Yeni Perspektiv. Köhnə Yol. Türk-İslam məfkurəsinə doğru.

by Samir Asadli

Söz önü: Qəribə dəyişikliklər baş verir.

Bu gün ölkədə fikirlərim ən çox İlham Əliyevin fikirləri ilə üst-üstə düşür. Prezident seçkisində verilən mesajlar, elan edilən yeni siyasi prioritetlər haqqındakı fikirlər həm də mənim fikirlərimdir.

Bu son 30 ildə elə yaşamışam ki, zərrəcə YAP dəyərlərinə və qurduğu cəmiyyət sisteminə bulaşmayım. Mümkün qədər uzaq qalım. Çünki əsla və əsla bu siyasətlərlə razılaşmamışam.

Lakin bu gün, siyasi prioritetlərlə bağlı fikirlərim YAP lideri prezident İlham Əliyevin fikirləri ilə üst-üstə düşür. Demək olar ki, eyni fikirdəyik.

İllərdir ki, bu siyasi stratejilər, prioritetlərlə bağlı yazıram, danışıram.

Neçə aylar, illər öncə yazdığım yazılar bu gün Azərbaycan Dovlətinin əsas siyasi prioriteti, xarici siyasət prinsipləri elan olundu. Demək ki, biz haqlıyıq. Yazdıqlarımız boşuna getməmişdir, bu gün dövlət siyasətinə çeveilməkdədir, reallaşmaqdadır. Bu gün İlham Əliyevlə demək olar ki, fikirdaşıq.

Keçmişdə yazdığım O yazılardan birini bu gün yenidən paylaşıram.

Yeni Perspektiv. Köhnə Yol. Türk-İslam məfkurəsinə doğru.

(Sabir Rüstəmxanlı, Nəsib Nəsibli, Firudun Ağasıoğlu,Timur Kocaoğlu, Əirza Nəzmi Avşar, Babek Qacar, Babek Cavanşir, İbrahim Ufuk, Sülheddin Ekber, Şener Güdekli, Oktay Hacımusalı, Ömer Kul, Serdar Əlibəyli, Paşa Oğuz, Enver Yusuf Turani, Cihad Yayçı, Erol Cihangir, Mehmet Doğan, Mehmet Emin Kaya, Mustafa Gürbüz, Rüfet Muradlı, İqbal Ağazadə, Nəsimi Məmmədli, Qubad İbadoğlu, Əli Mustafa, Qələndər Muxtarlı, Əli Şamil, Rza Talebi, Seyfəddin Altaylı, Cəmil Həsənli, Ramiz Əsgər, Xətai Allahverdiyev, Abil Babaoğlu, Nigar Ögeday, Ali Kafkasyalı, Aqil Semedbeyli, Atilla Kaya, Sevil İrevanlı, Qurban Məmmədov, Əli İnsanov, Teymur Eminbəyli, Vaqif Sultanlı, Almaz Ülvi Binnətova, Telman Nüsrətoğlu, Əziz Ələkbərli, Faiq Ələkbərli, İsmail Cingöz, Bəxtiyar Tuncay, Şahlar Hacıyev, Elxan Şükürlü, Yunus Oğuz, Simin Sabri və Türk Millətinin gələcəyi ilə bağlı arayış içində olan bütün sevdiyim dostlarıma düşünmək üçün ünvanladığım sorular. Demək istədiyim fikirlərin bir qismi)

 

Niyə Türk -İslam yazıram? Çünki hər mədəniyyətin, sivilizasiyanın, sosiokültürəl super sistemin, siyasi qütbün əsasında bir inanc sistemi, dünyagörüş, din dayanır. Din mədəniyyətə şəkil və biçim verir və yaşamaq, öz inkişaf dövrəsini tamamlamaq üçün bir misyon verir. Hind mədəniyyəti İnduizmə, Çin Konfutsi və Buddizmə, İran-Fars Zərdüşt və Məcusi Şiəlik modelinə( İsmaililik, Qərmətilik və. s. ), Slavyanlar ortodoksal Xristianlığa, ABD+AB katolik-protestant görüşünə əsaslanaraq dövlətlərini və mədəniyyətlərini inşa etmişlər. Batı dövlətləri və cəmiyyətləri layiq-sekulyar anlayışa sahib olsalar belə Batı mədəniyyətinin əsasında Xristianlıq dayanır. Batı monarxiyalarında tacqoyma mərasimlərində Xristianlığın qorunmasına and içilir.
Türklər çox dinli millət olsalar belə, son minillikdə Türklərin böyük bir bölümü İslam dininə inanmışlar və Türk-İslam mədəniyyətini-müstəqil mədıni tarixi tipi- qurmuşlar.
Türk Milləti və Türk mədəniyyəti islam dinindən və mədəniyyətindən daha qədim, daha zəngin, daha əxlaqlıdır. Türk mədəniyyətinin İslam öncəsi tarixi və mərhələsi, özülləri də möhtəşəmdir, İslam dönəmindəki mədəniyyəti və tarixi də möhtəşəmdir, böyükdür, örnəkdir, sağlamdır. Türk Milləti, irqi, TDT gələcəyin inşasında istər İslam öncəsi Türk Tarixindən və mədəniyyətindən, istərsədə İslam dönəmi tarix və mədəniyyətindən qidalanaraq, güc alaraq, örnək alaraq sosiokültürəl super sistemə-sivilizasiyaya çevrilə bilmək potensialındadır.
Niyə Türk-İslam mədəniyyəti yazıram?
Çünki Türkçülük bizi Turana, İslam bizi dünyaya qovuşdurur.

Yeni yolumuz-Türk İslam Yolu Atatürklə (Türkçülük, Türkiyə cümhuriyyət ideyaları) Ənvər Paşanın (Panturanizm, Panİslamizm mıfkurəsi), Osmanlı ilə Türkiyənin birləştirilməsi, uzlaştırılması, TDT-nı Türk Birləşik Dövlətlərinə çevirmək yoludur.

Ayrıca Osmanlıçılıq- Türkiyəçilik, Atatürkçülük-cümhuriyyətçilik-layiqlik ilə Osmanlıçılıq-İslamçılıq toqquşmaları, qarşıdurmalarını körükləyib Türk Millətini cəbhələrə bölmək yanlışdır.
Türkiyə Cümhuriyyəti Osmanlı imperatprluğunun içindən çıxmışdır, Osmanlı dövlətinin davamıdır, layiqlik-islam kimi anlayışlar paradiqmalar, dəyərlər, kültür tipləri isə Türk millətinin varlığının davam etdirilməsi üçün sadəcə gərəkli silahlardır. Zamanın şərtlərinə uyum saxlamaq araclarıdır. Əsas olan Türk Millətinin tarixi sürəclər, proseslər içində varlığını sürdürməsini təmin etmək, qorumaqdır. Türk Millətinin varlığını sürdürməsi üçün bir tarixi dönəm layiqlik görüşü zərurət, başqa bir dönəmdə isə dini görüş və inanc vazkeçilməz zərurət ola bilər. Bu çağın, dövrün konjukturuna bağlı məsələlərdir. Heç birisi də vazkeçilməz dəyərlər deyildir. Fikrimcə, bütün dinlər, ideologiyalar, dünyagörüşlər, ideyalar millətlərin əlində bir silahdır, liderlərin bacarıqla oynatdığı silahlardır. Kim bu silahdan yaxşı istifadə edirsə, güc sahibi də o olur. (Günümüzdə İran molla rejimi Şiəlik məzhəb anlayışını silah kimi kullanır)

Atatürk yerdən çıxmadı, bir Osmanlı əsgəridir, Osmanlıdır, Osmanlını bölüb parçalayan, dağıdan Batı ilə savaşdı və Osmanlının Anadolu bölgəsindən, Osmanlı içindən özgür Türkiyə Cümhuriyetini çıxartdı. Osmanlı olmasaydı-Türkiyə Cümhuriyyəti də olmayacaqdı. Səlçuklunu quran Səlçuk Bəylə Osmanlı dövlətini quran Süleyman Paşa və Türkiyəni quran Atatürk eyni insanlardır, eyni amaca xidmət etmişlər.
Türkiyə elitasındakı Osmanlıçılıq-Cümhuriyyətçilik, Sultan Süleymançılıq-Atatürkçülük qarşıdurmaları milli enerjinin boşuna xırclənməsidir.
Osmanlı dövləti və dəyərləri (imperatorluq) Türk Millətinin kültür arealının-siyasi hegemonyasının Afrika, Asiya, Avropaya qədərki coörafiyalara yayılmış modelidir.
Osmanlı dövləti zamanında (həmçinin də Babur və Qacar dövlərləri)Türk milləti müstəqil mədəni-tarixi tipi-Türk-İslam mədəniyyətini təmsil edirdi, Türk-İslam mədəniyyəti sosio-kültürəl super sistem idi, Osmanlı bu sistemin siyasi gücü və mərkəzi idi.
Türkiyə Cümhuriyyəti və dəyərləri (ulus dövləti ideyası)Türk Millətinin Anadolu coğrafiyasına sıxıştırılmış, həbs olunmuş modeli və biçimidir.
Atatürk cümhuriyyəti dönəmində Türk mədəniyyəti müstəqil mədəni-Tarixi tip olma özəlliyini itirərək, Batı mədəniyyətinin bir hissəsinə, parçasına çevrilmişdi. Osmanlı Türk irqinin kürəsəl gücü təmsil edən dövləti, Türkiyə bölgəsəl dövləti idi. Atatürk zamanında uluslararası konjukturu Türk milləti, Türk-İslam dünyası müəyyənləştirmirdi, Batı müəyyənləştirirdi. Batı kürəsəl güc idi. Türkiyə bu konjuktura uymaq məcburiyyətində idi. O dönəmlərdə, iki qütblü dünya konjukturu içində başqa bir yol yox idi. Çağ Batı mədəniyətinin hegemonyası, zəfər çağı idi. Türk milləti varlığını sürdürmək üçün çağın şərtlərinə uymaq məcburiyyətində idi. Atatürk Batı mədəniyyətinin hegemonyası çağında Batını yenən, Türk İrqini xilas edən öndərimizdir. O çağlarda əsas şərt Türk İrqini xilas etmək idi. Batının (Rusiyanın) məqsədi 1-ci dünya savaşında sadəcə Osmanlını parçalamaq, yenmək deyildi, bütövlükdə Türk irqini Orta doğudan, Anadoludan, Qafqazdan silmək, tımizləmək idi. Atatürk Türk İrqinin lideri kimi Batının bu planlarını yendi, Batını yendi. Məhz buna görə də Batı düşüncəsində Türkiyə Cümhuriyyəti “qazanılmamış dava” kimi qavranılmaqdadır. Atatürk Türk İrqinin Xilaskarıdır.
Atatürk Batı imperializmini yendi, lakin Türkiyə cümhuriyyəti, Türk ağlı və ruhu da Batı mədəniyyətinə yenildi.
Atatürk dönəmində müstəqil mədəni tarixi tiplər və Loqoslar- İnduist-Buddist Hindistan, Konfutsi Çini, Şintoist Yaponiya, Slavyan ortodoksal kültürü, İslam mədəniyyətləri Batı mədəniyyəti, imperializmi, sömürgə kapitalizmi qarşısında yenik düşmüşdü. Türk dünyası Çin, Rusiya, Fars-İran dövlətləri arasında parçalanıb, işğal edilib ölüm-qalım savaşı verirdi, ərəb -islam dünyası İngiltərə, Fransa müstəmləkələrinə çevrilmişdi. Belə bir konjukturda Rusiya və Batı işğal təhdidləri arasında sıxışıb qalmış Atatürk Türkiyəsi “yurdda sülh, cahanda sülh” ilkəsini elan edərək Anadoluya çəkildi. Türk Millətinə vaxt qazanmaq lazım idi. Lakin Atatürk Osmanlıdan da, Səkçukludan da daha böyük bir Turan Birliyi xəyalı ilə yaşamışdır. Günəş dil nəzəriyyəsi, Mu qitəsi, Atlantis uyğarlığı bu Turanın köklərini təşkil edəcəkdi və bu böyük Turan idealı Atatürklə- Türküstandakı, Ural-Altaydakı Turanı savunan Zəki Vəlidi Toğanı üz-üzə gətirəcəkdi.
Türkiyəyə güclənmək üçün düz 100 il vaxt lazım oldu və indi, XXI yüzillikdə Anadoludan çıxaraq, Türkiyəni şərqdən çevrələyən erməni-fars-rus ittufaqını yararaq Qarabağ savaşını qazanmaqla, Zəngəzur üzərindən Türküstana, şərqə doğru genişlənməkdədir. Türkiyənin Ərəb -İslam dünyasına doğru yayılmasının qarşısını İzrail və Kürdüstanla, Türk-Turan-Türküstan dünyasına doğru yayılmasının qarşısını Ermənistan, Fars-İran ittifaqı ilə kəsməyə çalışan Batı-Rus sınırları və konjukturu dəlinməlidir, çöktürülməlidir.
Hər dövlət və mədıniyyət tarixi sürəc içində kiçilmə və yayılma, genişlənmə dönəmlərinə girir. O üzdən, Türkiyə dövləti indi, 100 ildir Batının və Rusiyanın basqıları ilə Anadolu platosuna həbs edilmişlik durumundan çıxmaq dönəminə qədəm qoymuşdur. İndi Türkiyəni, Türk Millərini Osmanlı və ya Səlçuklu sınırlarına yenidən qayıtmağa, çatmağa səsləyən Göylərdən gələn çağırışlarla daxili milli enerji birləşmişdir. Eyni prosesi Cənubi Qafqaza həbs edilmiş Azərbaycanda yaşamaqdadır. Azərbaycanın yolu ilk öncə Qafqazı və İran platosunu (mərkəz türklərini) Türk millətinin dövlət çatısı altında birləştirmək və sonra ikinci mərhələdə Türkiyə ilə konfederativ birlik quraraq BİR MİLLƏT-BİR DÖVLƏT olmaqdır. Yalnız bu yollarla Turan tezisinin İran antitezisini yox etmək (İran- fars platosu və mədəniyyəti deyildir ) mümkündür.
O üzdən yeni perspektivdə -Atatürklə -Əbdülhəmidi, Rəsulzadə ilə Heydər Əliyevi, Qacarla Pişəvərini, Baburla-Pakistanı və ya Hindistan-Pakistandakı Muğal Türklərini, Sultan Səlimlə Şah İsmayılı barışdırmaq, uzlaşdırmaq, birləştirmək mıcburiyyətimiz vardır. Türk tarixinin bütün dönəmləri, sürəcləri, şəxsiyyətləri, liderləri Türk Millətinin sərvətidir.
Keçmişimiz gələcəyimizdir.
Bu düşüncələrdən yola çıxaraq bildirirəm ki,

Nədən Amerika- Avropanı (AB+ABD) mərkəz alan, Qərbi dünyanın mərkəzi hesab edən, Qərb mədəniyətini və dəyərlərini üstün sivilizasiya hesab edən ( Qərb dünyasının özündə bu düşüncəni təkzib edən onlarla obyektiv akademik çalışmalar, konseptlər, dəyərli əsərlər var. Qərb mədəniyətini üstün mədəniyət hesab edən anlayışları, propaqandaları tarix elmi, mədəniyyətlər tarixi və nəzəriyyələri təkzib edir. Bizim düşüncəmizi Qərb mərkəzli medialar formalaştırdığı üçün bizdə Qərbi dünyanın mərkəzi hesab edən dünyagörüş formalaşmışdır. ).bütün tarixi, elmi dünyagörüşlərlə, zehniyyətlə, siyasi ideolojilerle ve qruplarla savaşım var? (Eyni savaşım bütün ömrüm boyu Rusiyanı mərkəz alan rus dilli elita və zehniyyətlə olmuşdur. )
İndi, postmodernizm çağında, post industrial çağda Qərb mərkəzli mədəniyyətin və dünyanın, beynəlxalq düzənin çökməsinə şahidlik edirik. Qərbin hegemonyasına əsaslanan dünya quruculuğu və uluslararası düzən çözülmə dönəminə girib. 2050-ci illərə qədər çözülmə sürəci davam edəcəkdir, hızlanacaqdır.

Yolumuz harayadır?
100 il əvvəlki Türk-İslam dünyasını inşa etmək, diriltmək, Özünə qayıtmaq, öz mədəniyətinə sarılmaq, öz mədəniyyət arealında bir mərkəz güc olmaq, öz gücünü dərk etməklə yeni sosiokültürəl super sistem qurmaq. Yolumuz aydındır.

Nasılmı?

1. TDT-nı Türk Birləşik Dövlətlərinə çevirməklə Turanı bərpa etmək, inşa etmək, mədəniyyət tipinə, yeni (daha doğrusu əski) LOQOS-a çevirmək. TURAN gücü olmaq. TURAN mədəniyət tipinin və dəyərlərinin təmsilçisi olmaq.

2. Turan mərkəzli Türk -İslam məfkurəsini diriltmək, 2 milyardlıq İslam dünyasına hökm etmək, İslam dünyasının mərkəzi, qəlbi, ağlı, döyünən ürəyi olmaqla Asiyanı, Avropanı, Afrikanı yönətmək, 100 il əvvəl Batının tarixə gömmək istədiyi Türk -Turan mərkəzli Türk-İslam mədəniyyətini diriltməkdir.
Türkün tarixi və mədəniyyəti o qədər əzəmətlidir ki, Türkün əxlaqı, mənəviyatı, ruhu, ədaləti o qədər kutsaldır ki, bax bu öz içindəki gücü, potensialı dərk etdikdə-Batı mədəniyətinə və hegemonyasına yenik düşən ruhu oyandıqda dünya başqa cür şəkillənəcəkdir.

Türklər Batı mərkəzli dünyanı yıxıb, yeni dünyanı nasıl inşa edəcəklər sualına cavabım.

Türkün 3 gücü, 3 dəyəri var.

-Türk-Turan məfkurəsi (dini inancından asılı olmayaraq bütün türklərin eyni çatı altında birləşməsi. Qızıl Alma. 350 milyon türk gücü.)

-Türk-İslam məfkurəsi. 2 milyardlıq müsəlman gücünü oyatmaq, hərəkətə gətirmək, liderlik etmək, yönətmək və təmsil etmək.

– Dünyada Ədaləti bərpa etmək. Məzlumların haqlarını qorumaq misyonunu sahiblənmək. Yəni Batının (Rusiyanın) sömürgələştirdiyi, əzdiyi, böldüyü, soyqırıma uğratdığı bütün Asiya, Afrika, Latın Amerikası ölkələrinin, xalqlarının haq və hüquqlarını Batının kürəsəl sömürgə sistemindən qorumaq.
Ərdoğanın “dünya 5-dən böyükdür” , BMT-nin dünya barışını və ədaləti qoruyan bir qurum olmadığını, ABD+AB hegemonyasına xidmət etdiyini, BMT -da islahatların aparılması zərurəti haqqındakı çağırışları Dünyada ədaləti təsis etmək misyonunun ilk işartılarıdır, ilk cəhdlərdir.

Batı kürəsəl hakimiyətini, yayılmaçılıq siyasətini, sömürgə düzənini -İnsan haqları və demokratiya ideyalarını yaymaq və qorumaq adı alrında həyata keçirirsə, Türklər də məzlumların, əzilmişlərin haqqını qorumaq, ədaləti təsis etmək ideyaları ilə bütün ölkələrin içinə girə bilər, bütün sınırlara və mədəniyətlərə nüfuz edə bilər.

Çin və İran dünyaları son yüzilliklərdə Batı Hegemonyasına qarşı dəyər və paradiqma ürətə bilmədi. Hər üç dövlətin son 300 illik tarixi, elitaların arayışları Batı sömürgəsinə və mədəniyyət hegemonyasına qarşı paradiqma axtarmaq olmuşdur. Rusiyada isə Nikolay Danilevski (və ardıcılı Dugin) Batı sisteminə qarşı Çarqrad(İstanbul) mərkəzli Ortodoksal Rus- Slavyan birliyi ideyasını -Mədəni Tarixi Tiplər nəzəriyyəsini gəliştirsədə, Rus-Slavyan mədəniyətinin Batı mədəniyəti ilə müqayisədə zəif olması Rus-Slavyan dünyasının Batıya qarşı dirənişini əngəlləyən fakt olmuşdur. Rus imperiyası Çar dövründə, Sovet Kommunist dövrdə, Putin dövründə Batı müstəmləkəçiliyinə və hegemonyasına qarşı savaşmışdır(savaşır), lakin mədəniyəti Batı mədəniyətinə yenilmiş, müstəqil mədəni tarixi tip olma özəlliyini itirmişdir. Rusiya mədəniyəti Bizans kökləri və Xristianlıq dəyərləri ilə Batı mədəniyətinin bir qolu, parçası olsada, geosiyasətdə Rusiya-Batının antitezidir.

Türk-Turan, Türk-İslam dünyaları, xalqları, ölkələri son 300 ildə Batı (və onun antitezisi olan Rusiya) tərəfindən parçalandı, müstəmləkələrə çevrildi, soyqırıma uğradıldı, sömürgələştirildi. Lakin Türk-İslam mədəniyəti müstəqil mədəni-Tarixi Tip olma özəlliyini itirmədi. Batı (Yunan-Roman-German-Yəhudi Xristian) mədəniyətinə alternativ olan Türk-İslam mədəniyəti öz köklərini və özəlliklərini hifz etdi.

Türk-islam mədəniyəti müstəqil mədəni tarixi tipdir. Hər müstəqil mədəni tarixi tipin bir siyasi mərkəzi, onu təmsil edə bilən bir mərkəzi gücü vardır. Osmanlı -Türk-İslam mədəni tarixi Tipinin mərkəzi gücü və siyasi təmsilçisi idi. Türk-İslam mədəni-Tarixi Tipi-dünyası XVIII əsrdən başlayaraq Batı mədəniyəti qarşısında bir bunalım dönəminə və arayışlar içinə girdi və Batı Osmanlını, Baburu, Qacarları çöktürdükdən sonra, XX yüzillik boyu Türk-İslam mədəni-Tarixi Tipi parçalanma, dağılma sürəcinə girdi, Bu mədəniyəti təmsil edən mərkəzi-Siyasi güclər və dövlətlər yox edildi, bütün Türk-İslam dünyası soyuq savaş dönəmində Batının və Rusiyanın müstəmləkəsi və sömürgəsi oldu.
Bütün bunlara rəğmən, 2 minillik bir mədəniyət faktı-müstəqil mədəni-tarixi tip olan Türk-İslam mədəniyəti öz özəlliklərini və köklərini, ruhunu qorudu. Batı-Rusiya-Çin son 300 ildə bu mədəniyyətin köklərini qazımaqla məşğul oldular, başarmadılar. Batı mədəniyətinin ürətdiyi kapitalizm də, kommunizm dəTürk-İslam mədəni-Tirixi tipi ilə savaşdı, yenildi.
Bunun Səbəbi nədir?
Geopolitika coğrafiyalar üzərindən bəlirlənən siyasət elmi olsa da, qızıl bir qanunla hər zaman hesablaşmışdır. Bu qanun odur ki, Hər mədəniyətin və sivilizasiyanın sərhədləri insanların qəlbindən keçir.
Batı-Rus hegemonyası, mədəniyəti, İngilis dili, Rus dili tariximizdəki, yaddaşımızdakı, qəlbimizdəki Türk-İslam mədəniyətini və arzularını yenə bilmədi.
TDT Turan Mədıni-Tarixi Tipini, Türk-İslam mədəni-Tarixi Tipini dirçəldən, inşa edən bir qurumdur. Tarixi sürəc içində Turan-mədəni Tarixi Tipi ilə İslam (Ərəb) mədəni tarixi tipləri qanlı savaşlara girmişlər, toqquşmuşlar, sonunda uzlaşaraq ortaq mədəni-Tarixi tip yaratmışlar. Türk-İslam mədəniyətinin ilk 300 ili-VII-X əsrləri Ərəb-İslam, X-XX əsrlər Türk-İslam çağı olmuşdur. Türk-İslam çağı İslam mədəniyətinin kürəsəl yayılması, kürəsəl güc olması etibarilə qızıl çağı olmuşdur.
Türk-İslam mədəni tarixi tipi öz içində ərəb, İran-fars, Okeaniya (İndoneziya, Malyaziya), Afrika, Hindistan kökənli alt kültür tiplərini, 2 milyard insanı birləşdirir, uzlaştırır, yönləndirir.
Bütün bu coğrafiyalar və kültürlər, sərvətlər Türk-İslam ideyası ilə TDT-nın, Türkiyənin, Azərbaycanın üzünə açılır.
Dəyərli dostlarım, Sizləri Yeni dünyaya, yeni hədəflərə açılalım deyə çağırıram.

P.S. Gözlərim yaxşı görmür. Çoxlu orfiqrafik sehvler buraxıram. Gözlüyü tezelemeliyem. Sehvlerimi bağışlayın. Əsas olan fikirlərdir. Fikirləri müzakirə edin, düşünün lütfən. Bu yazıdakı fikirləri, arayışları akademik üslubda yazmaq önəmlidir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK