Arif Hüseynov – 80
Yubileyə sənət töhfələri
Əsərlərində milli dəyərlərimizə, adət-ənənələrimizə üstünlük verən rəssamlarımızdan biri də Arif Hüseynovdur. Ustad sənətkarın Azərbaycanda qrafika janrının pərvərişində rolu böyükdür. İstedadlı rəssam uzun illər boyu tükənməz yaradıcılıq potensialını daha çox dəzgah və kitab qrafikası sahəsinə həsr edib.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Arif Hüseynov qədim miniatür sənəti ənənələrini qoruyub saxlamaqla, yeni forma və biçimdə bədii-estetik tutumlu əsərlərini böyük ustalıqla yaradıb. Miniatür janr və üslubunun modern tərzdə ifadəsi onun orijinal dəst-xətli sənətkar olduğunu göstərir. Yaradıcılığı ilə ilk tanışlıqdan da Arif Hüseynovun nağıllara, dastanlara, aşıq yaradıcılığına, Novruz bayramına, bir sözlə, xalqımızın zəngin keçmişinə böyük məhəbbəti açıq-aşkar duyulur. Onun dərin fəlsəfə, könül oxşayan lirika, incə bir hiss duyulan saysız-hesabsız qrafik işləri, illüstrasiyaları, eyni zamanda, maarifçilik xarakteri daşıyır.
İlk gündən sənətə bu amalla gələn və hazırda mənalı ömrünün 80-ci ilini başa vuran Arif Hüseynovun 55 illik yaradıcılıq yolu bu il 3 genişmiqyaslı yubiley sərgisində öz əksini tapıb. İlkin olaraq fevralın 17-də Azərbaycan Milli Xalça Muzeyində sevimli personajlarla yaddaşlara həkk olunmuş klassik və müasir nağıllarımıza həsr etdiyi “Azərbaycan nağılı“ adlı fərdi sərgisi keçirilib. Həmin təqdimatın əsas məqsədi Azərbaycan nağıllarına yenilik gətirmək, ənənələrə müasirlik qatmaqla yeni qəhrəmanlar yaratmaq və ən əsası uşaqları texnologiya asılılığından uzaqlaşdıraraq maarifləndirməkdən ibarət idi.
Daha sonra martın 30-da Nizami Kino Mərkəzində “Qarabağnamə – tarixin səhifələri” kitabının əsasında istedadlı rejissor Elnurə Kazımova tərəfindən ərsəyə gəlmiş “Qarabağnamə” adlı bədii-sənədli filmin təqdimatı olub. Bu film Xalq rəssamının Qarabağın tarixinə həsr etdiyi silsilə əsərlərə həsr olunmuşdu. Azərbaycan incəsənətinin zəngin salnaməsini ehtiva edən Qarabağ mövzulu əsərlərdə tarixi şəxsiyyətlərin, əfsanəvi generalların, xanəndə və aşıqların portretləri, memarlıq abidələri, Azərbaycan tarixində baş vermiş bir çox hadisə və faktlar haqqında təsvirlər geniş yer alıb.
Silsilənin davamı olaraq, iyunun 6-da Muzey Mərkəzində rəssamın maarifçilik yönümlü qrafik əsərlərindən ibarət 2-ci fərdi “Qrafika” sərgisi təqdim edilib. Arif Hüseynov burada daha çox dahi şəxsiyyətlərin, şairlərin portretlərini və onların ərsəyə gətirdikləri rübailərə, şeirlərə, qəzəllərə, hekayələrə həsr etdiyi illüstrasiyaları sərgiləyib. Buna misal olaraq Nizami və Məhsəti Gəncəvilər, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir, İmadəddin Nəsimi kimi şairlərin obrazlarını göstərmək olar. Eyni zamanda, sənətkarın Afaq Məsudun hekayələrinə çəkdiyi illüstrasiyalar da sərgidə yer almışdı.
Arif Hüseynovun ümumi yaradıcılığını əhatə edən, yaddaşlarda əbədi iz qoyacaq “Miniatürsayağı” adlı növbəti fərdi yubiley sərgisi oktyabrın 13-də Azərbaycan Milli İncəsənət Muzeyində sənətsevərlərə təqdim olunub. Sərgidə bir- birindən fərqli, rəngarəng yeni əsərlər ekspozisiya zallarını bəzəyib. Açılış mərasimində muzeyin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, Əməkdar jurnalist Etibar Babayev və başqaları yubilyarın yaradıcılığını yüksək dəyərləndirib, ona yeni uğurlar diləyiblər. Sayca 50 əsərin nümayiş olunduğu sərgi 100-lərlə qonağın ruhunu oxşayıb.
Ömür yolunun 80-ci ilinin tamamında Xalq rəssamı Arif Hüseynov Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olundu. Bu, onun dərin ictimai məzmunlu və məhsuldar yaradıcılığına dövlətimizin verdiyi yüksək qiymətdir.
Fəxr edirəm ki, Milli Məclisin Mədəniyyət komitəsinin, Azərbaycan Rəssamlar İttifaqının və “HüsnАrt” təsviri sənət Mərkəzinin təşkilatçılığı ilə Xalq rəssamının 80 illiyi çərçivəsində keçirilən bütün sərgi və tədbirlərinin kuratoru və əlaqələndiricisi mən olmuşam. Ölkəmizdə, eləcə də dünyanın bir çox yerində, müxtəlif kolleksiyalarda sənət əsərləri qorunan Xalq rəssamının yaradıcılıq nümunələrinə bələdçilik etmək, sözün əsl mənasında, şərəf işidir.
Ziyarət CABAROVA,
Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi