83 yaşın işığında: bir ömrün mənası və müəllim adının ucalığı

by Samir Asadli
İnsan ömrü illərlə deyil, cəmiyyətə verdiyi töhfələrlə dəyərləndirilir. Elə simalar var ki, onların keçdiyi həyat yolu bir örnək, gördüyü işlər isə gələcək nəsillər üçün bir yol xəritəsidir. Ömrünün 83-cü baharını qarşılayan ziyalı, pedaqoq Hilal Rza oğlu Əliyev məhz belə şəxsiyyətlərdəndir.
Hilal müəllim ömrünün ən məhsuldar və dəyərli illərini pedaqoji fəaliyyətə həsr edərək Azərbaycan təhsil sistemində özünəməxsus və nümunəvi bir mövqe qazanıb. O, müəllim adını sadəcə peşə kimi deyil, yüksək mənəvi məsuliyyət və müqəddəs missiya kimi qəbul edib, bu adı bütün fəaliyyəti boyu ləyaqətlə daşıyaraq daha da ucaldan ziyalılardan birinə çevrilib. Onun dərs dediyi sinif otaqları yalnız bilik verilən məkan olmayıb, eyni zamanda şəxsiyyətin formalaşdığı, vətəndaşlıq mövqeyinin möhkəmləndiyi bir məktəbə çevrilib. Bu baxımdan Hilal müəllim yüzlərlə şagirdin yaddaşında təkcə müəllim kimi deyil, həm də həyat yolunu müəyyənləşdirən bir bələdçi kimi yaşayır.
Onun xarakterindəki bütövlük, prinsipiallıq, sadəlik və yüksək mədəniyyət Hilal müəllimi əsl ziyalı obrazına çevirib. O, davranışı ilə ətrafına nümunə olub, sözlə əməl arasında daim vəhdət saxlayıb. Həyata baxışı, insanlara münasibəti, ədalətə və doğruluğa sadiqliyi onu cəmiyyətdə hörmət və nüfuz sahibi edib və bu gün də ağsaqqal kimi xüsusi hörmətə sahibdir. Ziyalılıq onun üçün yalnız savad deyil, həm də məsuliyyət, cəmiyyət qarşısında borc və mənəvi dayaq olmaq deməkdir.
Onun həm pedaqoji, həm də ictimai fəaliyyəti bir daha göstərir ki, Hilal müəllim təkcə bir müəllim deyil, bütöv bir məktəb, bütöv bir həyat fəlsəfəsidir. Bu fəlsəfə isə insanlara faydalı olmaq, doğru yolu göstərmək və cəmiyyətə xidmət etmək kimi ali dəyərlər üzərində qurulub. Bu dəyərlər onun həyatının yalnız prinsipi deyil, eyni zamanda əməli fəaliyyətinin əsas istiqamətini təşkil edib.
Müəllimlik sənətini zirvələrə qaldıran, cəmiyyətdə özünə layiqli yer tutan müəllimlərimizdən biri də Hilal Rza oğlu Əliyevdir. O, 20 mart 1943-cü ildə Yardımlı rayonunun Çanaxbulaq kəndində anadan olub. Sadə kənd mühitində keçən uşaqlıq illəri onun xarakterinin formalaşmasında mühüm rol oynayıb, zəhmətə bağlılıq, təvazökarlıq və insanlara hörmət kimi keyfiyyətlər onda erkən yaşlardan özünü göstərib.
1959-cu ildə Sumqayıt şəhərinə üz tutan Hilal Əliyev həyatını bu gənclik şəhəri ilə bağlayıb. Əmək fəaliyyətinə başlayan gənc Hilal əvvəlcə Yaşıllaşdırma idarəsində, daha sonra çörək zavodunda və Sumqayıt Sintetik kauçuk zavodunda elektrik kimi çalışıb. Bu illər onun üçün yalnız iş təcrübəsi deyil, həm də həyat məktəbi olub, onu möhkəmləndirib, məsuliyyət hissini daha da artırıb.
O, istehsalatdan ayrılmadan təhsilini davam etdirərək Sumqayıt Fəhlə-Gənclər məktəbində orta təhsilini başa vurub və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub. Bu seçim onun gələcək taleyini müəyyənləşdirib. 1964-cü ildə hərbi xidmətə çağırılan Hilal Əliyev əvvəlcə Tomsk şəhərində, daha sonra Qazaxıstanda xidmət keçib. 1967-ci ildə ordudan tərxis olunduqdan sonra doğma kollektivinə qayıdıb və təhsilini davam etdirib.
1971-ci ildən pedaqoji fəaliyyətə başlayan Hilal müəllim qısa müddətdə özünü bacarıqlı və məsuliyyətli müəllim kimi təsdiq edib. Onun dərsləri yalnız bilik ötürmək deyil, həm də şəxsiyyət formalaşdırmaq missiyası daşıyıb. Şagirdlərinə riyaziyyatı sevdirə bilən, eyni zamanda onları düzgün həyat yoluna yönəldən müəllim kimi yadda qalıb.
1973-cü ildə direktor müavini vəzifəsinə təyin edilən Hilal müəllim elə həmin ildən başlayaraq 1993-cü ilə qədər məktəbə rəhbərlik edib. Bu illər ərzində rəhbərlik etdiyi təhsil ocağı nümunəvi məktəblərdən birinə çevrilib. Lakin o, heç zaman müəllimliyindən uzaq düşməyib. Daha sonra öz təşəbbüsü ilə rəhbər vəzifəni gənc kadrlara həvalə edərək yenidən müəllim kimi fəaliyyətini davam etdirib. Bu addım onun peşəsinə olan sədaqətinin ən bariz nümunələrindən biri olub. Bu qərar eyni zamanda onun şəxsi ambisiyalardan daha çox, təhsilin davamlı inkişafına verdiyi önəmi də aydın şəkildə göstərib.
1996-cı ildə ona ali kateqoriyalı riyaziyyat müəllimi adı verilib. 2020-ci ildə isə Təhsil Nazirliyi tərəfindən “Əmək veteranı” adına layiq görülməsi onun uzun illər ərzində göstərdiyi xidmətlərin yüksək qiymətləndirilməsi olub.
Hilal müəllim yalnız pedaqoq kimi deyil, həm də söz adamı kimi tanınıb. O, jurnalist fəaliyyəti ilə milli mətbuatda özünəməxsus üslubu ilə seçilib, mütəmadi olaraq müxtəlif qəzet və jurnallarda yazılarla çıxış edib. Xüsusilə “Əsrin Ziyalıları” qəzetindəki fəaliyyəti ilə oxucuların rəğbətini qazanıb, yazıları maraqla qarşılanıb.
Bununla yanaşı, Hilal müəllim ictimai-siyasi proseslərdən də kənarda qalmayıb, ölkənin taleyüklü dövrlərində fəal mövqe nümayiş etdirib. O, azadlıq və demokratiya ideyalarına sadiq qalaraq bu dəyərlərin təbliği və möhkəmlənməsi yolunda öz töhfəsini verib. Vətəndaş mövqeyi ilə seçilən Hilal Əliyev dövlətin inkişafı, milli birliyin gücləndirilməsi və xalqın rifahı naminə hər zaman ön sırada dayanıb, bu istiqamətdə yorulmadan fəaliyyət göstərib. O, Vətəndaş Həmrəyliyi Partiyasının qurucu üzvlərindən biri olub, uzun illər partiyanın Ali Məclisinin üzvü kimi fəaliyyət göstərib. Eyni zamanda Sumqayıt şəhər təşkilatının sədri kimi cəmiyyətin ictimai həyatında fəal iştirak edib, vətəndaş həmrəyliyi ideyalarının təbliğinə töhfə verib. Bu gün də partiyanın sıravi üzvü kimi partiya həyatında fəal iştirak edir.
Uzun illərdir Sumqayıt şəhər Ağsaqqallar Şurasının üzvü olan Hilal müəllim bu gün də öz müdrikliyi və həyat təcrübəsi ilə insanlara yol göstərir. O, hər zaman sadəliyi, səmimiyyəti və prinsipial mövqeyi ilə seçilib, ətrafındakı insanlar üçün nümunə olub. Onun sözündəki səmimiyyət və həyatındakı ardıcıllıq bu gün də onu tanıyanların yaddaşında xüsusi hörmətlə yaşayır.
Onun həyat yoluna nəzər saldıqda aydın olur ki, Hilal Rza oğlu Əliyev sadəcə bir müəllim deyil, bütöv bir məktəbdir. Onun yetişdirdiyi şagirdlər, yazdığı məqalələr, gördüyü ictimai işlər bu gün də yaşayır və gələcək nəsillərə ötürülür.
Bu gün 83 yaşını qeyd edən Hilal müəllim ömrünün mənasını insanlara faydalı olmaqda tapıb və bir ziyalı kimi yadda qalır. Onun həyatı bir daha sübut edir ki, insanın böyüklüyü yaşında deyil, qoyduğu izdədir. Belə ziyalıların varlığı cəmiyyətin mənəvi dayağını möhkəmləndirir və gələcəyə inamı artırır.
Samir Əsədli

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK