarov 500-dən çox uşaq mahnısı yazıb. İlhamını körpələrin şirin sözlərindən, saf baxışlarından alardı. Yaratdığı nəğmələri sevimli balaların dilindən eşitmək onun ömrünə ömür qatırdı. Bu barədə söz düşəndə deyərdi: “Mən xoşbəxtəm ki, uşaqlarla işləyirəm. Uşaqlar məni cavanlaşdırır, qocalmağa qoymurlar”. Elə uşaqlar da onu fəxrlə özlərinin nəğməkar babası sayırdılar.
Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də Bakının Pirşağı qəsəbəsində anadan olub. Onda ilk musiqi vərdişlərinin yaranmasına, bəlkə də, ləpədöyənində böyüdüyü Xəzərin nəğməli sahillərinin aurası səbəb olub. Musiqi məktəbinin violoncel sinfini, ardınca Asəf Zeynallı adına Musiqi Məktəbi və Dövlət Konservatoriyasını bitirib. Böyük bəstəkar, professor Qara Qarayevin tələbəsi olub. Silsilə uşaq nəğmələri ilə tanınıb. Bəstəkarın “Yaz gəlir”, “Maşınımı sürürəm”, “Qucağında, nənə, sən”, “Lavaş”, “Kim sevirsə idmanı”, “Futbolçular”, “Can nənə”, “Qonaqlıq”, “Nağara”, “Göy Xəzər”, “Gözəl Bakı”, “Bayraq”, “Gözəl Vətən”, “Ad günü”, “Musiqi bayramı” kimi mahnıları dillər əzbəridir.
O, uşaqlar üçün “Qız-ulduz”, “Pişik və Sərçə” və “Meşə nağılı” operalarını da yazıb. “Şəngülüm, Şüngülüm və Məngülüm” adlı musiqili komediya, violoncel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, 4 simfoniya, 2 balet, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkar böyük simfonik orkestr üçün yaratdığı “Şənlən, mənim xalqım” uvertürası kimi bir çox məşhur musiqi əsərlərinin, dərsliklərin də müəllifidir. Uvertürası ilə Moskva müsabiqəsində laureat adına layiq görülüb.
Uzun illər “Tumurcuq” və “Aysel” Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi ilə Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb. Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri işləyib. Bəstəkar həm də şeirlər yazıb və onlar “Oxuyur Aysel” adlı topluda işıq üzü görüb. 1972-ci ildə isə Əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Xalq artisti adına, 2009-cu ildə “Şöhrət” ordeninə layiq görülüb. Prezidentin fərdi təqaüdçüsü olub.
Həzin mahnılarından biri Teymur Elçinin müəllifi olduğu “Səhər-səhər bağçada bir sərçə dən yeyirdi” sözləri ilə başlanan bəstəkarın səpdiyi sənət toxumları çox sağlam cücərtilər verib. Leyla, Züleyxa və Cahangir adlı musiqiyə bağlı layiqli övladları var. Oğlu Cahangir Zülfüqarov ata yolunu davam etdirir, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının musiqi hissə müdiridir. Bir sıra tamaşaya musiqi bəstələyib, sənədli filmlərə mahnı və romanslar yazıb. Əməkdar incəsənət xadimidir. Cahangir müəllim fleyta və simfonik orkestr üçün bəstələdiyi “Ümid adası” simfonik qravürlərini atasının xatirəsinə ithaf edib. Həmin əsərdə fleytada solo ifa Cahangir müəllimin qızı, beynəlxalq müsabiqə laureatı Əminə Zülfüqarovaya məxsusdur. Onun nəvələri Emili Zəkiyyə, İnarə, Əfrasiyab estafetin gənc davamçılarıdır.
Cahangir Zülfüqarovun “XQ”yə müsahibəsində dediklərindən:
– Atam bütün varlığı ilə musiqiyə bağlı idi. Na yazdısa, ürəklə yazdı. Buna görə də əsərləri əbədiyaşarlıq qazanıb. Çoxlu yetirmələri var. Qayğıkeş müəllim, ailə başçısı, uşaq dünyasının bilicisi idi. Bu gün də saf bəhrələri ilə ətrafa işıq, sevgi, mərhəmət saçır. Onun bütün keyfiyyətlərini yaşatmağa çalışmağımla fəxr edirəm…
Bir vaxtlar çalışdığım dövlət televiziyasında mərhum iş yoldaşlarım Firudin Ağayevlə Oqtay Babazadənin ssenari müəllifi və quruluşçu rejissoru olduqları “Leyla və onun dostları” adlı bədii-sənədli film Oqtay Zülfüqarovun qızı, balaca müğənni Leylaya həsr olunub. Həmin film Ümumdünya gənclər festivalında II mükafata layiq görülüb, 70-ci illərdə tez-tez göstərilirdi. Leyla xanım hazırda Bakı Xoreoqrafiya Kollecində dərs deyir.
Züleyxa xanım ailəsi ilə ABŞ-da yaşayır, musiqiyə sıx bağlı soydaşlarımız kimi tanınırlar. Nəvəsi, rejissor Şamil Nəcəfzadənin kiçik qızı Məryəm artıq tanınmış xoreoqrafdır. Bir sözlə, bu nəsildə musiqiyə bağlı olmayan kimsə yoxdur.
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi Nazim Kazımov:
– Əvvəla, fəxrlə deyim ki, Oqtay Zülfüqarov bizim kollecin yetirməsi olub. Demək olar, bütün yubileylərində şəxsən iştirak etmişəm. Foyemizdə şəkli asılıb, hər gün salam verib ötürük. Biz həm də onunla ailəvi dost olmuşuq. Novxanıdakı bağ evini öz əlləri ilə tikib qurmuşdu. Təbiəti sevirdi, ona görə də əsərləri çox təbiidir onun. Bəstəkarlığı bir ayrı aləm idi. Mənim diplom rəhbərim, professor Vidadi Xəlilov Oqtay Zülfüqarovdan gözəl bir monoqrafiya yazıb. Bəstəkar, rəssam, şair, yazıçı, müəllim, rejissor, heykəltəraş, bir sözlə, tam yaradıcı insan olan Oqtay Zülfüqarov gözəl, dolğun bir həyat yaşayıb. Həmişə qəlbimizdədir.
Qeyd edək ki, ötən həftə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının səhnəsində böyük musiqiçi Oqtay Zülfüqarovun 95 illiyinə həsr edilmiş konsert proqramı verilib. Xatirə gecəsi uşaqların fəal iştirakı ilə qeyd olunub. Uşaq filarmoniyasının “Şəms” uşaq xoru, “Güləbətin” vokal ansamblı bəstəkarın məşhur mahnılarını ifa ediblər. Bütün çıxışlar çöhrələrə təbəssüm qondurub.
Ə.DOSTƏLİ