Güney Azərbaycanın susdurulan səsi
Mən – Güney Azərbaycanın milli hərəkatında fəaliyyət göstərən bir insan olaraq, bütün dünyaya səslənirəm: İran rejimi sadə, qanuni və insani hüquqlarımızı tələb etdiyimiz üçün bizi susdurmağa çalışır.
Bizim günahımız nədir? Ana dilimizdə təhsil istəmişik. Küçəyə çıxıb öz kimliyimizi qorumağın vacibliyini söyləmişik. Ətraf mühitin məhv edilməsinə etiraz etmişik. Dinc yolla sözümüzü demişik. Ancaq bütün bunlara görə həbsxanalara atılmış, işgəncələrə məruz qalmışıq.
İranın Konstitusiyasında bu hüquqlar açıq şəkildə təsbit olunub. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi də, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt da bizi haqlı sayır. Amma Tehran rejimi nə konstitusiyaya, nə beynəlxalq qanunlara məhəl qoyur. Ədalətli məhkəmə yoxdur, hüquqi təminat yoxdur, azadlıq haqqı yoxdur.
Biz təkcə özümüz üçün deyil, bütün insanlıq üçün danışırıq. Çünki bir xalqın dili yasaqlananda, bu, artıq ümumbəşəri ədalətin təhqiridir. Bir fəalın “mənim haqqım var” dediyinə görə həbs olunması təkcə Güney Azərbaycanın problemi deyil – bütün dünyanın problemidir.
Mən Birləşmiş Millətlər Təşkilatına, beynəlxalq qurumlara səslənirəm: səsimizi eşidin! Bizim siyasi məhbuslarımız dərhal azad edilməlidir. Onlar nə silah götürüblər, nə dövlətə qarşı çıxıblar. Onların “günahı” sadəcə haqqı tələb etmək olub.
Əgər bu gün bizə sahib çıxılmasa, sabah başqalarının da səsini boğacaqlar. Ədalət yalnız bir xalq üçün deyil, bütün bəşəriyyət üçündür.
Mən əminəm ki, BMT-nin və beynəlxalq ictimaiyyətin dəstəyi ilə bu mübarizə sükutla yox, ədalətlə nəticələnəcək.
Dr. N. Gharevi
Vahid Müstəqil Azərbaycan Cəbhəsi adından