Uşaqların “Təbiətin rəngi” sərgisi

by Samir Asadli

Bakının mərkəzində – Bülbül prospektində, Rəssamlar İttifaqının yerləşdiyi binada qərarlaşan Bülbülün Memorial Muzeyində COP29-a həsr olunan “Təbiətin rəngi” adlı sərgi açılıb.

Bu barədə xəbəri alan kimi, sərgiyə baxmaq istədik və məşhur opera tenoru, xalq musiqisi ifaçısının abidəsinin yanından keçərək muzeyə yollandıq. Ön otaqda məktəbli musiqiçilərin konsert proqramı təqdim olunurdu. Digər otaqlar isə “Təbiətin rəngi”nə aid rəsmlərlə bəzədilmişdi. Biz də ziyarətçilərə qoşulub, musiqi sədaları altında uşaqların əl işlərinə tamaşa etməyə başladıq.

Sərgidə Azərbaycan Milli Konservatoriyasının nəzdindəki İncəsənət Gimnaziyasının təsviri və tətbiqi sənət şöbəsi şagrdlərinin təbiətə sevgi ilə çəkdikləri 20-dən artıq əlvan rəsm nümayiş etdirilir. Yağlı və sulu boya ilə çəkilmiş rəsmlərin hər biri sanki ətrafa işıq saçır. Burada Azərbaycanın zəngin flora və faunası uşaq müşahidəsi və fantaziyasının sehri ilə əks etdirilir.

Sərginin ən kiçik yaşlı iştirakçısı – gimnaziyanın 1-ci sinif şagirdi Suel Babazadə “Qlobusu qucaqlayan qız” rəsmi hər kəsə “Dünyamızı qoruyaq!” mesajı verir. Ondan 1 yaş böyük olan Zümrüd və Nilay Məmmdovaların da fırça ilə işləməyin texnikasını lazımınca mənimsədikləri aşkar görünür. Zümrüdün “Çiçəklər”i, “Bayquş və panda”sı, Nilayın “Günəşli aləm”i elə uzaqdan diqqət çəkir. Bu rəsmlərdə rənglər qarışmır, əksinə, bir-birini ahəngdar şəkildə tamamlayır.

Gimnaziyanın 3-cü sinif şagirdi Selin Mikayılova fırçasını kompozisiyalı rəsm çəkməkdə sınayıb. Onun “Dünya uşaqları qədim və müasir Bakının əhatəsində rəsmi ilk sınağın uğurlu alınmasından soraq verir. Əminə Hidayətova (7-ci sinif) isə “Mənim dünyam” adlı rəsmi ilə “Dünya hamımızın evidir” ideyasını kətana köçürə bilib.

Muzeydə konsert proqramını bitirən uşaqların da sərgi otaqlarına keçərək rəsm əsərləri ilə maraqlanmalarını görüncə daha da xoşhal olduq. Hamılıqla həm rəsmlərə baxdılar, həm də ilkin təəssüratlarını bir-biri ilə bölüşdülər.

Uşaqlarla söhbət zamanı sənətə hədsiz maraqları olduğunu gördük. COP-la bağlı suallarımızı da həvəslə cavablandırdılar. Məryəm Hacıyeva bir neçə gün əvvəl Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə COP29-da sərgilənən stend və pavilyonlarla tanış olduğunu söylədi. Uşaqlar onu da dedilər ki, gimnaziyanın şagirdi, gənc skripkaçı Surə Həsənlinin iqlim konfransı  çərçivəsində keçirilən təqdimatda çıxış etməsindən fərəh duyublar.

Həzin musiqinin müşayiəti ilə tanış olduğumuz “Təbiətin rəngi” sərgisindən, bax, beləcə xoş təəssüratla ayrıldıq. Qeyd edək ki, bu maraqlı sərgi noyabrın 25-dək davam edəcək.

Ə.DOSTƏLİ 
XQ

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK