Şərqi və Qərbi Azərbaycan əyaltlərinin mərkəzləri bombalanıb

by Samir Asadli

Şərqi və Qərbi Azərbaycan əyaltlərinin mərkəzləri bombalanıb

Təbrizə edilən hava hücumları nəticəsində şəhərin elektrik enerjisi paylaşımında problemlər yaranıb.

Bu barədə yerli mənbələr məlumat yayıb.

Məlumata görə, xüsusən Lalə şəhərciyi, Fəcr və Lalə bölgələrində elektrik enerjisinin verilişi tamamilə dayandırılıb.

Bununla yanaşı ABŞ və İsrail hərbi hava qüvvələri Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinə də yenidən havadan zərbələr endiriblər.

Məlumata görə, şəhərin İmam Əli bulvarı (Qoyun körpüsü) bir neçə dəfə bombalanıb.

Eyni halda Urmunun “Arteş” küçəsində yerləşən dövlət obyeklərinin də 4 raketlə vurulduğu qeyd olunub.

Yerli mənbələr Urmunun Polis Komandanlığının kəşfiyyat bölməsinin də zərbələrə məruz qaldığını bildiriblər.

Həmin ərazinin bir neçə dəqiqə ərzində dəfələrlə hədəf alındığı, şəhər üzərində İsrail qırıcıları və PUA-larının uçduğu bildirilib.

 

Güney Azərbaycan atəş altında

ABŞ, İsrail və İran hakimiyyəti arasında hərbi qarşıdurmanın dördüncü günü fonunda Şərqi Azərbaycan vilayətinin bir neçə şəhərində hava zərbələri ilə bağlı məlumatlar yayılıb. Tehran və bəzi qərb vilayətləri ilə müqayisədə məlumat axını daha məhdud olsa da, yayılan görüntü və şahid ifadələri hərbi və hətta tibbi obyektlərin hədəfə alındığını göstərir.

Yerli mənbələrin yaydığı videolara əsasən, Marağa şəhərində Sepaha bağlı obyektlərə zərbələr endirilib, həmin ərazilərdən qalxan tüstü sütunları müşahidə olunub.

Təbriz şəhəri ilə bağlı məlumatlarda isə şəhərin şimalında yerləşən Sepaha bağlı raket bazasının bombalandığı iddia edilir. Eyni zamanda Səhənd Sənaye Universitetinin yerləşdiyi əraziyə yaxın nöqtəyə zərbə endirildiyi barədə xəbərlər yayılıb. Zərərin miqyası və mümkün itkilərlə bağlı rəsmi açıqlama verilməyib.

Sərab rayonunda təcili tibbi yardım mərkəzi və təcili yardım avtomobillərinin yerləşdiyi məntəqənin zərər gördüyü bildirilir. Şəbistər rayonunun adı da partlayış səslərinin eşidildiyi ərazilər sırasında çəkilir.

Qeyri-rəsmi mənbələr vilayət üzrə onlarla insanın ölümü iddia etsə də, bu məlumatlar müstəqil şəkildə təsdiqlənməyib. İran hakimiyyətinin rəsmi qurumları hadisələrin miqyası və itkilərlə bağlı ətraflı məlumat açıqlamayıb.

Hadisələrin inkişafı davam edir.

 

Sulduzda Polis mərkəzinə hava hücumu edildi

Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) şəhərində bir neçə yer hava hücumlarına məruz qalıb.

Bu haqda yerli mənblər məlumat yayıb.

Məlumata görə, İsrail qırıcılarının şəhər üzərində alçaq məsafədən uçuşlarından sonra çoxsaylı partlayışlar olub,

Dağıntılar və insan tələfatı barədə hələlik rəsmi məlumat verilməyib.

 

İranın Zəncandakı hərbi bazaları ABŞ və İsrail zərbələri altında

ABŞ, İsrail və İran hakimiyyəti arasında davam edən hərbi qarşıdurmanın dördüncü günü fonunda Zəncan vilayətində bir neçə partlayış və hava zərbəsi ilə bağlı məlumatlar yayılıb. Sosial şəbəkələrdə paylaşılan görüntü və şahid ifadələri Sepaha bağlı hərbi obyektlərin hədəfə alındığını göstərir.

Yayılan videolara əsasən, Zəncan şəhərində yerləşən Sepah bazası hava hücumuna məruz qalıb və ərazidə güclü partlayışlar baş verib. Bəzi mənbələr hücum nəticəsində kazarma və inzibati binaların ciddi zərər gördüyünü iddia edir. Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən itkilər və dağıntıların miqyası barədə açıqlama verilməyib.

Eyni zamanda Zəncanda hərbi bölmələrlə əlaqəli olduğu bildirilən sursat anbarına zərbə endirildiyi barədə məlumatlar yayılıb. Ayrı-ayrı paylaşımlarda vilayətdə yerləşən raket bazasının da hədəfə alındığı qeyd olunur. Bu iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Zəncan yolu istiqamətində isə yanaraq məhv olmuş yük avtomobilinin görüntüləri yayılıb. Paylaşım müəllifləri avtomobilin Sepaha məxsus hərbi sursat daşıdığını və raket zərbəsi nəticəsində sıradan çıxarıldığını bildirirlər. Bu məlumat da rəsmi səviyyədə təsdiq olunmayıb.

Digər tərəfdən, Zəncan şəhərində yerləşən və Sepaha bağlı olduğu deyilən “Bəhmən” xəstəxanasının təxliyə edildiyi barədə xəbərlər yayılıb. Qeyri-rəsmi mənbələr müəssisənin ətrafında yaşayan sakinlərə ərazini tərk etmələri barədə xəbərdarlıq edildiyini iddia edirlər. Təxliyənin səbəbləri və hərbi hadisələrlə mümkün əlaqəsi barədə rəsmi məlumat yoxdur.

Bununla yanaşı, Zəncanın adı hava hücumundan müdafiə sistemlərində mümkün nasazlıq və ya yanlış atəşlə bağlı bəzi məlumatlarda da çəkilir. Lakin bu məlumatlar da hələlik təsdiqlənməyib.

Hadisələrin inkişafı davam edir. Rəsmi qurumların mövqeyi açıqlandıqca əlavə məlumat təqdim olunacaq.

 

Şərqi Azərbaycana hava hücumu nəticəsində 37 nəfər ölüb

Şərqi Azərbaycan əyalətinin Təbriz, Sarab, Marağa və Şəbistər şəhərlərinə edilən hava hücumları nəticəsində 37 nəfər həyatını itirib.

Bu barədə “Təsnim” xəbər agentliyi məlumat yayıb.

Ən çox ölü sayının 10 nəfər olmaqla bazar günü Marağada hərbi bazalara olan hava hücumunda qeydə alınıb.

Rəsmi məlumatda həlak olanların kimliyi barədə açıqlama verilməsə də, uerl mənbələr onların hərbçi və SEPAH üzvü olduğunu iddia edirlər.

 

Urmuda məhkəmə binası hədəfə alındı

Daxil olan məlumatlara əsasən, Qərbi Azərbaycan ostanının Urmu (Urmiyə) şəhərində yerləşən İnqilab Məhkəməsi və Ümumi Məhkəmə binası qısa müddət əvvəl hücuma məruz qalıb.

Yerli mənbələrin bildirdiyinə görə, hadisə Valfəcr küçəsində baş verib. Partlayış səsləri ətraf ərazilərdə eşidilib və dərhal sonra təhlükəsizlik qüvvələri hadisə yerini mühasirəyə alaraq giriş-çıxışı məhdudlaşdırıb.

Hazırda hücumun növü, eləcə də mümkün dağıntılar və itkilər barədə rəsmi məlumat açıqlanmayıb. İran hakimiyyəti də hadisə ilə bağlı hələlik hər hansı açıqlama verməyib.

 

Ərdəbildə “Bəsic” meydanı və Sepaha bağlı obyekt vuruldu

Sepaha bağlı hərbi obyektlərə qarşı davam edən hava zərbələri fonunda bu gün Ərdəbil şəhərindən də məlumatlar yayılıb. Yerli mənbələr və sosial şəbəkə istifadəçilərinin bildirdiyinə görə, şəhərin “Bəsic” meydanı ərazisində yerləşən və Sepaha bağlı olduğu deyilən obyekt hədəfə alınıb.

Bəzi paylaşımlarda sözügedən obyektin tamamilə sıradan çıxarıldığı iddia olunur. Hadisə yerindən yayılan məlumatlarda partlayış səslərinin eşidildiyi qeyd edilir. Lakin dağıntıların miqyası və mümkün itkilərlə bağlı rəsmi açıqlama verilməyib.

Hadisə ilə paralel olaraq Ərdəbil şəhərində, o cümlədən imam musallası qarşısında müxtəlif istiqamətli toplaşmaların keçirildiyini əks etdirən görüntülər yayılıb. Paylaşımlarda bu toplaşmaların xarakteri ilə bağlı fərqli qiymətləndirmələr yer alır.

Sosial mediada Ərdəbilin raket infrastrukturu olan şəhərlərdən biri kimi göstərildiyi də vurğulanır. Bununla belə, raket mərkəzlərinin birbaşa hədəfə alındığına dair müstəqil təsdiq yoxdur.

Hadisə ilə bağlı İran hakimiyyətinin mövqeyi hələlik açıqlanmayıb.

 

Urmuda polis mərkəzi bombalandı

Gecə yarısı yerli vaxtla saat 02:13-də Urmu şəhərinin Polis Qüvvələrinin kəşfiyyat binasına hava zərbələri endirilib.

Bu abrədə yerli mənbələr məlumat yayıb.

Məluamta görə, güclü partlayışın səbəbindən ətraf bölgələrdə də evlərin şüşələri qırılıb.

Hadisə yerinə çox sayda ambulans cəlb olunub, bölgə mühasirəyə alınıb.

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK