Üzeyir Hacıbəyli – məfkurə publisisti

by Samir Asadli

Özünün musiqi əsərləri ilə dünyaya pəncərə açan, “Leyli və Məcnun”, “Koroğlu”, “O olmasın, bu olsun”, “Arşın mal alan” kimi şedevrlərlə cahanşümul şöhrət qazanmış Üzeyir bəy Hacıbəyli həm də çox güclü qələm sahibi, jurnalist, publisist idi. Onun publisistik yaradıcılığının ən məhsuldar dövrlərindən biri 1918–1920-ci illərdir ki, həmin zaman kəsiyində qələmə aldığı məqalələri sovet hakimiyyəti illərində yasaq edilərək, xalqdan gizlədilmişdir. 

Növbəti anım günü ilə əlaqədar is­tiqlal və istiqbal yolçusu olan dahi şəx­siyyətin bədii-publisistik irsinə yenidən nəzər salarkən bir daha şahidi olduq ki, Azərbaycanın ilk müstəqillik illərin­də Üzeyir bəy hər gün mətbuatda son dərəcə maraqlı yazılarla çıxış edib. Əv­vəlcə müxbir, parlament müxbiri, kiçik qardaşı – “Azərbaycan” qəzetinin re­daktoru Ceyhun bəy Hacıbəyli Fransa­ya getdikdən sonra isə qəzetin redak­toru kimi saysız-hesabsız məqalələri, felyetonları qəzetin səhifələrində dərc olunub.

Üzeyir bəyin yazılarını oxuduqca əvəzsiz publisist qələminin dürüst­lüyünə, qərəzsizliyinə, itiliyinə, ha­disələrin düzgün şərhinə heyran qa­lırsan. Həmin yazıların mövzuları da müxtəlifliyi ilə seçilir. Məqalələrdən bir neçəsinin adına nəzər salaq: “Nuru Paşa həzrətləri şərəfinə böyük ziyafət”, “Mühüm məsələlər”, “Partiyalarımıza”, “Azərbaycan parlamanı”, “Tarixi günü­müz”, “Andranikin məsələsi”, “Vəzifə­miz nədir”, “İstiqlal və istiqbal ümidi”, “Lənkəran faciəsi”, “ Düşmənlərimizin fəaliyyəti”, “31 mart”, “Naxçıvan və Qarabağ”, “Ermənistan və Azərbay­can münasibəti”, “Erməni–gürcü mü­nasibəti”, “Şimalımızın halı”, “Rusiya əhvalı”, “Qara təhlükə”, “İçimizdəki denikinlər”, “Məmurlarımız haqqında”, “Dördgöz olmalıyıq” və s.

Bu yazıları mütaliə etdikcə, Üzeyir bəyin nə qədər təmiz qəlbli, vətəninə bağlı ziyalı, xalq sevdalısı olduğunu bir daha anlayırsan. Məsələn, 1 de­kabr 1918-ci ildə dərc edilmiş “Mühüm məsələlər” məqaləsində qüdrətli qələm ustası yazırdı: “…Biz Azərbaycanı və iki milyondan artıq olan Azərbaycan türklərini Yevropaya və müttəfiq dövlət­lərə indidən tanıtdırmalıyıq. Özümüzə məxsus tarixə, gözəl və xüsusi bir ədəbiyyata, sənayeyi-nəfisəyə malik olduğumuzu onlara bildirməliyik. Dili­mizin firəng dili Yevropada olan kimi, bütün Qafqazda ümumi bir dil olduğu­nu, məsələn, bir ləzgi ilə bir erməninin və ya bir malakan ilə bir aysorun bir-biri ilə türk-Azərbaycan dili ilə danışmağa məcbur olduğunu isbat etməliyik. Mu­siqimizin ümumi Qafqaz millətlərinə zövq və ləzzəti-ruhani verən bir musiqi olduğunu bildirməliyik. Yevropa şair­lərindən geri qalmayaraq şairlərimizi, müsənniflərimizi, yazıçılarımızı, alim­lərimizi birbəbir nişan verməklə xüsu­si bir mədəniyyətə malik olduğumuzu əyan və aşkar etməliyik”.

Fərəhli haldır ki, Üzeyir bəyin 1918-ci ildə yazdığı “Mühüm məsələlər”i bu gün müstəqil Azərbaycanın Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva uğurla həyata ke­çirirlər. Şair, yazıçı, alim və bəstəkar­larımızın, elə Üzeyir bəy Hacıbəylinin özünün, həmçinin, ölməz “Leyli və Məcnun”, “Arşın mal alan” əsərləri­nin yubileylərinin UNESCO-da, dünya ölkələrində, beynəlxalq səviyyədə ke­çirilməsi böyük dühanın vəsiyyətlərinə əməl olunduğunu və həyata keçirildiyi­ni bariz şəkildə göstərir.

Üzeyir bəy Hacıbəyli məqalə və fel­yetonlarında xalqı narahat edən bütün məsələlərə aydınlıq gətirməklə yanaşı, erməni–Azərbaycan mövzusuna xüsu­si diqqət yetirib. Yazılarının çoxunda bu məsələyə toxunan sənətkar daş­nakların fitnə-fəsadlarından, onların, hətta sadə erməni millətinin başına gə­tirdikləri bəlalardan bəhs edib, dəf yol­larını göstərib. “Başlanır”, “Eyni müa­milə gözləyirik”, “Qarabağ hadisatı”, “Kontrast”, “Rusiya əhvalı”, “Ermənis­tan və Azərbaycan münasibəti”, “Cor­ciən meil”in məqaləsi və s. publisistik yazılarında Ü.Hacıbəyli məhz ermə­ni məsələsinə toxunmuşdur. Qüdrətli qələm sahibi “Başlanır” məqaləsində yazırdı: “Özgənin iki gözünü çıxarmaq üçün özünün bir gözünü qurban etmək politikası yolunu tutmuş olan daşnak­lardan nəticəsi hər vaxt erməni millətini fəlakətdən-fəlakətə salan “müsəlləh üsyan”lardan başqa özgə bir qabiliyyət gözləmək üçün cahil və qafil olmaq la­zım gəlir.

Daşnaklar Qarabağ ermənilərini bizə qarşı üsyana dəvət edirlər. Bu üsyanın açıq-açığına qəzetə vasitəsilə elanı, daşnakların bihəyalığını sübut edən aşkar dəlillərdən birisidir. (Ha­cıbəyli Üzeyir, 13 fevral 1919-cu il).

“Eyni müamilə gözləyirik” məqalə­sində isə Üzeyir bəy belə qeyd edirdi: “Qarabağda bu “hartu-vurtu” salan və bu hərəkətləri çıxaran bütün Qarabağ erməniləri olmayıb, bəlkə bir dəstə daşnak güruhudur. Qarabağın kənd erməniləri yaxşı bilirlər ki, Azərbaycan hökumətinə tabe olmasalar, müsəl­manlar ilə əlaqələrini kəsməyə məc­bur olub, acından ölərlər. Ona görə biz əminik ki, bədbəxt erməni kəndləri bu gün bir dəstə daşnakların xəyanət və şeytanəti qurbanlarıdırlar, bu güru­hi-layəfəlhun erməni millətinin gözünü o qədər qorxudublar ki, bir bu qədər haqsızlıq və zülmlərə qarşı ağız açıb söz deməyə cürətləri yoxdur. Əgər bu xainlər güruhu Qarabağdan tərd və təbid edilirsə və onların yuvaları dağı­lırsa, Qarabağ erməniləri asudə nəfəs çəkib, həm acından ölməzlər, həm də öz həmişəki qonşuları ilə mehriban do­lanıb, Azərbaycan hökumətinin ədaləti altında və sayeyi-mərhəmət qayəsində kəmali-asudəgi ilə imrari-məişət edər­lər” (Üzeyir Hacıbəyli, 5 may 1919-cu il).

“Rusiya əhvalı” məqaləsində isə Üzeyir bəy müdrikcəsinə qeyd edirdi: “Bugünkü vəzifəmiz Rusiya işlərinə kənardan baxmaq və Rusiya daxilində vaqe olan hadisələrə qarşı bitərəf qal­maqla bərabər, oradan bizi təhdid edən təhlükələrdən özümüzü qorumaqdır… Təhlükə bolşevik tərəfindənmi və ya Denikin tərəfindən vaqe olacaqmı, biz­dən ötrü təfavüt yoxdur, qorunmaq və hər bir vasitə ilə istiqlalımızı mühafizə etmək, vəssalam” (Hacıbəyli Üzeyir, 9 oktyabr 1919-cu il).

Önəmlisi budur ki, Üzeyir bəyin yüksək siyasi fəhmlə toxunduğu möv­zuların böyük əksəriyyəti bu gün də aktualdır. Hər zaman xalqın rifahını dü­şünən, onun yaxşı yaşamasını istəyən böyük şəxsiyyət öz yazılarında əmək haqlarının azlığını da önə çəkir, müəl­limlərin timsalında bunun dözülməzli­yini vurğulayırdı: “Xalq müəllimlərinin məvacibi olan dörd yüz otuz beş ma­nata nəinki külfətdar və ailə sahibi olan bir müəllim, hətta subay adamlar da dolana bilməzlər” (“Əgri yol”, 10 aprel 1919-cu il).

Qüdrətli, cəsarətli qələm sahibi, ünlü yazar olan Üzeyir bəy Hacıbəyli bütün bu həyati vacib problemlərin qal­dırılmasının, oxucuların nəzərinə çatdı­rılmasının, həlli yollarının göstərilməsi­nin öhdəsindən layiqincə gəlib. Səmimi qəlb ilə vətəninin, xalqının, millətinin özgürlüyünü, bağımsızlığını istəyən böyük ziyalı, dahi sənətkar həm də qü­rurla aşağıdakıları bəyan edib: “Məm­ləkətimiz və vətənimiz kəmali-sürətlə bir tərəfdən qüvvət tapıb, bir tərəfdən də tərəqqi edəcək və getdikcə ağ gün­lərə çatacaqdır” (Ü.Hacıbəyli “Xatimə ” 15 may 1919-cu il).

Ömrü boyu Azərbaycanımızın müstəqilliyini arzulayan və həyatında cəmi 23 ay onun dadını görən, varlı­ğına şahidlik edən qorxmaz, qürurlu, obyektiv, qərəzsiz, iti qələm sahibi olan bu böyük şəxsiyyətin musiqi tariximizlə bərabər, ədəbiyyat, mətbuat tariximiz­də də yerinin danılmaz olduğunu bir daha görürük.

 

Səadət QARABAĞLI,
Üzeyirşünas

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK