Fəzail İBRAHİMLİ
Milli Məclis sədrinin müavini
Bayraq, Himn və Gerb hər bir dövlət üçün vacib atributdur. Amma dünyanın çox az sayda xalqları var ki, bu rəsmi simvollarında öz taleyini, tarixini və gələcəyini yaşadır. Üç rəngli bayrağımız tək Azərbaycan üçün deyil, bütövlükdə Türk-İslam dünyası üçün müasir inkişaf yolunun ideoloji sistemidir. Himnimiz isə xalqımızın hiss və arzusunun ifadəsi kimi mükəmməldir. Dövlət himnində səslənən “Namusunu hifz etməyə, Bayrağını yüksəltməyə, Cümlə gənclər müştaqdır!” çağırışı zaman-zaman tarixi gerçəkliyə çevrildi. 90-cı illərin sonlarında Topxana meşəsinin qırılmasına etiraz olaraq ayağa qalxan Azərbaycan gəncliyi bu gün də Qarabağda ekoloji cinayətə etiraz edərək meydandadır. Bu baxımdan müstəqillik tariximizin bir çox əlamətdar anları kimi 2 fevral Azərbaycanda gənclər günü olaraq 1996-cı ildən bəri hər il ölkəmizdə təntənə ilə qeyd edilir. Artıq üç ildir ki gənclər gününün xüsusilə böyük mənası var. Çünki Azərbaycan gəncliyi yeni və möhtəşəm bir tarix yazdı. 44 günlük Vətən müharibəsinin ən ağır yükü cəbhədə misilsiz qəhrəmanlıqlar göstərən, ərazi bütövlüyümüz naminə şəhid olan, yaralanan, hər bir yüksəkliyin, kəndin, qəsəbənin, şəhərin azadlığı üçün silah yoldaşları ilə birgə böyük əziyyətlər çəkən gənc əsgər və zabitlərimizin üzərinə düşdü. Vətən müharibəsi ərəfəsində, hərbi əməliyyatların gedişində hər yeri bayraqlarımızla bəzəyən, gur səsi ilə cəmiyyətimizi qələbə ovqatına kökləyən, inam yaradan da əsasən gənclərimiz idi. Prezidentin səfərbərlik çağırışına on minlərlə gənc mərdliklə cavab verdi. Hamı döyüşə getmək üçün könüllü yazılırdı. Gənclərimiz yerli səfərbərlik idarələrindən dərhal orduya aparılmalarını israrla tələb edirdilər. Hər vəchlə cəbhədəki dostlarının, həmyaşıdlarının yanında olmağa, düşməndən qisas almağa can atırdılar. Hərb meydanına, qanlı savaşa ruh yüksəkliyi ilə yollanırdılar.
Azərbaycan gəncliyi öz missiyasını bu gün də davam etdirir. Azad edilmiş torpaqlarımızı qarlı-şaxtalı səngərlərdə göz bəbəyi kimi qoruyur. Orduda xidmət etməyənləri də əsgər və zabitlərimizə apardığı sovqatlarla, şəhid, yaralı ailələrimizə hansısa formada dəstəyi ilə Vətənin zəfərinə töhfə verməyə çalışırdı. Vətən müharibəsinin gedişində, ondan da əvvəl dünyanın müxtəlif səmtlərində yüz minlərlə azərbaycanlı gənc düşmənin informasiya təxribatlarına qarşı savaşırdı. Onların illərdir ki, dünyaya yaydıqları yalanları ifşa edirdi. Tarixi həqiqətləri, ermənilərin insanlığa sığmayan müharibə cinayətlərini, mülki əhaliyə qarşı törətdikləri qətliam faktlarını beynəlxalq ictimaiyyətə çatdırırdı. Döyüş meydanında bir-birinin ardınca qələbələr qazanan ordumuza informasiya savaşı, diplomatiya meydanında da bacardığı dəstəyi verməyə çalışırdı. Eyni missiya bu gün də davam edir. Azərbaycan gəncliyi mənfur düşməni bu savaş meydanında da üstələyir. Azərbaycanın maraqlarını qorumağı bacarır. Vətənpərvərlik ruhu da budur!
Torpaqlarımızın azadlığından sonra indi Azərbaycan gəncliyi qarşısında həm də o torpaqların bərpası, abadlaşdırılması, sosial-iqtisadi dirçəlişi, yurdlarımızın yenidən gülüstana çevrilməsi missiyası durur. Azərbaycan gəncləri bunu da bacaracaqlar. Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yetişdirdiyi gənclik buna da qadirdir. Onların həyata keçirdiyi gənclər siyasəti, müəyyən etdiyi düzgün istiqamət Azərbaycan gəncliyini vətənpərvər ruhda tərbiyələndirdiyi qədər, həm də zəhmətə, əməyə, ölkəmiz üçün də, dünya üçün də faydalı olmağa, gözəlliklər yaratmağa, inkişafa təkan verməyə alışdırıb.
Gənclik bu gün ölkəmizdə aparılan köklü islahatların əsas aparıcı qüvvəsini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti gənclərə yüksək vəzifələrdə etimad göstərir, müəyyən etdiyi strateji vəzifələrin yerinə yetirilməsində onlara böyük ümid bəsləyir. Bu ümidi doğrultmaq, vətənpərvərlik əzmini, azərbaycançılıq ruhunu qorumaq Azərbaycan gəncliyinin ümdə vəzifəsidir.