Özbəkistan Mədəniyyət Nazirliyinin təşəbbüsü, UNESCO-nun dəstəyi ilə qədim Xivə şəhərindəki məşhur “İçan-Kala” kompleksinin Köhnə Ark meydanında beynəlxalq “Ləzgi” rəqs festivalı davam edir.
Festival çərçivəsində keçirilən konsertdə Özbəkistan, Azərbaycan, Rusiya, Qazaxıstan, İspaniya, Qırğızıstan, Koreya, Tacikistan, Yaponiya, Braziliya, Bolqarıstan və digər ölkələrin rəqs kollektivləri çıxış ediblər.
Özbəkistan Mədəniyyət Nazirliyinin dəvəti ilə musiqi bayramında ölkəmiz Xalq artisti Rüfət Xəlilzadənin rəhbərliyi ilə Azərbaycan Dövlət Rəqs Ansamblı ilə təmsil olunub.
Ansambl “Mənim Azərbaycanım”,”Ağ çiçəyim” və “Qaytağı” rəqslərini ifa ediblər. Ansamblın çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Rüfət Xəlilzadə XQ-nin müxbirinə bildirib ki, kollektiv müntəzəm olaraq Azərbaycanda və xarici ölkələrdə çıxış edir. Son vaxtlarda Çində, Türkiyədə, Qətərdə konsertlərimiz olub. Bu ayın sonunda İstanbulda, 28 may Müstəqillik Günü ilə əlaqədar isə Ankara şəhərində böyük solo konsertimiz nəzərdə tutulur. Şuşada keçiriləcək “Xarı Bülbül” festivalına ciddi hazırlaşırıq. Qərbi Azərbaycanda məşhur olan “Ağababa”yallısını bu festival üçün yeni quruluşda hazırlayırıq. Laçında da konsertlərimiz nəzərdə tutulur. Bir sözlə, işlərimiz çoxdur, çıxışlarımızı uğurla yerinə yetirəcəyimizə əminəm.
Xatırladırıq ki, festivala dünyanın 30 ölkəsindən gələn 200-ə yaxın rəqqas, musiqiçi, musiqi nəzəriyyəçisi, xoreoqraf qatılıb.