YÜKÜMÜZÜ ARTIRA BİLƏNLƏRƏ EHTİYACIMIZ

by Samir Asadli

Rafael HÜSEYNOV
Akademik

Bülbül uzun olmayan bir ömür yaşadı, amma bu ömürdən çox insanlar keçdi. O insanların heç biri sadə insan deyildi və o insanların hər biri tarixin unudulmamalı bir parçasıydı. O adamlar ki, hətta onlarla Bülbül gəncliyində yox, yeniyetməliyində, uşaqlıq illərində təmasda olmuşdu, onlar da tarix daşıyıcıları idilər və Bülbülün bir böyüklüyü də bundan ibarət idi ki, ömründən keçən o insanların əksəriyyətini nə şəkildəsə yazılaşdırıb, tarixləşdirib.

Əgər Bülbül bunları vaxtında etməsəydi, bir çox adlar bizim üçün tamamilə unudulardı. Amma həm də bir qatar adlar var ki, Bülbülün xatirələriylə, yaddaşlarıyla, qeydləri ilə biz onların çöhrəsini bu gün daha dəqiq görürük. Asəf Zeynallı insafsızca gödək ömür yaşayıb – 23 il. Yaratdıqlarını dinlədikcə heyrətdən, təəccübdən daha artıq insanın içərisində təəssüf hissi yaranır, ixtiyarsız heyifsilənirsən. Bunca istedadla çağlayan insanın həyat yolu beləcə qəfil qırılmasaydı, o hələ nələr yarada bilərdi! Söhbət həm də təkcə onun öz yaratdıqlarından getmir, doğurduqlarıyla Asəf Zeynallı asta-asta xəttə çevrilirdi, yola dönürdü, məktəbləşirdi. Onun da öz ardıcılları yaranacaqdı, irəlilədiyi səmti tutub gedən başqa Asəflər yetişəcəkdi.

Asəf Zeynallı konservatoriyada Bülbüllə birgə oxumuşdu və üstündən xeyli vaxt keçəndən sonra, 1955-ci ildə Bülbül axşamlardan birində oturub Asəflə bağlı xatirələrini qələmə almışdı. Bununla ürəyi soyumamışdı, durub getmişdi radioya, studiya istəmişdi. Oturmuşdu həmin studiyada, axşam yazıb doldurduğu vərəqləri qoymuşdu qabağına. Ancaq oxumamışdı, başlamışdı danışmağa. Danışdıqca da söz sözü gətirmişdi və neçə başqa yazıya almadığı xatirə də o anda hafizəsinə gəlmişdi. Bülbülün söyləməsincə, ilk tanışlıqlarına səbəb imtahan olmuşdu. Bülbülgilin harmoniyadan bilikləri sınanacaqmış. Həm də başqa adama yox, çox tələbkar müəllimi Üzeyir Hacıbəyliyə imtahan verməliymişlər. Üzeyir bəysə, Bülbülün öz söyləməsincə, deyibmiş ki, sənin səsin də xoşuma gəlir, istedadın da var, amma harmoniyanı yaxşı öyrənməsən, incimə, yaxşı qiymət ala bilməyəcəksən və Bülbül də üz tutubmuş Asəfə ki, imtahanlara hazırlaşmaqda ona kömək eləsin. Asəf yardımlarını əsirgəməmişdi. Sonra illər onları ayırmışdı. Asəf Zeynallı təhsilini davam etdirmək üçün Leninqrada getmişdi. Dörd il Bakıda olmamışdı, amma qayıdıb gələndə əlində artıq bir yığın yeni əsərlər vardı. Cəfər Cabbarlının sözlərinə Asəf Zeynallının bəstələdiyi o məşhur romansı hansı azərbaycanlı dinləməyib ki! “Şiş ucları buludlarla döyüşən dağlarında qarları var ölkəmin” – bu balaca nəğmənin içərisində ölkəmizin bütün əzəməti, gözəlliyi, zərifliyi var. O nəğmə yalnız Asəfin, təkcə Cəfər Cabbarlının, ancaq Bülbülün deyil, bütün azərbaycanlıların yurda məhəbbətinin ifadəsidir. Biri sözünü yazıb, biri musiqisini bəstələyib, biri oxuyub, amma hər dəfə o nəğmə səslənəndə adama elə gəlir ki, oxuyan da sənsən, bu sözlər də sənin ürəyindən qopub, bu havanı da o sözlərə elə sən tapıb qoşmusan.

1956-cı ildə Asəf Zeynallını anarkən Bülbül ilk görüşlərini, əvvəlinci təmaslarını xatırladığı kimi, son görüşü də yad edirdi. Axırıncı dəfə 1932-ci ildə birgə olmuşdular. Asəf Zeynallı da, Bülbül də xalq musiqisini çox sevirdi. Xalq incilərini toplamaq ömürləri boyu onların şakəri oldu. “Ömürləri boyu” ifadəsini Bülbülə aid etmək bəlkə də müəyyən qədər yerinə düşür. Hərçənd onun da ömrü, sən deyən, uzun olmayıb. Amma “ömrü boyu” deyəndə və bu kəlməni vur-tut 23 il yaşamış Asəf Zeynallıya aid etmək istəyəndə dil o sözləri deməyə dönmür. Əli uzaqlara çatmayanda Asəf İçərişəhərə gedərmiş, dini havacatı dinləyib nota salarmış, dərvişlərin oxularına qulaq asarmış, köhnə muğamatçılarla söhbətləşərmiş. Bunları mənə hələ 1970-ci illərin sonlarında unudulmaz tarzənimiz Bəhram Mansurov danışardı və yada salardı ki, Asəf tez-tez onun tarzən, muğam bilicisi əmisi Mirzə Mansurun da yanına çoxlu suallarıyla gələr, diqqətlə dinləyər, bəzən hansısa az bilinən muğam guşələrini çalmasını rica edər, qeydlər götürərmiş.

1932-ci ildir, Bülbülün rəhbərlik etdiyi Xalq Musiqisinin Tədqiqi Kabinetinin xətti ilə Asəf müğənni dostuna qoşularaq Qarabağa folklortoplama ekspedisiyasına yola düşür. Qısa müddət ərzində – həftələr boyu yox, yalnız müəyyən günlər ərzində Asəf də, Bülbül də neçə yeni xalq melodiyasını kəşf edirlər, nota salırlar, vala yazırlar. Ancaq deyə-gülə getdikləri bunca bəhrəli, bu qədər uğurlu səfər faciə ilə yekunlaşır. Asəf xəstələnir, Bakıya qayıdası olur. Yəni xəstələnmək hələ faciə deyildi, sadəcə qanıqaraçılıqdı ki, iş müvəqqəti olaraq yarımçıq qalır. Lakin əsl faciə hələ geridəydi. Səfərin yarımçıq qalması nədir ki! Səhhətin babatlaşan kimi təzədən vaxt tapıb yola yenidən çıxarsan. Ömür səfəri qırılanda isə yol müvəqqəti deyil, əbədilik qırılır. Tanrı o yaya belə acı bir qisməti yazıbmış. Asəf Bakıya halsız qayıdır, Bülbül Qarabağda qalıb ekspedisiyanı davam etdirir. Təbii ki, bu da uzun çəkmir, heç bir həftə tamam olmamış ekspedisiyanı yekunlaşdırıb Bakıya gəlirlər və şəhərə çatınca Bülbül heç cürə inanılmaz, müdhiş xəbər eşidir – Asəfin həyatı 23 yaşında bitmişdi. Və 1956-cı il idi. Asəfin ölümündən 24 il keçirdi. Onun yaşadığı ömür möhlətindən də bir il çox. Bülbül sevimli dostunu anırdı: “Biz Asəflə çox tez-tez görüşüb söhbət edirdik. Söhbətimizin birində Asəf mənə dedi: “Yaxşı indi nə etmək fikrindəsən?” Mən isə cavabında dedim ki, məqsədim respublikamızda qalıb xalq mahnılarını toplamaq, musiqi sənətimizin inkişafına kömək etməkdir. Mənim bu fikrimi Asəf çox bəyəndi. Bir ildən sonra, yəni 1932-ci ildə Asəfə şad bir xəbər verdim: Qarabağa ekspedisiyaya gedirik, məqsədimiz xalq mahnılarını və oyun havalarını toplamaqdır. Asəf bu xəbərdən çox məmnun oldu və dedi ki, o da bizimlə bu ekspedisiyada iştirak etmək istəyir. Biz 1932-ci ildə yayın əvvəllərində yola düşdük”.

Üzeyir bəy xalqın musiqi dühasından doğmuş ağ saçlı inciləri arayırdı, axtarırdı, tapırdı. Onları budayırdı, cilalayırdı, tamam daha başqa bir hüsndə insanlara təqdim edirdi. Köhnə nohələr, qəsidələr, sinəzənlər, mərsiyələr vardı – sözləri qocalmış, musiqisi təravətli, dünən yazılıbmış kimi təzə, ruh oxşayan. Üzeyir bəy əskiləşmiş sözləri qoyurdu bir qırağa, melodiyaları götürürdü. Həmin təranələrə uyğun sözləri yerinə otuzdurandan sonra nohələr də, sinəzənlər də, mərsiyələr də tamam başqa bir göyçəklik qazanırdı, çevrilib olurdu yeni zamanın mahnısı, təsnifi. Həm də Üzeyir bəy belə keçmişdən yararlanmaya yolunun lap başlanğıcından, gənc ikən elə təhtəlşüurla, yəqin ki, altıncı hiss dediyimiz güclü sezmə duyğusunun yönəltməsiylə üz tutmuşdu. Götürün elə “Leyli və Məcnun”u. Orada səslənən, sonra dillər əzbəri olan sözlü parçaların neçəsi, xorların əksəri əslində vaxtilə nohə olub, mərsiyə imiş, sinəzən kimi məşhurmuş. Başqa sözlərlə qovuşdurandan sonra Üzeyir bəy köhnə melodiyalara da yüngülvari əl gəzdirirdi, torpağın altında qalan qızıl külçəsi kimi unudulmuş, ya unudulmaqda olan neçə incini beləcə üzə çıxarıb, təzə həyat verərək rövnəqləndirirdi, qoşurdu xalqın musiqi xəzinəsinə. Bəs Üzeyir bəyin şagirdi, onun yolunun davamçısı Bülbül neyləyirdi?

“İnnabı” oyun havası idi ki, onillər, yüzillər boyu Azərbaycan insanı “İnnabı”nın sədaları altında qol açıb süzmüşdü. El sözü var – “sümüyünə düşür”. Yəni bu hava artıq millətin sümüyünə düşmüşdü, qəlbinə girmişdi, beynindəydi. Və Bülbül gözlənilməz bir gediş etdi. Həmişə oyun havası olmuş “İnnabı”ya sözlər artırdı. Bayatılarla, xalq qoşqularından aldığı qəşəng misralarla qovuşunca, dünənəcən rəqs havası olan “İnnabı” çevrildi sonralar çox seviləcək mahnıya. Ya “Şərili”. Zaman-zaman aşıqlarımız sazlarını köksünə sıxaraq “Şərili”ni aşıq havası kimi çalmışdılar. “Şərili”nin şəhərinə də Bülbül ayrı bir qapıdan girdi. “Şərili”yə də sözlər artırdı. Sözlərlə cütləşəndən sonra melodiyası çoxdan hər kəsə tanış olan “Şərili” elə eşidildi, elə qavranıldı ki, sanki təzə yaranmış bir nəğmə imiş. Amma yaddaşda dərinə işləmiş, kökləri olduğundan ilk eşidildiyi andan da sevildi – sanki yüzillər boyu səslənincə qolları açan, ayaq tərpədən oyun havası heç bu deyilmiş, elə bil həmişə bu sözlərlə bu musiqi bir yerdəymiş. Yəni Bülbül sadəcə oxumurdu, sadəcə müğənni deyildi. Bu təcrübələr mahiyyətcə həm də bəstəçilik idi, yaradıcılığın, musiqi quruculuğunun tamam yeni bir çeşidi idi. Bülbülün vücuda gətirdiyi bu yenilərin heç birinin üstündə yazılmırdı ki, bunu Bülbül etdi. Bülbül də şan-şöhrət haqqında düşünmürdü. Onsuz da şanı da, şöhrəti də, ad-sanı da hansı ucalıqda desən vardı. O, borc yerinə yetirirdi – eldən aldığını elə qaytarırdı. Adətdir – evə qonum-qonşudan boşqabda pay gələndə qarşılığını hökmən edərlər, boşqabı boşaldıb qaytarmazlar, içərisinə hər kəs gücü çatandan nəsə qoyar. Bülbül də beləcə, xalqdan götürdüyünü eldən aldığı kimi qaytarmırdı, onu bir az da gözəlləşdirərək geri döndərirdi. Ya rənglər – muğamlarımızın ritmli boyaları, ayrı-ayrı muğam şöbələri arasındakı incə səs körpüləri. Azərbaycan rəngləri musiqi kəhkəşanımızda bir ayrı aləmdir. Müxtəlif zamanlarda Azərbaycanın böyük musiqiçiləri silsilə rənglər yaradıblar. Əsrləri adlayaraq o şux rənglərin neçəsi bugünümüzə gəlib çatıb, ömrünü davam etdirməkdədir. Amma 1940-50-60-70-80-ci illərdə Azərbaycan musiqisində keçmişdə olduğundan qat-qat çoxlu rənglər yaranmağa başladı. Səbəbsiz deyildi. Azərbaycanda 1940-cı, 1950-ci illərdən başlayaraq, xüsusən 1960-70-ci illərdə bir-birinin ardınca çoxlu müxtəlif xalq çalğı alətləri ansamblları yaradılırdı. Azərbaycanda 1940-cı illərdə hələ Əhməd Bakıxanovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblı tək idi. Amma sonralar bir-birindən müəyyən ifa xüsusiyyətləri ilə fərqlənən yeni xalq çalğı alətləri ansamblları böyük musiqi yoluna çıxmağa başladı. Təbii ki, bir-birinə bənzəməməyə, yeniliklər etməyə çalışırdılar. Bununçün ən əvvəl repertuara əl gəzdirirdilər. Səy edirdilər ki, onların çalıb-oxuduqları seçilsin, insanlarımız hansısa yeni avazlar, təzə müğənnilərlə məhz onların ansamblının vasitəsilə tanış olsun. Ancaq bütün ansamblları axtarıcılıq, yenilik etmək, fərqlənmək nöqteyi-nəzərindən ayıran başlıca bir məziyyət də vardı. Onların hamısı muğamsız keçinmədiklərindən cəhd edirdilər ki, yeni-yeni rənglər yaratsınlar. Zamanında ansambl rəhbərləri Əhməd Bakıxanovun, Hacı Məmmədovun, Əhsən Dadaşovun, Ağası Məşədibəyovun, Əliağa Quliyevin, Baba Salahovun və digərlərinin yaratdığı rənglər hərəsi mükəmməl bir əsər idi. Və rənglər dünyamızın əlvanlığı vaxtında Bülbülü də cəzb etmişdi. Onun oxuduğu ləzzətli təsnif var – “İkisi bir boyda gəzən gözəllər, Toyda-mağarda süzən gözəllər, Hər sözə bir söz düzən gözəllər”. Bülbül oxudu, eşidənlər bunu da bir xalq mahnısı kimi qəbul elədi, sevdi və söz yox, gələcəkdə də sevəcək. Çünki görünən budur ki, artıq yeni zamanın, XXI əsrin cavan oxuyanlarının neçəsi o mahnıya müraciət edir. Amma əvvəl bu da bir rəng olub, həmin rəngi də sözlərlə qovuşduraraq nəğməyə döndərən Bülbüldür. Heç kəs deməsin ki, nə varmış ki burda! Çünki hazırına baxanda görürsən ki, sanki sadə bir işdir, elə sən də edə bilərsənmiş. Dahiliyin fəlsəfəsi də, gizlinci də elə bundadır. Üzdən sadədən-sadə təsiri bağışlayır, ancaq həmin sadəyə aparan ən qısa yol hər adama görünmür, bu əl çatacaq qədər yaxın və əlçatmaz olan cığırı ilk dəfə keçməyi Allah seçmə bəndələrinə etibar edir. İlk dəfə dahi təzə cığıra ilk qədəm basır, daha dəqiqi, hələ ayaq dəyməmiş yerdə ilk cığırı açır və sonra da hamı ordan, bu yol daim varmış kimi, rahatca keçib-gedir.

Bilənlər, əlbəttə ki, bilir – o rəngi, bu aşıq havasını, hansısa rəqs melodiyasını sözlərlə qovuşdurmaq olarmış fikrinə gələndən sonra belə həmin təranələrə hansı sözləri bənd etmək əsla hər yaxşı musiqiçinin də girəcəyi kol deyil. O sözlər o musiqi ilə elə birləşməli idi ki, nə sözün, nə musiqinin ruhu incisin. Həm də bu, yalnız ahəng söhbəti, ritm məsələsi deyildi ki, mütləq sözlə hava tam üst-üstə otursun. Musiqiyə çəkicə yüz faiz tən gələn şeirlər tapardın, üst-üstə otuzdurardın, oxunardı, amma ola da bilərdi ki, bu sözlərlə o havacat sevişməsin. Oxunardı, dinlənərdi, bir kəs əmma qoya bilməzdi, amma o sözlər bu musiqi ilə vəhdətdə döşə yatmazdı, ruhu tərpətməzdi, qəlbi vəcdə gətirməzdi. Bülbül dərin idi, duyğulu idi, böyük müğənni idi, alim idi və insanları riqqətə gətirməyin çox sirlərinə bələd idi. “A teşti, teşti, teşti, vurdu Gilanı keçdi. İki xoruz savaşdı, Biri qana bulaşdı”. Vaxtilə böyük Bülbül Azərbaycan boyu deyil, dünyaca şöhrəti olan sanballı bir sənətkar bu saya sözləri oxuyanda bəlkə kimsə qımışıb, şəbədə də bağlayıb ki, bu boyda sənətkar belə adi sözləri oxuyur. Ancaq Bülbül belə ayaqtutmaz iradlara məhəl qoymayıb, çünki bilib ki, düz yoldadır. Çünki Bülbül daha uzaq sabahlara baxa bilib, anlayıb ki, onun bu gün gördüyü sadə təsir bağışlayan işlər əslində qətiyyən sadə deyil, onların əks-sədası gələcəyin çox uzaqlarından dikələcək.

 

Bülbülü Bülbül eləyən keyfiyyətlər sırasında ən vaciblərindən biri bu idi ki, o həm də söz adamı idi, ədəbiyyatı yaxşı bilirdi, bədii sözü içərisindəki bütün şəhd ü şəkəri ilə duyurdu. Bülbülün oxuduğu nəğmələri başqa xanəndələr də, müğənnilər də ifa ediblər. Ancaq Bülbülün ifa əsnasında ayrı-ayrı sözlərin, ifadələrin çiyninə qoyduğu hisslər yükü həddindən artıq ağırdır, buna başqa ifaçılarda rast gəlinmir. O, hər kəlmənin yalnız üstünü görmür, dərin qatına da enməyi bacarırdı.

1944-cü ildir, Əliağa Vahidin növbəti qəzəllər kitabı çıxıb və tələsir ki, bu kitabın ilk nüsxəsini Bülbülə hədiyyə etsin. Vahidin öz xətti ilə elə ani olaraq bədahətən yazdığı iki sətrin də yadigar qaldığı həmin kitab Bülbülün evindədir. Bu improvizə ki Vahidin heç bir kitabına, dəftərinə düşməyib, onun Bülbülə bağışladığı kitabda qalmaqdadır:

Kitab bir bağçadır, hər sətri bir gül,

Oxu, ilhama gəl, sevdalı Bülbül.

Həqiqətən də Bülbül sevdalıydı, ilhama gəlib oxuyurdu. Ona görə də hər ifası, insanları bunca duyğulandırırdı. Bülbülün oxuduqlarının içərisində elə şairlərin misraları var ki, onların adları o çağlar heç əksəriyyətə məlum deyildi. Bülbül bütün bunları bilirdisə, klassik ədəbiyyata bunca aşınaydısa, demək, köhnə kitabları mütəmadi vərəqləyirmiş. Bülbülün “Şur”unda “Züleyxa” şeirinin misraları dalğalanır. Bir el gözəli Züleyxaya müraciətlə oxunan, Bülbülün məlahətli avazıyla, muğamın lətafətiylə qarışaraq bir az da şirinləşən həmin cığalı müxəmməsin müəllifini uzun müddət arayandan sonra nəhayətdə Salman Mümtazda tapdım. 1928-ci ildə Salman Mümtazın tərtibində “El şairləri” kitabı çıxıb. O kitabda Salman Mümtaz unudulmuş Xalq şairi Şəkili Süleymanın “Züleyxa” adlı bu cığalı müxəmməsinə də yer verib. Bu müxəmməsin bir başqa özəlliyi də ondan ibarətdir ki, Molla Pənah Vaqifin məşhur müxəmməsi də mayasını elə həmin şeirdən alır:

Allaha şükür, lalə yanağında eyib yox,

Dişində, dəhanında, dodağında eyib yox,

Bir zərrəcə zülfündə, buxağında eyib yox,

Dəxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?

Bəsdir bu dayanmaq.

Vaqif belə deyir, zərgərcəsinə vəsfetmədir və bu gözəlliyin də kökü məhz Şəkili Süleymanın o cığalı müxəmməsindən gəlir – Bülbül oxuyan “Züleyxa” müxəmməsindən:

Ey simbədən mehr-i dirəxşəndə Züleyxa,

Ey kan-i məlahət ləbi pürxəndə Züleyxa,

Qılma saçını munca pərakəndə, Züleyxa,

Ey gözləri şəhla,

Ey qaməti rəna,

Ey sani-yi Leyla,

Əla dəxi əla,

Rüxsarı gözəldir,

Rəftarı gözəldir,

Tuti kimi hər ləhce-yi güftari gözəldir,

Kim gördü ki, yüz ruh ola bir təndə, Züleyxa!

 

(Qısa şeir də deyil. Bu cığalı müxəmməs belə beş uzun bənddən ibarətdir. Bəlkə də bir ayrısı iki, uzağı üç bəndi oxuyub keçərdi təsnifə. Amma Bülbülə sözlər elə xoş gəlib, hər misranı ağız dadı duya-duya elə iştahla oxuyur ki, dinləyən də o şeirə qeyri-ixtiyari valeh kəsilir. Müğənni, xanəndə sözü anlayıb oxuyanda, sözün təkindəki lətafəti, misraların dərinindəki nazik mətləbləri də zahirə çıxarmağı bacaranda onun sehrinə düşməmək mümkünsüzləşir. Bülbül sözü ram edib eşidənini də şeirdəki cazibəyə məftun və əsir etməyi bacaran nadirlərdən idi).

Molla Pənah Vaqif şeirinin qığılcımının Şəkili Süleymanın “Züleyxa” cığalı müxəmməsindən qopması sadəcə mənim ehtimalım deyil. Bunu hələ 1925-ci ildə Vaqifə həsr etdiyi kitabında Salman Mümtaz özü dəqiqləşdirib.

…Bülbül sənət yolu davam etdiyi müddətdə çox mükafatları almaq fərəhini yaşayıb. Sovet dövründə bir sənətkarın çatacağı ən yüksək rütbə SSRİ xalq artisti adı idi. Sənətkarın qarşısında çox qapıları açmağa qadir olan Sovet İttifaqının xalq artisti adını da Bülbül nisbətən cavan yaşında qazanmışdı. Ancaq 1950-ci ildə o, bir başqa təltifə də layiq görülmüşdü – Stalin mükafatına (Stalinin ölümündən az sonra bu mükafat SSRİ Dövlət mükafatı adlandırılmağa başladı).

Bülbül gününə görə ən ali sayılan bu mükafata Azərbaycan xalq mahnılarının ifasına görə layiq görülmüşdü. Bu dövlət qiymətləndirməsinin sanbalı çox ağır, dəyəri fövqəladədir. Bu, sadəcə mədəniyyət hadisəsi deyil, bir siyasət məsələsidir. Sovet dövlətinin ideoloji maşınının gerçəkləşdirdiyi siyasətin təməlində dayanan əsas qayə süni sovet xalqı yaratmaq idi. Milyonlarla insanın siyasi repressiyalar girdabına ürcah edilməsi, dürlü deportasiyalarda əsas məqsəd elə xalqları cılızlaşdırmaq, üstün şəxsiyyətlərindən məhrum etmək, SSRİ-yə daxil olan müxtəlif xalqların ruhunu, milli özlüyünü rəndələyərək eyni biçimə uyğunlaşdırmaq, onları bir-birinin içərisində əridib itirmək, milli özəlliyi amorf sovet xalqı olmaqdan ibarət manqurtlaşmış nəsillər yetişdirmək idi. Amma Bülbül Azərbaycan milli ruhunun ifadəsi olan el nəğmələrini elə əlçatmaz yüksəkliyə qaldırmışdı ki, bu ucalığı hətta Kreml səviyyəsində etiraf etməyə vadar qalmışdılar. Ayrı bir xətt tutub gedən siyasəti məfkurə bu ülviyyət müqabilində heyranlığını gizlədə bilməmişdi – məhz Azərbaycan xalq mahnılarının ifasına görə Bülbülə ən baş sovet mükafatını vermişdi. Bu, yalnız sənət zəfəri yox, həm də ilahi səsin siyasi qələbəsi idi!

…Bülbülün ömrü boyu ustad sandığı, öyrəndiyi, şəxsiyyətini və sənətini çox uca tutduğu şəxsiyyətlərdən biri Cabbar Qaryağdıoğlu idi. Əvvəla onu – Cabbar Qaryağdıoğlunu fitri istedadlı xanəndə kimi çox yüksək qiymətləndirirdi, bir neçə dəfə Cabbar haqqında məqalələr yazaraq onun təkrarsız yaradıcılığının ayrı-ayrı məziyyətlərindən bəhs etmişdi. Həmin məqalələrində Cabbar Qaryağdıoğlunu toy-mağar çərçivəsindən, Azərbaycan və Qafqaz hüdudlarından çıxararaq Avropanın ən məşhur vokalçıları ilə tutuşdururdu, bu müqayisədə Cabbarın onlardan bir baş ucada dayandığını təsdiqləyirdi. Həm də bu yanaşmanın parlaq həmvətəninə məxsusi sevgidən doğmadığını, elmi əsaslara söykəndiyini bəyan edərək göstərirdi ki, Cabbar avropalı müğənnilər kimi rahat akustik şəraiti olan salonlarda, səhnələrdə çıxış etməyib. O, daim el içində olub. Dağda-aranda, yayda-qışda, qızmarda-şaxtada oxuyub və səsi də nə səs! Onun avazı üçüncü oktavanın “mi”sinə qədər gedib çatır. Digər tərəfdən, buna da diqqət yönəltmişdi ki, Cabbar Qaryağdıoğlu xanəndəliyindən əlavə, həm də şairdir, nəfis qəzəllər yaradıb. Cabbar haqqında məqalələrində Bülbül bu məqamın da üzərində ayrıca dayanmışdı ki, ustad xanəndə həm də mahir bilicidir, yaddaşı incilərlə doludur, Azərbaycan xalq mahnılarının, el təsniflərinin ecazkar boğçasıdır. Bülbül Cabbara bir də ona görə xüsusi rəğbət bəsləyirdi ki, Qaryağdıoğlunun xanəndəlik meydanına gəlib məşhurlaşmağa başladığı vaxtlar – XIX əsrin sonları Azərbaycan musiqisində ciddi təbəddülatların baş verdiyi bir dövrə təsadüf etmişdi. İran musiqisinin təsirindən qurtulmağın, xanəndələrimizin farsca qəzəl oxumaq ənənəsinin səngiməsinin əsas səbəbkarlarından biri və əvvəlincisi Cabbar Qaryağdıoğlu olmuşdu. Cabbar Qaryağdıoğlu farscanı da mükəmməl bilirdi. Bülbül bunu da yazırdı ki, Cabbar yüzdən artıq fars təsnifini oxuyurdu. Ancaq farscanı mükəmməl bilə-bilə, İran musiqisinə hərtərəfli aşina ola-ola, o tərzdə oxumağın bütün yollarına və şərtlərinə də vaqifliyi ilə yanaşı, Cabbar Qaryağdıoğlu Azərbaycan təəssübkeşi idi. Çalışırdı ki, musiqimizə yad nəfəslər dəyməsin, xarici boğazlar girməsin, daim Azərbaycan muğamının öz doğma ifa dili və üslubu ön sırada, üst qatda bərqərar olsun.

Özü dərya olduğundan Bülbül Cabbarın qədrini yan-yörədəkilərin hamısından daha yaxşı dərk edirdi, Qaryağdıoğlunun gəzən xəzinə olmasına şəkki yoxdu, həmin səbəbdən də onu dəfələrlə Azərbaycan Xalq Musiqisinin Tədqiqi Kabinetinə çağırmışdı, ifasında unudulan xalq təsniflərini, el nəğmələrini fonovallara yazdırmışdı, bununla kifayətlənməmişdi, Cabbar mükəmməl savad sahibi olduğunu bildiyindən bunu da rica etmişdi ki, həm muğamatımızın tarixi haqqında düşüncələrini, həm muğamatçılarımız barəsində xatirələrini qələmə alsın. Bülbülün Xalq Musiqisinin Tədqiqi Kabinetinin materialları arasında Cabbar Qaryağdıoğludan həmin əlyazmaları da qalır. Vaxtilə 12 vərəqlik o şagird dəftərlərindən birini vərəqlədim və gördüm ki, o üzlü-bu üzlü, demək, 24 səhifədə Cabbar Qaryağdıoğlunun “Kürdi-Şahnaz” muğamı haqqında yazdıqları bir-birindən maraqlı və başqa heç bir qaynaqda əksini tapmamış son dərəcə maraqlı məlumatlarla doludur. Hansı muğamın haçan yarandığını heç kəs bilmir. Ancaq Cabbar “Kürdi-Şahnaz” muğamının hansı ildə, hansı ayda, hansı şəraitdə, hansı məclisdə, kimlərin iştirakı ilə təvəllüd tapdığını xəbər verirdi və bu sorağın mötəbərliyini şərtləndirən həm də bu amil idi ki, o yığnaqda Qaryağdıoğlu özü də iştirak etmişdi. Cabbarın özünə ustad saydığı Molla Vəli adında bir oxuyan varmış. Cabbar həmin dəftərdə yazırdı ki, o məclisdə Molla Vəli “Şahnaz” oxudu, təvəqqe elədilər ki, sən “Kürdü”nü də gözəl oxuyursan, bəlkə “Kürdü” ilə “Şahnaz”ı birləşdirəsən? Cabbar şahid durur ki, həmin məclisdə, mənim gözümün qabağında Molla Vəli “Kürdü” muğamıyla “Şahnaz”ı qovuşdurdu, həm də bunu elə ustalıqla elədi ki, sanki bunlar həmişə elə bir yerdə olublarmış. Və “Kürdi-Şahnaz” muğamı həmin gecənin içərisində belə yarandı, sonra başqa xanəndələr də həmin muğamı oxumağa başladılar.

Cabbar Qaryağdıoğlu bütün bunlardan ayrıntıları ilə söz açır, o gecə Molla Vəlinin “Kürdi-Şahnaz”da hansı qəzəlləri oxuduğunu açıqlayırdı.

Cabbarın ərəb əlifbası ilə yazdığı o dəftəri əvvəldən-sonacan latın qrafikasına keçirtdim, mətndəki farsca şeirləri də dilimizə çevirdim və bu mühüm bilgilər insanımıza tez çatsın deyə yubatmadan 1992-ci ildə “Azərbaycan” qəzetində dərc etdirdim, daha sonralarsa geniş təhlillərlə elmi toplulara verdim.

…Üç yüzə qədər Azərbaycan xalq mahnısı ki onların neçəsi bu gün də oxunur, sevilir, dodaq-dodaq ötürülür, gələcəklərdə də həmişə yaşayacaq, onların çoxu bu gün unudulmuş ola bilərdi. Əgər Bülbül vasitəçilik etməsəydi, əgər Cabbar onları oxuyaraq fonovallara yazdırmaq zəhmətini öhdəsinə götürməsəydi.

Cabbar ömrünü sürdü getdi. Cabbarın köksündə onunla bir yerdə o mahnılar da gedəcəkdi, qovuşacaqdı torpağa, qalacaqdı keçmişin altında. Qızıl, ləl-cəvahirat torpağın altında qalır, zaman ötəndən sonra kimsə tapıb üzə çıxarır, sərvət həmin sərvətdir, bəlkə keçmişə nisbətən qiyməti artmış da olur. Mənəvi sərvətlər ötmüş illərin alt qatına gömüləndə, gedən isanların yaddaşında torpaq altına aparılanda onlar daha geri qayıda bilmir, insana qalan gecikmiş təəssüflər olur ki, niyə vaxtında tərpənmədik, xilas edilə biləcək yatırımızı qoruyub-yaşatmaqçün hərəkət etmədik.

Bülbül çox vaxt müsəlmanın sonrakı ağlına saxlanan işləri vaxtındaca görüb. Cabbarı əyləşdirib mikrofon qarşısında, həm onun yalnız köhnə qrammofon vallarının xışıltıları arasından eşitdiyimiz səsindən qat-qat aydın, təmiz olan saatlarla oxusunun bizə çatmasına səbəbkara çevrilib, həm də bu qədər el incisinə yoxoluşdan nicat verib, fonovala yazılmış xalq mahnıları daha heç vaxt qeyb olmaq təhlükəsi ilə üzləşməsinlər deyə onları notlaşdırıb, xeylisini ayrıca kitabda nəşr etdirib.

Bülbül bunu da xatırlayır ki, o üç yüz civarında xalq mahnısını Cabbarın ifasında fonovallara yazaraq Xalq Musiqisinin Tədqiqi Kabinetimiz qəbul edəndən sonra qocaman xanəndəyə qalın bir zərf təqdim elədim ki, belə işlər üçün dövlət vəsait ayırır, buyurun götürün, bu da sizin zəhməthaqqınızdır.

Cabbar Qaryağdıoğlu bu təklifi eşidincə pəjmürdə olur. Qayıdır ki, professor, o pulu mən götürmərəm. Mən sizə öz malımı verməmişəm ki, əvəzində haqq alam. Oxuduğum, sizə təhvil verdiyim mahnılar elinkidir. Mən də eldən götürüb istifadə etmişdim, yenə xalqa qaytarıram ki, gələcəkdə də yaşasın.

Savab işlər görən, millətçün can yandıran Bülbülün xoşbəxtliyi idi ki, belə mələk təbiətli, saf, nurlu, qəlbi və ruhu geniş insanlarla əl-ələydi.

…Bakı küçələri o cür izdihamlı yolasalmaları XX yüzil boyu bir neçə dəfə görüb: əsrin əvvəlində Həsən bəy Zərdabi ilə ayrılanda, cavan yaşında namərd gülləsinə qurban olan Hüseyn Ərəblinskiylə vidalaşanda, Üzeyir bəyi, Səməd Vurğunu itirəndə və bir də Bülbül son səfərinə çıxanda. O vaxt gənc Əli Kərim misraları doluxsunan şeir yazmışdı – özü özünü oxuya-oxuya əbədi səfərə yola salan, öz canlı avazıyla sükut evinə, son mənzilinə doğru gedən, ölümün diriliyini əlindən almaqda aciz qaldığı Bülbülə həsr edilmiş kədər və zəfər şeiri.

İnsan dəryasında bir qayıq kimi

axdı tabutun.

Bu zaman cəh-cəhlə ucaldı səsın,

Ucaldı,

Söylədi: – Qəmi unudun.

Hamı fikrə getdi,

səni dinlədi.

Coşub bir-birinə dedi min könül:

Hamıtək ölümə məruz Bülbülü

Oxuyub dəfn edir ölümsüz Bülbül.

1961-ci il sentyabrın 27-də – Bülbülün vəfatının ertəsi günü onu Fəxri xiyabanda torpağa tapşıracaqdılar. Dəfndən öncə oradaca mikrofonlar quraşdırılmışdı. Matəm mərasimi gedirdi. Vətən ömrü boyu millətin rəmzi olmuş, şirin ana dilimizdə bu yurdun nəğmələrini oxumuş Bülbüllə vidalaşırdı. Ancaq sovet dövrü idi, zamanın rəngi həmin qara gündə də qırmızı idi. Bülbülün matəm mitinqi rus dilində açıldı, rus dilində yekunlaşdırıldı, əvvəldən-sonacan da rus dilində aparıldı. Başqa yerdən gələnlərin rusca danışmasına söz yox, ancaq özümüzdən çıxış edənlər də rusca danışırdı. Onlara bununla bağlı xüsusi göstəriş verilməmişdi. Onsuz da deyilməmişdən hər kəs anlayırdı necə eləmək lazımdır. Zəmanənin, siyasətin tələbi belə idi. Dünyadan gedənimizi ərəbcə yola salmağa bizi əsrlər öncədən alışdırmışdılar. Sovet dövrü də bu sıraya ruscanı əlavə elədi. Amma o dövrün bir başqa ənənəsi də vardı. Obirini deyəndə bunu da yaddan çıxarmayaq. Sözdə bu dövlət fəhlənin-kəndlininki idi. Ona görə də hər yerdə xalaxətrin qalmasın da olsa, fəhləni, kəndlini qabağa buraxırdılar. Hər böyük, kiçik məclisdə əmək qəhrəmanlarına da söz verirdilər. Bülbüllə ayrılıq günü də istisna deyildi. Bir qabaqcıl neftçi də dəvət eləmişdilər ki, ürək sözünü desin. Sovet hökuməti fəhləyə, kəndliyə canı çıxanacan işləməyi öyrədə bilmişdisə də, onun dilini hələ axıracan ruslaşdırmağı bacarmamışdı. Fəhlə olduğuna görə, kəndli olduğu üçün də ona hələ güzəştə gedirdilər. Və Bülbüllə ayrılıq günündə neftçi Fazil Məmmədov da ana dilində danışdı. Oxuduğu bircə nəğmə ilə Azərbaycan neftçisinə yenilməz abidə ucaltmış Bülbülə sonsuz məhəbbətlə danışdı: “Ölüm xalqımızın ən ləyaqətli oğullarından birini – görkəmli nəğməkar Bülbül Məmmədovu sıralarımızdan qopardı. Bu ağır itki Bakı neftçilərini xüsusilə kədərləndirir. Bakı neftçiləri Bülbülü yaxşı tanıyır və çox sevirlər. Bakı neftçiləri unudulmaz Bülbülü bir daha ona görə sevirlər ki, o öz mahnılarında həyatımızın gözəlliyini, vətəni, sovet adamlarının qəhrəmanlığını, əməyini tərənnüm etmişdi. O, sənaye müəssisələri və kolxoz tarlaları zəhmətkeşlərinin, xüsusən Bakı neftçilərinin tez-tez əziz qonağı olardı”.

Qabaqcıl neftçi danışırdı, matəm mərasimindəkilər onu dinləyirdi. Amma o danışdıqca hər kəsin qulağında Bülbülün “Neftçi Qurban” deyən məlahətli avazı əks-sədalanırdı.

O gün rus dilində aparılan həmin vida mərasimində Bülbül özü də oxuyacaq. Bir vaxtlar ustadı Üzeyir bəyin ayrılığına oxuduğu ağı – “Sənsiz”i indi özü üçün oxuyacaq. Oxuyacaq və rus dilində gedən o mərasim ana dil ilə dolacaq. Bayaqdan kimlərin, hansı dildə, nələrisə deməsi uçub gedəcək. Qulaqda, ürəkdə, yaddaşda qalan Bülbülün səsi, Bülbülün ana dili olacaq!..

…Həmin qüssəli ayrılıq gününün astanasında, ölüm gecəsinin heç bir narahatlıq hiss edilməyən axşamında Bülbülün ürəyindən şirin bir arzu keçibmiş. Elə səbəbsiz-filansız, durduğu yerdə birdən deyibmiş ki, kaş indi Cərco qovunu olaydı, yeyəydik. Sözdü, demişdi. Zövcəsi Adilə xanım illər ötəndən sonra da o anları həmişə həm xiffətlə, həm də elə həmin axşamdan bəri soyumayan heyrətlə xatırlayırdı. Danışırdı ki, qəfildən sanki möcüzə baş verdi. Bülbülün yaxın dostu vardı – Hacı Sadıqov. Zəng vurdu ki, bəs mənə iki əla Cərco qovunu gətiriblər, boğazımdan keçməz, istəyirəm birini Bülbülə göndərim. Adilə xanım bunu da söyləyirdi ki, telefon zəngi barədə Bülbülə bir söz demədən dərhal Çingizi çağırıb göndərdim Hacıgilə. Az sonra mən qovunu dilimləyib podnosda Bülbülün qarşısına qoyanda mat-məəttəl qaldı: “Heç təsəvvür eləməzdim, bu ki möcüzədir”, – dedi.

Ömrü boyu möcüzələr yaratmış bir insan adi həyat gözlənilməzliyinə sidq ürəkdən təəccüblənir, bunu əsl möcüzə hesab edirdi. Ancaq o hadisə həmin axşam oldu bitdi, o təhər möcüzəyəoxşar təsadüflərin ömrü çox çəkmir. Dəqiqələr, saatlar, günlər ötür, çılğın təəssürat soyuyur. Bülbülsə səsinin hər gəlişi ilə, hər eşidilişi ilə möcüzədir axı! Bu möcüzə heç vaxt bitməyəcək axı! Nə qədər ki füsunkar Bülbül avazı eşidilir, həmin möcüzə davam edəcək. Əlli il, yüz il, min il, nə qədər bu xalq var, o qədər!..

Şair Süleyman Rüstəmlə Bülbül qonşu idilər, dost idilər, ruh qardaşları idilər. Həmin üzüntülü 27 sentyabr gününün – bu vidalaşmadan öncəki gecəsində Süleyman Rüstəm ürəyinin bütün Bülbül yanğısını təsirli misralara çevirmişdi:

Bülbül, bilir aləm ki, vətən, yurd çəmənindi,

Bağlardakı güllər də, çiçəklər də sənindi.

Biz vəcdə gələrdik o gözəl mahnılarından,

Sən müjdə verərdin elə sənət baharından.

Gəncdin hələ, qəlbinlə, könül nəğmələrinlə,

Bir dost kimi hər vaxt sevinərdik zəfərinlə.

Kim can verəcək, söylə görək, “Sənsiz”ə sənsiz?

Bir an belə sən olmadın ömründə vətənsiz.

İlk gündən, əziz dost, ey qəlbi təmiz dost!

Oldun vətəninçin əziz övlad, heyhat! Yenə heyhat!

Getdin, niyə, dostum, belə erkən aramızdan?

Var oldu ürəklərdə yerin, ey böyük insan.

Ey mahnıların şairi! Ey hər sözü göyçək!

Torpaq ananın qoynuna girsən də oğultək,

Hər an səni xatırlayacaq, məncə, könüllər,

Haqqında sənin söyləyəcək şanlı nəsillər.

Elçün uzun illər yenə Bülbül kimi ötdün,

Bülbül kimi gəldin, yenə Bülbül kimi getdin.

O gündən, o qəmgin hicran saatlarından çox illər keçib. Həmin ağrılı gündə danışanları, köks ötürənləri vaxt özüylə alıb aparıb. Ancaq Bülbülün “Sənsiz” deyən səsi həmin gün necə idisə, bu gün yenə o cür canlı, o təhər təzə, o sayaq doyulmazdır. Və nə qədər ki Bülbülün səsi bizimlədir, Azərbaycanladır, heç vaxt onsuz olmayacağıq.

…O binada ki Bülbül yaşayıb, ora adi məkan deyil. O binanın daimi sakinləri bütün Azərbaycanın tanıyıb sayğı bəslədiyi şəxsiyyətlər idi. Bir vaxtlar hər gün o pillələrlə Üzeyir bəyin məsləkdaşı bəstəkar Müslüm Maqomayev qalxıb-enərmiş, Məmməd Səid Ordubadinin də mənzili oradaymış, Elmlər Akademiyamızın ilk prezidenti Mirəsədulla Mirqasımovun da, Mirzə İbrahimovun da, Ağasadıq Gəraybəylinin də ünvanı bura idi. Bülbülün mənzilində yüz dəfələrlə olmuşam, indi də hərdən-hərdən baş çəkirəm. Hər dəfə o dəhlizdən keçəndə, o otaqlara daxil olanda, indi Bülbülün adını daşıyan eyvana çıxanda düşünürəm ki, hər halda vaxt məsafəsi çox uzaq deyil, hələ məktəbə getmirdimsə də, Bülbülün həyatda olduğu – bu mənzildə addımladığı, burada nəfəs aldığı, burada yaşayıb-yaratdığı, gələcəkdə insanları heyrətləndirəcək möcüzələri bu evin içərisində hazırlayıb yetişdirdiyi çağlarda artıq mən varammış. Yəni bu tarix-adam tarixcə bizdən, sən deyən, uzaq da deyil. 1937-ci ildən ta ömrünün sonunacan – 1961-ci ilin 26 sentyabrına qədər Bülbül burada yaşadı. Və Tofiq Quliyev – Bülbülün yetirmələrindən biri mənə nağıl eləyirdi ki, maestro bəzi dərslərində tələbələri evə dəvət edirdi. Elə otaqlardan birində otururduq. O dərsləri ki danışmalıydı, onları danışırdı, o şeyləri ki öyrətməli idi, onları öyrədirdi, sonra da keçirdi Allah-bəndə söhbətinə. Danışırdı başına gələnlərdən, ömründən keçənlərdən. Qarabağ xanəndələrindən bəhs eləyirdi, Gəncədə ötən günlərini yada salırdı, İtaliya xatirələrini söyləyirdi, ayrı-ayrı qastrollarla, müxtəlif konsertlərlə, cürbəcür çıxışlarıyla bağlı hərəsi bitməsini heç istəmədiyin hekayət kimi maraqlı yaddaşlarını bizimlə bölüşərdi, axırda da saatına baxıb deyərdi ki, “Hə, yükünüz artdı, durun gedin”.

Bu sadə sözlər, Bülbülün oxuları kimi, zahirən adama sadə gəlsə də, bitib-tükənməz gözəlliklər daşıyan ifaları sayaq düşündürəndir. Bülbül varlığıyla, yaratdıqlarıyla, yalnız o zaman tələbələrinə söylədikləri ilə yük artırmırdı. Bülbül bütün doğurduqlarıyla, millətinə yadigar qoyub getdiyi solmaz irslə öz yaşadığı illərdə də, həyatda olmadığı çağlarda, indi bizim var olduğumuz günlərdə də, qarşıdan gülümsəyən gələcəklər içərisində də həmişə yurduna, millətinə yük artırmış və artırmaqda davam edən Vətən yavrusudur.

Nə qədər ki o irs azərbaycanladır, Bülbülün səsi bu yurdla, bu millətlədir, Bülbülün özü də Azərbaycan insanıyla həmişə nəfəs-nəfəsə, ürək-ürəyə qalacaq, Bülbül bütün gələcəklər içərisində də millətin ruhunu gözəlliklə süsləməkdə davam edəcək, demək, yenə iş başında olacaq – Pərvərdigarın ona tapşırdığı millətinin mənəviyyat yükünü artırmaq vəzifəsini davam etdirəcək.

Bu səs Bülbülün səsi, bu səs vətənin səsi,

Nə qədər bu millət var, o səda yüksələsi.

Hər birimizin və bütöv millətin yükünü artıra biləcəklərə elə ehtiyacımız var ki, elə qəribsəyirik ki, onlardan ötrü!..

Gün ötdükcə də onların yeri daha artıq görünür!

 

30 noyabr 2023

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK