Hacan Hacısoyun 80 illik yubileyi qeyd olundu

by Samir Asadli

post-imgDünən Yazıçılar Birliyinin Natəvan klubunda məşhur alim, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi, respublikamızın Gürcüstandakı sabiq səfiri, şair Hacan Hacısoyun 80 illik yubileyi qeyd olundu. Hacan Hacısoyun “Var ilə yoxun arası” və akademik Rafiq Əliyevlə birgə yazdığı “Neftçıxarmada qeyri-səlis məntiq” kitablarının təqdim olunduğu toplantıda şairin qələm dostları, alimlər, ziyalılar iştirak edirdilər. 

Tədbiri giriş sözü ilə Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid açaraq Hacan müəllimi yubileyi münasibətilə təbrik etdi və bildirdi ki, hələ 10 il əvvəl təmsil etdiyi qurumda onun 70 illik yubileyini qeyd etmək haqqında qərar qəbul olunub. Lakin təvazökar alim bundan imtina edib. Rəşad Məcid diplomat-şairi Yazıçılar Birliyinin sədri Anar və katib Çingiz Abdullayevin də adından təbrik etdi.

ADNSU-nun professoru, texnika elmləri doktoru Rafiq Əliyev ilk öncə uzun illərdən bəri çiyin-çiyinə çalışdığı Hacan müəllimin yüksək mənəvi keyfiyyətlərə malik alim olduğunu qeyd etdi. Onun sözlərinə görə, tanıdığı müddətdə həmkarını həmişə başı uca gəzdiyini görüb və inanır ki, bundan sonra da bu üstünlüyünü qoruyub saxlamağı bacaracaq. Rafiq müəllimin fikrincə, Tanrı insana adətən verdiklərini balanslı şəkildə verir. Çox nadir insanlar var ki, onlara çox şeylər qismət olur. Bunlar Tanrının sevgisinə tuş gələn insanlardır. Hacan Hacısoy da məhz belə insanlardandır ki, Tanrı ona həm yüksək insani keyfiyyətlər, həm elm, həm diplomatik qabiliyyət, həm də şairlik istedadı verib. Bütün bunlardan başqa, Hacan müəllim olduqca təvazökar, alicənab insandır. Onun bu keyfiyyətləri gündəlik təmaslarda aydın nəzərə çarpır və ona böyük hörmət qazandırır.

Hacan müəllimin yaradıcılığı haqqında söz açan natiq əlavə etdi ki, yubilyar üç kitabın müəllifidir. Türkiyədə çap olunub, Atatürk mükafatına layiq görülüb. O, azad düşüncəli, müstəqil fikirli, ədəbiyyatda öz yolu olan şairdir.

Sonra tədbirin aparıcısı, Yazıçılar Birliyi poeziya şöbəsinin müdiri İbrahim İlyaslı Hacan Hacısoyun poeziyası haqqında bir qədər məlumat verərək bildirdi ki, insanın çox şeyləri – mükafatları, müəyyən statusları ola bilər. Amma şair üçün ən yaxşı təqdimat olun şeirləridir. Ona görə də Hacan müəllimi tanımaq üçün insana müdriklik aşılayan şeirlərini oxumaq kifayətdir.

Görkəmli alim, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru Südeyf İmamverdiyev əsasən Hacan Hacısoyun diplomatik fəaliyyəti üzərində dayanaraq onun öıkəmiz üçün çətin bir dövrdə Gürcüstanda səfir olduğunu, işlədiyi müddətdə Azərbaycanı layiqincə təmsil etdiyini bildirdi. Onun sözlərinə görə, çox yaxından tanıdığı Hacan müəllim öz Vətəninə, dövlətinə və xalqına qəlbən bağlı olan bir insandır və bu müqəddəs amallara həmişə sədaqətlə xidmət edib.

Azərbaycan və Gürcüstanın Əməkdar jurnalisti Şahismayıl Şəmmədoğlu çıxışında iki ölkə arasında münasibətlərin həmişə strateji müttəfiqlik səviyyəsində olduğunu, xüsusən keçən əsrin 90-cı illərində Hacan müəllimin Tbilisidə səfir olarkən əlaqələrin daha da möhkəmlənməsinə böyük töhfələr verdiyini bildirdi. Onun sözlərinə görə, həmin illərdə Hacan müəllim Borçalıda yaşayan soydaşlarımızın həyat və təsərrüfat qayğılarının yüngülləşdirilməsi üçün də əlindən gələni edib, bu məqsədlə Azərbaycandan kömək cəlb olunmasını təmin edib. Eyni zamanda, soydaşlarımızın tarixi yurd-yuvalarını tərk etməsinin qarşısını almaq üçün mütəmadi olaraq görüşlər keçiriblər.

Bundan sonra ADNSU-nun müəllimləri, YAP-ın təmsilçici Zəkiyyə xanım, eləcə də Zəlimxan Məmmədli, tənqidçi Ramiz Göyüşov, şair Rəfael Tağızadə, şair-naşir Elçin İsgəndərzadə və digərləri çıxış edərək şairi 80 illik yubileyi münasibətilə təbrik etdilər. Bildirildi ki, Hacan Hacısoy diplomat kimi nə qədər müdrik fəaliyyət göstərmişdisə, şeirlərində də bir o qədər incə və məsduliyyətlidir. Onun əsərləri ilə tanış olduqca vətənpərvər, milli-mənəvi dəyərləri uca tutan və təbliğ edən, sözün qədrini bilən, ondan məharətlə istifadə etməyi bacaran bir şairlə tanış olursan. Onun şeirlərində heç zaman artıq sözə rast gəlməzsən. Məhz bu xüsusiyyətlərinə görədir ki, Azərbaycanın müstəqillik illərində qarşılaşdığı ağır problemlər, Vətən ağrıları, Qarabağın işğalı şairin şeir və poemalarında ayrıca bir yer tutur. Onun şeirlərindən aydın olur ki, xalqımıza qarşı törədilən ədalətsizliklərlə barışmır, torpaqlarımızın işğalına dözə bilmir, hər dəqiqə əlinə silah götürüb vuruşmağa hazırdır. Torpaqlarımıza qarşı təcavüz onu nə qədər ağrıdırsa, Qarabağın azadlığa qovuşması, ədalətin bərpası şairi ürəkdən sevindirir. Nəticədə isə nikbin poetik nümunələr yaranır.

Biz də “Xalq qəzeti” olaraq şair, diplomat, alim Hacan Hacısoyu 80 illik yubileyi münasibətilə təbrik edir, həyatında və yaradıcılığında uğurlar arzulayırıq!

Paşa ƏMİRCANOV
XQ

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK