Xanəndə milyonçunun acı taleyi

by Samir Asadli

Sərvət “əl çirki”, sənət isə dar gündə də istinadgahdır

O, xanəndə kimi məclislərdə, el şənliklərində hədsiz hörmətlə qarşılanırdı. Onun səsini sevə-sevə dinləyən minlərlə pərəstişkarları vardı. Həmişə qonaqlı-qaralı, toylu-büsatlı, çal-çağırlı məclislərdə başa çəkilirdi. 

Seyid Mirbabayev öz məlahətli səsi ilə insanların məhəbbətini qazanmışdı. O səs mənəvi zövq mənbəyi idi. Sahibinə əbədi şöhrət gətirirdi. Xalq arasında dolaşan söhbətlərə görə, Hacı Zeynalabdin Tağıyev də onun səsinin vurğunu olub. Onu vaxtaşırı evinə dəvət edərək oxutdurub, haqqını qat-qat artıqlaması ilə verib. Deyib ki, bu səs Allahın vergisidir, Tanrı töhfəsidir. Səsinin  qayğısına qal, korlanmağa qoyma. Sonra peşman olarsan…

Bəli, tale elə gətirib ki, Seyid Mirbabayev nəinki səsinin qayğısına qalmayıb, hətta sənətdən uzaqlaşıb və sonda da Hacının dediyi kimi, peşman olub…

Seyid Mirbabayev 1910-cu ilə kimi Bakı kəndlərinin toylarında, ümumiyyətlə, Bakının musiqi həyatında öz səsi ilə dərin iz buraxıb. Teatr tamaşalarında və konsert salonlarında sevilən müğənni kimi böyük coşqu ilə qarşılanıb. Səsinin vala yazılması üçün 1906-cı ildə Riqa şəhərindəki “Qramofon” şirkəti tərəfindən dəvət alıb. Onun ifasında “Hicaz”, “Şüştər” və başqa muğamlar, “Ay bəri bax” və digər təsniflər valda yer alıb.

Onun əsl adı Mir Tağıdır. El arasında Seyid Mirbabayev kimi tanınıb. 1867-ci ildə mərsiyəxan ailəsində dünyaya göz açıb. Atası da, qardaşı da mərsiyəxanlıqla məşğul olub. Sonralar Mir Tağı xanəndə kimi toylarda məşhurlaşıb. Zəngin ailələr bir-birinin bəhsinə Seyid Mirbabayevi öz ailə toylarına dəvət ediblər. Haqqını ödəməklə yanaşı, qiymətli hədiyyələr veriblər. Toyların birində, “Segah” muğamı üstündə bəyi böyük ilhamla, şövqlə tərif edib:

“Görüm, a bəy, toyun mübarək olsun,

Atan, anan, dayın, əmin sağ olsun…”

Bakının zəngin ailələrindən olan Şıxbalayevin gözünün ağı-qarası olan tək övladının toyunda xanəndənin səsindən vəcdə gələn bəyin milyonçu əmisi ona “Bala Şoranlıq” deyilən yerdə neft quyusu bağışlayıb. Onun milyonçu olmağının maraqlı tarixçəsi də “Bala Şoranlıq”dakı neft quyusu ilə bağlıdır. Çox çəkməyib ki, həmin quyudan neft fontan vurub. “Qara qızıl” ətrafı bürüyüb. Nəticədə, məşhur xanəndə Seyid Mirbabayev gözlənilmədən milyonçuya çevrilib.

Onun haqqında görkəmli yazıçı Manaf Süleymanov “Azərbaycan milyonçuları: Hacı Zeynalabdin Tağıyev” kitabında yazıb: (1996) “Bəxt ulduzu birdən parlayan neftxudalardan biri də milyonçu Seyid Mirbabayev idi… O, milyonçu olduqdan sonra musiqi sahəsindəki fəaliyyətinə son qoyub. Toylarda müğənni kimi çıxış etməkdən birdəfəlik uzaqlaşıb. Milyonçu olduğuna görə, xanəndəlik etməyi özünə ar bilib. Daha doğrusu, özünün xanəndə adından utanıb. Çünki var-dövləti başından aşıb. Toylarda onu kimlərinsə pul qarşılığında oxutmasını milyonçu adına yaraşdırmayıb. Tarixdə xanəndə kimi qalmaq istəməyib.

