Araz Aman, Ayaz Seyfxah, Vədud Əsədi, Məhəmməd Rza Fəqihi, Tahir Nəqəvi, Mahmud Ocaqlı, Kərəm Mərdanə və Mürtəza Pərvin, İran prezidenti Məsud Pezeşkekiana açıq məktub ünvanlayaraq onlara qarşı uydurma iş, işgəncələr, vətəndaş hüquqlarının geniş şəkildə pozulması və ədalətsiz məhkəmə qərarlarının həyata keçirildiyini bildiriblər.
Məktub müəllifləri bildirirlər ki, onlar 2024-cü ildə təhlükəsizlik orqanları tərəfindən koordinasiyalı şəkildə və qanuni çağırış olmadan həbs ediliblər. Müttəhimlərin bir çoxu həbs olunmazdan əvvəl bir-birini tanımırdılar və aralarında təşkilati və qrup əlaqəsi olmayıb.
Bununla belə, təhlükəsizlik orqanları, xüsusilə də Kəşfiyyat Nazirliyi kifayət qədər sənədli sübut və məhkəmə qərarı təqdim etmədən onları “milli təhlükəsizliyə qarşı cinayət törətmək üçün əlbir olmaq”, “casusluq”, “sistemə qarşı təbliğat” kimi ittihamlarla həbs edib, evlərində axtarış aparıb, şəxsi əşyalarını müsadirə edib.
Məktubun digər hissəsində məhbuslar təhlükəsizlik orqanı işçilərinin məcburi etiraflar almaq üçün göstərdikləri güclü təzyiqdən bəhs ediblər. Onlar 20 gündən 40 günə qədər Evin həbsxanasının 209-cu kamerasında karserdə fiziki və mənəvi təzyiqlərə, təhdidlərə və təhqirlərə məruz qaldıqlarını bildiriblər. Müstəntiqlər məhbusları iş icazələrini ləğv etməklə, onları ləkələməklə və hətta ailələrinə təzyiq göstərməklə hədələyərək “tövbə məktubu”, “peşman olduğunu bildirmək” və “kamera qarşısında etiraf”a məcbur etməyə çalışıblar.
“Hətta təklif olundu ki, kamera qarşısında keçmişimizdən peşman olduğumuzu bildirək və bundan sonra qondarma separatçılarla əməkdaşlıq etməyəcəyimizə söz verək.” – deyə məktubda qeyd edilib.
Məktubda müttəhimlərin Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində hakim Səlavətinin sədrliyi ilə ümumilikdə 100 ildən çox həbs cəzasına məhkum edildiyi də qeyd edilib.
Məktub müəllifləri deyirlər ki, iş üzrə hakim müstəqil vəkillərin müdafiəsinə baxmadan və yalnız Kəşfiyyat Nazirliyinin müstəntiqlərinin birtərəfli məlumatlarına əsaslanaraq hökm çıxarıb.
Bununla bağlı məhbuslar iddia edirlər ki, iş üzrə prokuror və prokuror köməkçisi ittiham aktını verməzdən əvvəl iş materialları ilə tanış olmayıb və yalnız Kəşfiyyat Nazirliyinin əməkdaşlarının şifahi izahatları əsasında ittiham aktını imzalayıblar.
İsrail ilə İran arasında baş verən savaş zamanı Evin həbsxanasının da hədəfə alınması və zərər görməsindən sonra məhbuslar kütləvi şəkilkdə Böyük Tehran zindanına köçürülüblər. Hazırda onlar minimum yaşayış və sağlamlıq standartlarına malik olmayan həbsxanada acınacaqlı şəraitdə yaşayırlar.
Məktubun sonunda imzalayanlar Konstitusiyanın Prezidentin millətin hüquqlarını müdafiə etməyi öhdəsinə götürən 121-ci maddəsinə istinad edərək, işlərə müstəqil kollegiya tərəfindən hərtərəfli və ədalətli baxılmasını, təhlükəsizlik orqanlarının qanundankənar hərəkətlərinin dərhal dayandırılmasını, təqsirləndirilən şəxslərin hüquqlarının bərpa olunmasını, işdə rol oynayan zabitlərin və hakimlərin aşkar edilməsini, mövcud qeyri-insani şəraitdə məhbusların dərhal azad edilməsini tələb ediblər.