
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, siyasi şərhçi Samir Əsədli “Şərq”ə bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya hücumunu və nəticədə Avropada sabitliyin pozulmasını Ukraynanın Qərbə yaxınlaşması və bunun Rusiya üçün təhlükə törətməsiylə əsaslandırıb. Ekspertin sözlərinə görə, Putin hərbi müdaxilənin tez bir zamanda qələbəylə nəticələnəciyinə inanıb:
“Amma “xüsusi hərbi əməliyyat” adlandırdığı bu müharibədən gözləntiləri artıq nisbətən azalmış kimi görünür. Dəqiq bilinən budur ki, Putin Ukraynaya hücumu Rusiya tarixində çox vacib an hesab edir. Onun əsas məqsədi Uktaynanı ələ keçirmək, hökuməti devirmək və bu ölkənin NATO-ya qoşulmaq arzusunu tamamilə yox etmək idi. Bombardmanlar davam edir. Amma sülh danışıqları haqqında son xəbərlərdən belə məlum olur ki, Rusiya artıq hökuməti devirmək fikrində olmadığını və Ukraynanı neytral bir ölkə kimi görmək istədiyini bildirir. Digər tərəfdən, Putin Ukrayna prezidentini dəyişib ölkədə Belarusdakı kimi oyuncaq hökumət qura bilməyəcəyini də qəbul etmiş kimi görünür. Qərb ölkələri də Rusiya qoşunlarının Ukraynadan tamamilə çıxarılmasına tərəfdardırlar və “dondurulmuş münaqişə” vəziyyətini qəbul etmirlər. Putinin yenidən sülhdən danışması məhz belə bir situasiyaya təsadüf edir və bu, sühpərvərlikdən daha çox tam biabırçılıqdan qurtulmaq axtarışına bənzəyir. Çünki Vladimir Putinin taleyi Ukraynadakı müharibənin nəticəsindən asılıdır”.