Seyid Mirbabayev hətta, vaxtilə özünün səsi yazılmış valları başqalarından baha qiymətə alıb sındırıb. Onun bu hərəkəti səsinin vurğunu olan Hacı Zeynalabdin Tağıyevi məyus edib. Hacı deyib ki, “Səsi ilə bülbülləri susduran Seyid Mirbabayev fəxr etmək əvəzinə, xanəndə adından utanır. Bu, necə ola bilər?!”

…Milyonçu Seyid Mirbabayev Bakını həmişə abad görmək istəyib. Ona görə də şəhərdə yaraşıqlı tarixi binalar tikdirib. Deyib ki, “burada yaşayan bizik. Bizim əvəzimizə başqası gəlib Bakını abad edə bilməz”. Tikdirdiyi yerlərdə bir-birindən gözəl binalar göz oxşayıb. Bir çox məşhur evlərin sahibi olub. O vaxtlardan “Qubernator evi” kimi tanınan məşhur ev də Seyid Mirbabayevin tikdirdiyi mülklərdəndir. Milyonçu həmin evini Rusiya quberniyasının qubernatorlarına icarəyə verdiyi üçün “Qubernator evi” adlanıb.

Bakıda “Azneft” İB-nin işçilərinin çalışdığı əzəmətli bina da Seyid Mirbabayevə məxsus olub. O, həmin evdə 1920-ci ilədək yaşayıb. Lakin bolşeviklər Azərbaycanı işğal etdikdən sonra mülkləri müsadirə edilib. O, Bakıdan Fransaya köçmək məcburiyyətində qalıb.

Çox çəkməyib ki, özü ilə Fransaya apardığı var-dövləti və sərvəti tükənməyə başlayıb. Bir sözlə, milyonçu Seyid Mirbabayev müflisləşib. O, müflisləşdikdən sonra təsadüfən Parisdə Teymur bəy Aşurbəyli ilə rastlaşıb. “Nə xoş təsadüf,” – deyə Seyid Mirbabayev öz-özünə fikirləşib. Teymur bəy onu miskin görkəmdə görüb və çox mütəəssir olub. Ona geyim mağazasından əyin-baş alanda əvvəlki xoşbəxt günləri kino lenti kimi Seyid Mirbabayevin gözləri önündən gəlib keçib. Vaxtilə Hacı Zeynalabdin Tağıyevin onun sənəti haqqında dediyi sözləri bir daha xatırlayıb…

Teymur bəy Aşurbəyli o zaman Tehranda yaşayıb. Həmin vaxt Parisə alış-veriş üçün gedib. Seyid Mirbabayevi acınacaqlı vəziyyətdə görən Teymur bəy onu özü ilə İrana aparıb. Beləcə, Seyid Mirbabayev Tehranda məskunlaşıb. Ömrünün sonuna kimi orada bakılıların çayxanasında xanəndəlik edib. “Subaylıq sultanlıqdır” – deyən Seyid Mirbabayev ömrünün sonunadək ailə həyatı qurmayıb. Ona görə də özündən sonra övladı qalmayıb.

Bəli, Seyid Mirbabayevin ömrünün ötən illərindən qalan izlər budur. Onun ömür kitabının son səhifələri insanı mütəəssir edir.

Sonda bildirək ki, Azərbaycanın ­görkəmli bəstəkarı Cahangir Cahangirov 1978-ci ildə “Xanəndənin taleyi” adlı operasında  acı taleli Seyid Mirbabayevin prototipini yaradıb.

Vətənini milyonçu kimi tərk edən Seyid Mirbabayev 1953-cü ildə Tehranda 86 yaşında kasıb, kimsəsiz bir müğənni kimi vəfat edib.

Həzi HƏSƏNLİ, 
şair-publisist

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK